Logo

Məmməd Səid Ordubadinin 150 illik yubileyi qeyd olunub

13.03.2022 19:17 481 baxış
IMG

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda görkəmli yazıçı, publisist, ictimai xadim Məmməd Səid Ordubadinin 150 illik yubileyinə həsr olunmuş “Ürəklərdə yaşayan sənətkar” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, AYB və M.S.Ordubadinin xatirə muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbiri muzeyin direktoru Lalə Abaszadə açaraq M.S.Ordubadinin 150 illik yubileyi münasibətilə ölkəmizin hər yerində silsilə tədbirlərin keçirildiyini qeyd edib. Yazıçının yaradıcılığından söz açan L.Abaszadə muzeyin bununla əlaqədar hazırladığı tədbirlər planından danışıb.

Tədbirdə Xalq yazıçısı Çingiz Abdullayev, filologiya elmləri doktorları - Himalay Qasımov, Vaqif Yusifli, Təyyar Cavadov, dosent Qüdrət Umudov, şairə-publisist Zərəngiz Dəmirçi və başqaları çıxış edərək ədibin zəngin və çoxşaxəli irsindən söhbət açıblar.

Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi kimi tanınan ədibin həyat və yaradıcılığından danışan natiqlər bildiriblər ki, M.S.Ordubadinin “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər”, Qanlı sənələr” və ömrünün son illərində qələmə aldığı “Qılınc və qələm” romanları uzun illər Azərbaycan oxucularının sevdiyi, dönə-dönə mütaliə etdiyi əsərlərdir. Həmin əsərlər haqqında ədibin sağlığında da, ölümündən sonra da xeyli məqalələr qələmə alınıb. Böyük yazıçının əsərlərinin əksəriyyəti bu gün də öz aktuallığını qoruyub saxlayıb, yazıçının böyük dünyagörüşündən və bənzərsiz istedadından xəbər verir.

Tədbirdə “Məmməd Səid Ordubadi: Həyatım və mühitim”, “Familiyamız”, “Məzhəb və Təriqət mübarizəsi”, “Şeir və ədəbiyyatın qiyməti”, “İpək ticarəti”, “Mən ipək zavodunda”, “Qəflət”, “Culfada”, “İyul günləri”, “Naxçıvan həbsxanasında” və sair əsərləri haqqında da söhbət açılıb.

Xəbər lenti