Tehsil.biz Kulis.az-a istinadən Orxan Həsəninin ““Pera Palas”da axşamüstü” yazısını təqdim edir.
Keçən həftə “Flora Hostel Baku”dan yazanda düşünmüşdüm, məkanların da insanlar kimi canlı-qanlı, hərəkətli yaddaşı var. Hərdən-hərdən Bakının köhnə fotolarına, təkəmseyrək videolarına diqqət kəsilirəm və insanların əyin-başına, yerişinə, addımı addım dalınca atışına, əlləri cibində bulvarda eləcə veyil gəzişinə baxıram. Onları süzdükcə-süzür, neqativə həkk olan zamanı bütün varlığımla duyur, eninə-uzununa zaman dediyimiz nəhəng fərqin önündə təslim dayanıram. Bu epizodlar başqa, paralel aləmdən bu günə süzülən qırıq-qırıq işıq xətlərini xatırladır. Məkanlar eyni olsa da, zaman eyni deyil və şəkillərə diqqət kəsildiyim andaca birdən görünməz baryerlər uçulur, özümü fotonun içində dolaşan tapıram və ayaqlarım gerçəklik təkindən açılıb havalanır. Məni bu cazibəli aləmin içində gəzdirən sirrin məkanların ruhuna hopan canlı-qanlı, hərəkətli yaddaş olduğunu zamanla hiss etmişəm. Bu adı bilinməz, dadı duyulmaz sirr görünməz gözlərini daim açıq saxlayır və gördüyü hər nə varsa, onu alıb özünə qatır, özündən parçaya çevirir.
Məkanlar və insanlar arasındakı oxşarlıq çoxdanın söhbətidir.
Xüsusilə, otellər. Hərdən mənə elə gəlir, otellərdə gecələyən adamların siması divarların canına hopub daim bizə gülümsəyir. Köhnə tanışlıq göz vurur. Bu tanışlığın əsrar dumanına girmək, sənətin dişinə çəkiləsi xeyli material tapmaq lap ürəkdəndir.
Çəkilişləri oteldə baş tutan filmləri həmişə sevmişəm. Belə filmlərin ən gözəli amerikalı rejissor, ekssentrikliyi və unikal vizual üslubları ilə tanınan Ves Andersonun “Böyük Budapeşt oteli”dir. “Böyük Budapeşt oteli”ni digərlərindən fərqi hekayənin xəmir kündəsi kimi məkanın ruhuna yayılması, beləcə məkanın obraz səviyyəsinə qalxması, dramatik sistemin onurğasını hadisələrin axdığı yerin təşkil etməsidir. Ümumiyyətlə, Ves Andersonun rəngli dünyasından sızan işıq mənim gözlərimi, gənc şairlər demiş, həmişə qamaşdırıb. Bu dünyada vizual aləm elə xırda və dəqiq cizgilərlə qurulur ki, obrazların hərəkəti sirri pozmasa, elə biləcəksən, gözəl və əhatəli rəsmə baxırsan.
Son günlərin aktiv müzakirə mövzusu olan ““Pera Palas”da gecə yarısı” serialı da bizi eyni atmosferin içinə atır. Filmlər və ya kitablar haqqında yazarkən filmə baxdığım və kitabı oxuduğum zaman beynimin içində baş verən proseslərə, ani dəyişikliklərə diqqət kəsilməyi sevirəm. Bizə təsir edən, bizi dəbərdən nələrdir?
““Pera Palas”da gecə yarısı” izləyiciyə əvvəl-əvvəl öz hekayəsi ilə nəfəs verir. Maraq tellərini dik saxlayıb diqqəti cəlb edir. Yüngül tempdə başlayan və hərdən-hərdən gərgin tonlara qalxıb düşən hava serialın qurduğu alternativ aləmi 8 bölümdə həzmi-rabeyə rahat ötürür.
