Logo

ABŞ səfirliyi 2022-2024-cü illər üçün GIPA jurnalistika üzrə magistr proqramını elan edir

13.03.2022 16:23 602 baxış
IMG

ABŞ səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GIPA) Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin jurnalistika və media əlaqələri üzrə magistr proqramına tələbə qəbulu elan edir.

ABŞ səfirliyindən bildirilib ki, proqram üzrə dərslər ABŞ, Avropa İttifaqı, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram ABŞ-ın Dövlət Departamenti tərəfindən maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda medianın gücləndirilməsidir.

Beş və ya altı azərbaycanlı namizəd 2022-ci ilin sentyabrından 2024-cü ilin iyununa qədər dörd semestr ərzində təklif olunacaq proqram üçün seçiləcək.

Proqrama jurnalistika, media, kommunikasiya, qrafika, fotojurnalistika, məzmunun işlənib-hazırlanması və digər əlaqəli sahələrlə maraqlanan tələbələr müraciət edə bilər. Tələbələr 2022-ci ilin sentyabr ayından 2023-cü ilin dekabr ayına kimi Tbilisi şəhərində GIPA-da oxuyacaqlar. 2024-cü ilin may ayında isə onlar diplom işlərini müdafiə etmək üçün yenidən instituta qayıdacaq. GIPA-da təhsil aldıqları zaman tələbələrin kompüter, radio və video avadanlıqlarından, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr “Brosse Street Journal” nəşrində həm çap, həm də internet versiyasını hazırlayacaq və GIPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaq.

Çap və teleradio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və əldə edilmiş təcrübə prinsipləri üzərində qurulub və faktlara əsaslanan peşəkar xəbərin çatdırılmasını nəzərdə tutur. Burada, həmçinin idarəçilik üsullarına, iqtisadiyyat və hüquq fənlərinin tədrisinə diqqət ayrılacaq.

Müsabiqədən keçmək üçün namizədlərdən yüksək səviyyədə ingilis dili biliyi tələb olunur.
ABŞ-ın Bakıdakı səfirliyi ehtiyacı olan tələbələrin Gürcüstanda oxuduğu müddətdə təhsil və yaşayış xərclərini maliyyələşdirəcək.

Qəbul üçün prosedur: Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibədən uğurla keçmək.
Sənədlər mayın 1-dək qəbul edilir.

Əlavə məlumat əldə etmək və ya sənədlərin göndərilməsi üçün [email protected]  ünvanı ilə əlaqə saxlamaq olar. Elektron poçtda mövzu sətrində GIPA-2022 yazılmalıdır.
GIPA proqramına tələb olunan sənədlərin siyahısı:

1. Ərizə forması
2. Tövsiyə məktubları
3. Təhsil məqsədləri haqqında bəyanat
4. Diplomların surəti
5. Diplom əlavələri
6. Şəxsiyyət vəsiqəsinin və ya pasportun surəti

Qeyd: 2022-ci ildə universiteti bitirmiş, lakin diplomlarını vaxtında ala bilməyən məzunlar proqramda iştirak edə bilərlər. Onların avqustun 15-dək diplomlarını qəbul komissiyasına təqdim etməsi şərtdir.

Xəbər lenti