Ukraynanın Zaporojye şəhərində yaşayan 11 yaşlı Həsənin dörd gün əvvəl Slovakiya sərhədinə qədər olan yolu təkbaşına qət etməsi sosial şəbəkələrdə gündəm olmuşdu.
Əlinə yazılmış bir telefon nömrəsi, çantası və pasportu ilə ağlayaraq, çaşqınlıqla müharibədən qaçanların cərgəsinə qoşulan uşağın görüntüləri yayılmışdı.
Məlum olub ki, bu, atası suriyalı olan Həsənin müharibənin dəhşətindən ikinci qurtuluşudur. 10 il əvvəl də o, anasının qucağında ikən Suriyada vətəndaş müharibəsindən qurtulubmuş.
Xəstə anasına baxdığı üçün uşağı Slovakiyaya tək yola salmağa məcbur olan anası Yuliya Piseçka göz yaşları ilə ukraynalı uşaqlara sığınacaq verilməsini xahiş edib.
Slovakiyaya təkbaşına gedib çıxa bilən Həsən hazırda bacısının yanındadır, onlar Ukraynada qalan analarına qovuşmaq arzusu ilə yaşayırlar.
Qeyd edək ki, kilometrlərlə yolu təkbaşına qət edən Həsən cəsarətinə görə Slovakiya Daxili İşlər Nazirliyi tərəfindən “qəhrəman” elan edilib.
Mənbə: TRT Haber