Hazal Kayanın həyat verdiyi gənc jurnalist Esra Köksüz tarixi Pera Palas otelindən reportaj hazırlamalıdır. Ol səbəbdən Pera Palasa göndərilən Esranı otel müdiri Əhməd bəy qarşılayır və ona otaqları gəzdirib kiçik, tarixi ekskursiya keçir. Kimlərin ayaq izi yoxdur burada? Yazıçılar, generallar, politiklər və dövrün elitası. Detektiv romanların fanatı Esra xanım Aqata Kristinin bir zamanlar gecələdiyi və məşhur əsəri “Şərq ekspressində qətl”i yazdığı 401-ci otağı görəndə xeyli sevinir. Burada onu müəllifin yazı makinası və xələti qarşılayır. Gəzilən otaqların siyahısında Mustafa Kamal Atatürkün hərdən-hərdən qaldığı və ona aid əşyaların sərgiləndiyi otaq da sapsağlam durur. Əhməd bəy Mustafa Kamal Paşanın otağındakı əşyalar haqqında danışır və Esra xanımın diqqətini bir dəsmal cəlb edir. Serialın hələ ilk səhnələrindən ümumi atmosferə keçid baş verir. Əhməd bəy Mustafa Kamal Paşaya aşiq olan Peride adlı xanımdan yarı əfsanə, yarı gerçək əhvalat nəql edərkən məlum olur ki, Peride xanım 1919-cu ildə Mustafa Kamal Paşaya qarşı hazırlanan sui-qəsdin qarşını almışdır. Beləcə, Paşa gəmi ilə əyalətə gedib sonradan Türkiyəni işğaldan xilas edən müqavimət hərəkatını təşkilatlandırmış və ona başçılıq etmişdir. Vida anında Peride Mustafa Kamal Paşaya dəsmalını bağışlamışdır. Bu kiçik hadisə Türkiyə Cümhuriyyətinin tale yolunun müəyyən olunmasında incə xətlərdən biridir.
Əhvalatları acgözlüklə dinləyən, ekskursiyanın içində ilim-ilim itən Esra xanım üçün nəhayət günün sonu gəlmişdir. Lakin yağış yağır və ətrafda taksi gözə dəymir. Otel müdiri Əhməd bəy Esra xanıma bir gecəlik Pera Palas otağı təklif edir. Gənc jurnalist razılaşır. Jurnalist olasan, razılaşmayasan? Mümkün iş deyil!
O bir gecə heç bitməyəcək!
Esra təsadüfən tarixi otaqlardan birinin 1919-cu ilə açılan qapı olduğunu kəşf edir. O, keçmişə səyahət edir və modern Türkiyənin qurucusu Mustafa Kamal Atatürkə qarşı sui-qəsd prosesinin düz ortasına düşür. İndi Esra otel müdiri Əhmədlə birlikdə türk tarixinin axınını və gələcəyini qorumalıdır. Ancaq Esra İstanbulun çılğın gecə klubunun sahibi, yaraşıqlı, sirli Halitlə qarşılaşan kimi 1919-cu ilin İstanbulunda heç nəyin göründüyü kimi olmadığını anlayır.
Esra Köksüz Mustafa Kamal Atatürkə sui-qəsdin qarşısını ala biləcəkmi? Serial daim bu gərgin sualın cavabını axtarır və izləyicini özünə asanca bağlayır.
İlk səhnələrdən sirli-sehrli, üzərində tarixin tozu hələ silinməmiş cazibəli “Pera Palas” obrazı ağır ayaqlarını sürüyə-sürüyə səhnəyə çıxır. Bu əzəmətin qarşısında ancaq təzimdə dayanmaq olar.
Xarakter yaratmaq bacarığı texniki məsələdir. Bəzən sevdiyimiz əsərləri bizə sunduğu xarakterlər ilə mənimiz arasındakı oxşar cəhətlərlə sinəmizə sıxarıq. İlk tələblərdən biri yaratmaq istədiyin xarakteri nəyəsə münasibətdə göstərməkdir. “Yaxşılar” və “pislər” prizması buna primitiv misaldır. ““Pera Palas”da gecə yarısı”ında “Pera Palas” xarakteri (sirli, zamanlar arası səyahətin mərkəzi, əhatli tarixi və s.) ilə Esra Köksüz xarakterinin bir-birinə münasibətdə açıldığını, ruh qazandığını görürük.
Əhməd bəy “Pera Palas” haqqında rəvayətlərdən və tarixi faktlardan danışarkən, Esra Köksüzü otaqlarla, əşyalarla tanış edərkən Esranın sevinci, təəccübü, ümumən, davranışları xarakterinin informasiyalara münasibətdə tezliklə açılmasına səbəb olur.
Onu iki “T” ilə göstərə bilərik: Tənha və Təntik.
