Logo

Dövlət qulluğu üzrə test imtahanının nəticələri ilə bağlı apellyasiya təşkil ediləcək

13.03.2022 18:28 496 baxış
IMG

Martın 13-də Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirib.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanda 74 nəfər iştirak edib. İmtahanın nəticələrinə əsasən, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 1 nəfər, AC2 altqrupu üzrə 3 nəfər, AC3 altqrupu üzrə 5 nəfər, AC4 altqrupu üzrə 3 nəfər olmaqla, ümumilikdə 14 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Bir nəfərdə mobil telefon və xüsusi ötürücü qurğu aşkar edildiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikat 5 il qüvvədə olur.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün martın 14-dən aprelin 1-dək Dövlət İmtahan Mərkəzinin portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıda qeyd edilən sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

-ali təhsil haqqında sənədin surəti;

-əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs burada nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası martın 14-16-da saat 14:00-dan 17:00-dək DİM-də fəaliyyət göstərəcək.

Xəbər lenti