Esra Köksüz yalqızdır. Ulu ideallar arzusundadır, ancaq heç kim ondan böyük şeylər istəmir. Yiyəsiz qalan arzuları onu boş təəssüfün içində veyil gəzdirir. Valideynləri yoxdur, kimsəsizlər evində böyüyüb, insan münasibətlərinin dərinliyindən qaçır, həyatı üzdən yaşayır və onu həyata bağlayan tək-tük şeylərdən biri işidir. Yazdığı məqalələr, reportajlar isə çox zaman baş redaktorun ürəyindən olmur. Adi yaşamaq istəməyən, daim yeni üslub, yeni dünya görüşü arxasınca qaçmağa, ən adi şeyləri də başqalarından fərqli görməyə çalışan Esra Köksüzün bu niyyəti ona heç nə qazandırmır. İnsanlar gənc jurnalistdən hamı kimi olmağı, hamı kimi yazmağı istəyir. Reallığın Esra obrazına kifayət etmədiyini təxmin edirik. Ol səbəbdən hadisələrin fiksiya üzərində qurulması və mərkəzində belə bir xarakterin yer alması məqbuldur.
““Pera Palas”da gecə yarısı” hadisələri reallıq bünövrəsinə oturdub qurmaca uydurur. Real tarixi şəxsiyyətlər, real tarixi məkanlar, lakin bunları bir-birinə bağlayan, dramatik onurğanı təşkil edən düyün fantastika. Beləcə şüuru aldadır, onu yüngülcə dolayır. Hadisələrin düzümü bizi çaşbaş qoyur.
Keçmişə rəngli, anoxranik münasibəti hər zaman sevmişəm. Məhz Tarantinonun “Şərəfsiz əclaflar” (Inglourious Basterds) filmində Hitlerin öldürülməsi kefimə bir o qədər dəyməmişdi. Sənət öz reallığını yaratmalıdır. Və bu reallıq bizim içində olduğumuz, havasını udduğumuz reallığın qayda qanunları və tələbləri ilə uzlaşmaya da bilər.
““Pera palas”da gecə yarısı” serialı üç əsas bünövrə üzərində dikəlib:
Vətən
Vətəndaş
Lider
Üç bünövrəni də simvolik olaraq üç obraz ilə eyniləşdiririk.
Vətən – “Pera Palas” oteli
Vətəndaş – Esra Köksüz
Lider – Mustafa Kamal Atatürk
Birinci: Vətən – “Pera Palas” otelindən başlayaq:
Pera Palas otelinin hekayəsi 19-cu əsrin sonlarında başlayıb. “Orient Express” 1888-ci ildə Paris-İstanbul reyslərinə başlayanda İstanbulda “Orient Express” sərnişinlərinin öyrəşdiyi yüksək standartları təklif edə biləcək otel yox idi. Bu boşluğu 1892-ci ildə təməli qoyulan Pera Palas oteli doldurdu və açılış balı 1895-ci ildə keçirildi. Otel mədəni və ictimai fəaliyyətlərinə görə “Kiçik Avropa” ( Kiçik Asiya) olaraq tanınan Peranın Tepebaşı bölgəsində yerləşir, Qızıl buynuzun möhtəşəm mənzərəsinə açılırdı.
Otel iyirminci əsrin əvvəllərindən parlaq dövr keçməyə başlamışdı. Pera Palas oteli eyni zamanda ədəbi əsrlərdə də görünürdü. Məsələn, Ernest Heminqueyin "Kilimancaro qarı" adlı hekayəsində baş qəhrəman yazıçı Harri Birinci Dünya Müharibəsində müttəfiqlər tərəfindən İstanbulun işğalı zamanı hərbi xidmətdə olarkən “Pera Palas” otelində gecələmişdi. Qrem Qrinin 1969-cu ildə yazdığı “Xaylamla səyahətlər” romanının baş qəhrəmanları Henri Pullinq və xalası Auqusta Bertram İstanbul macəraları zamanı Pera sarayında yaşayırlar. Eyni zamanda serialda obraz kimi qarşımıza çıxan detektiv yazıçı Aqata Kristinin 1934-cü ildə çap olunan “Şərq Ekspressində qətl” romanını bu oteldə yazmışdır.
“Pera Palas” siyasi-ictimai mühiti ilə dövrün türk elitasının açıq mənzərəsini göstərir və dövr haqqında təsəvvürlərimizə işıq tutur. Belə ki, hadisələrin əksəriyyəti bu otelin divarları arasında cərəyan edir. Oteldəki Türkiyə klassik Türkiyəyə bənzəmir. Burada hər şey Avropa standartlarına uyğundur, modern və avropavaridir. Məhz Atatürkün yaratmaq istədiyi modern Türkiyə də bu prinsiplər üzərində inşa olunmalıydı. Şərq təfəkkürünü ruhuna oturdan ağır və xəstə Osmanlı bu prinsiplər ilə yenidən, Türkiyə Cümhuriyyəti formasında təşəkkül tapacaqdı. Pera Palas Oteli serialın alt mətnində modern Türkiyənin simvolizə edir.
İkinci bünövrə: Vətəndaş – Esra Köksüzdür.
Esra Köksüz serialın başlarında öldürülən Peridenin yerinə keçir (hər ikisini eyni aktyor canlandırır) və baş verəcək sui-qəsdin qarşını almaq üçün əlindən gələni edir. Həm müxtəlif zamanların içində azır, həm də sirr pərdələrini cıra-cıra modern Türkiyənin qurucusu olan Mustafa Kamal Atatürkü qorumağa çalışır. Buna səbəb Paşanın İstanbulu gəmi ilə tərk edib müqavimət hərəkatını təşkilatlandırması və sonradan cümhuriyyəti elan etməsidir. Milli təəssübkeşliyi içində yaşadan Esra Köksüz üçün bu tarixin axarını özünə qaytarmaqdan çox vətəndaşlıq borcudur. O, vətəndaşlıq borcunu yerinə yetirməklə əslində əvvəlki həyatında (XXI əsrdə) sahib olduğu dövlətçiliyini itirməmək üçün çalışır. Serialın bölümlərindən birində gənc jurnalist 1942-ci ilə yolçuluq edir. Bu alternativ reallıqda Atatürkə qarşı sui-qəsd olmuş, müqavimət hərəkatı baş tutmamışdır. İstanbulun işğalı hələ davam edir. Şəhərin küçələrində ingilis dilli şüarlar asılmışdır və türk dilində danışmaq qadağandır. Corc Oruelin “1984” romanındakına bənzər antiutopik cəmiyyətdə türkcə danışanların hamısı həbsə atılır, sıxışdırılır. Türklər küçələrdə dilənir, acınacaqlı həyat sürürlər. Serialın alt mətni Atatürkün tarixdən yox olmasını Türkiyənin yox olması ilə bərabərləşdirir və bu “vətəndaşa” – Esra Köksüzə liderin yaşaması və sağ qalması, tarixin öz axarı ilə getməsi üçün stimul verir.
Üçüncü bünövrə: Lider – Mustafa Kamal Atatürkdür.
Serialda Hakan Dinçkolun canlandırdığı Mustafa Kamal Paşa obrazı cəmi üç səhnədə görünür. Onlardan biri ilk bölümdə “Pera Palas” otelinin zalında baş tutan baldadır. Birdən-birə 1919-cu ilə qayıdan gənc jurnalist Mustafa Kamal Paşanı görən kimi əldən ayaqdan gedir. İkinci səhnə Esra Köksüzün sui-qəsd xəbərini yazıb qeyd kimi İspan qripinə yoluxan Paşaya göndərdiyi səhnədir. Paşanın osmanlıca yazıya və üsluba aşina köməkçisi qeydin dilini tanımır və birbaş komandirinə təqdim edir. Mustafa Kamal Paşa isə qeydə diqqət kəsilir və üzü sevincək deyir: “Bu, türkçədir.
Üçüncü səhnə isə finalda...
Hər dövr öz liderini yaradır. Elə liderlər var ki, dövrü yaradırlar. Atatürk dövrü, dövləti yaradan şəxsiyyətdir. Onun modern Türkiyənin yaranmasında və təşəkkülündə xidmətləri əvəzsizdir. Serialda obraz kimi cəmi üç səhnədə görünməsinə baxmayaraq bütün hekayə onun üzərində və ətrafında baş verir. Film sanki 1919-cu ili bu günün gözü ilə göstərir və türk xalqının öz ideoloji rəhbərinə sədaqətini və məhəbbətini sulu, bayağı intonasiyadan uzaq şəkildə nümayiş etdirir.
““Pera Palas”da gecə yarısı” ilə paralel üç mətn var.
Vuddy Allenin “Parisdə gecə yarısı” filmi.
Çarles Kinqin ““Pera Palas”da gecə yarısı, Modern İnstanbulun doğuşu”.
Baran bo Odar ve Jantje Friesin yaratdığı, məşhur Netflix serialı “Dark”.
Serialın onurğası məşhur rejissor və yazıçı Vuddy Allenin “Parisdə gecə yarısı” filmindən qopmadır. Filmdə yazıçı olmaq istəyən, lakin Hollivud üçün ssenari yazmaqdan özgə əlindən iş gəlməyən Gil Pender obrazı bal ayı üçün Parisə uçur və içindəki idealizm onu bir anda 1920-ci illərin Parisinə aparır. Məhz bu illərdə Paris dünyanın mədəni mərkəzi idi. Heminqueylər, Fitzgeraldlar, Tomas Eliotlar, Pikassolar, Salvador Dalilər və kimlər… kimlər. Gil yazıçılarla görüşür, onlardan sənət məsləhətləri alır, yenidən aşiq olur, bəh-bəhlə oxuduğu sənətkarların həyatına şahidlik edib sevinir. ““Pera Palas”da gecə yarısı”ından fərqli olaraq “Parisdə gecə yarısı” dəyişən tarixi faktı yenidən əvvəlkinə qaytarmaq üçün çalışmır. Bu detal serialın ana sütununu təşkil etmir. “Parisdə gecə yarısı” filmində əsas obrazın qayəsi mənəvi təkamülü, arzuları arxasınca yorulmadan mücadələsi və həyatında kiçik dəyişikliklərin onu aydınlığa aparmasıdır.
Çarles Kinqin ““Pera Palas”da gecə yarısı, Modern İnstanbulun doğuşu” kitabı seriala adaptasiya olunmuşdur. Kitabda 1920-ci illərin İstanbulundan bəhs edən müəllif şəhərin elit məkanlarından tutmuş, arxa məhəllələrinəcən geniş topoqrafik mənzərələri araşdırmış, günümüzün oxucuları üçün əlçatan etmişdir. Serialda Atatürkün dialoqlarla, səhnələrlə idealizə göstərilməsi, çox güman, türklərin kemalizm düşmanı dediyi Çarles Kinqə cavab niyyəti daşıyır.
Son paralel mətn çox sevdiyim Netflix serialı “Dark”dır. Məhz bu serialın zamana münasibətinin ““Pera Palas”da gecə yarısı”nda işartıları görünür. “Dark” serialında Almaniyanın kiçik Vinden şəhərində itkin düşən uşaqların hekayəsini izləyirik. Bu itkidən sonra 4 ailənin bir-birləri ilə qəribə münasibətləri açılır. İnsanların əslində göründüklərindən fərqli həyatlar yaşaması və bu gün baş verənlərin köklərinin əvvəlki illərə dayanması. “Dark”dakı mağaranı ““Pera palas”da gecə yarısı”nda otelin otaqları əvəz edir. Hər iki film zamanla ünsiyyətdə olduğundan, təxminən, eyni paradokslar özünü göstərir. ““Pera Pala”sda gecə yarısı”nın son seriyası isə birbaşa “Dark” havasını hiss etdirir.
İnkişaf etmiş ölkələr öz tarixlərini və mədəniyyətlərini marketinqini qurmağı bacarırlar. İndi muzey kimi istifadə olunan “Pera Palas” oteli ““Pera Palas”da gecə yarısı” serialından sonra hamının dilinə düşüb və gediləsi, gəziləsi yerlərdən birinə çevrilib. Bakının köhnə fotolarına, təkəmseyrək videolarına diqqət kəsiləndə və insanların əyin-başına, yerişinə, addımı addım dalınca atışına, əlləri cibində bulvarda eləcə veyil gəzişinə baxanda düşünürəm ki, Bakı əslində XIX əsrin sonu XX əsrin əvvəllərinin ən maraqlı, tarixi hadisələri içindən keçirən multikultural şəhərlərdən biri olmuşdur. Hansı ilə, hansı günə daş atsan, su üzünə bir hekayə çıxır. Bu hekayələrdən stimul götürüb Bakını mədəni brendə çevirmək isə bizdən asılıdır – hamımızdan!
Elə bu!