Logo

Məşhur şairin qızı: "Mənim atam şəhiddir..." - MÜSAHİBƏ

14.03.2022 12:22 663 baxış
IMG

Tehsil.biz Kulis.az-a istinadən “Atamın xatirəsi” lahiyəsində tanınmış şair Malik Fərruxun qızı Günay Malikqızı ilə müsahibəni təqdim edir.

- Malik Fərrux necə insan, necə ata idi?

- Çox təvazökar, dünya malında gözü olmayan adam idi. Onun üçün çox ali anlayışlar vardı ki, bunların da maddiyyatla heç bir əlaqəsi yox idi. O elə şeylərdən zövq alırdı ki, bəlkə də, başqa adamlar onlardan zövq almazdı. Həmişə əncir, nar görəndə, atam yadıma düşür. Bu meyvələrin mövsümü yetişəndə, o, bizi çağırıb, ənciri, narı dörd yerə bölüb bizə göstərib deyirdi, baxın, Allah necə möcüzələr yaradıb. Təbiətdən zövq almağı bacarırdı. O bu cür davranışları ilə mənə həmişə qeyri-adi adam təsiri bağışlayıb. Mənim yadıma gəlir ki, biz AzTv-yə onunla birgə gedəndə, adamlar ona yaxınlaşıb öz problemlərini danışırdılar. Beş dəqiqəlik yolu biz on beş dəqiqəyə gedirdik. Onda anama deyirdim ki, niyə o bütün problemlərə qulaq asır? O zaman mən gənc idim. Ancaq illər keçəndən sonra özüm insan olmağa başlayanda, anladım ki, adamlar ona etibar edirmişlər, ürəklərini boşaldırmışlar.

Atamın bütün şeirlərini sevirəm. Onun şeirləri çox rahat əzbərlənir, yadda qalır. Mənası da tez başa düşülür. Atam özü də çox mütaliə edirdi. Yadıma gəlirdi ki, bizim evimizdə böyük kitabxana vardı. Anam, mən, bacılarım və qardaşım o kitabxanadan vaxtaşırı kitablar götürüb oxuyardıq. Hətta bir dəfə mən atama dedim ki, ata, olar mən “Min bir gecə” kitabını oxuyum? Demişdi olar, amma indi yox, yaşın çatanda oxuyarsan. Çox qəribədir ki, biz hamımız orta məktəbdə Azərbaycan dili bölməsində oxusaq da, kitabları rus dilində mütaliə edirdik.

- Bir-birinizlə də rus dilində danışırdınız?

- O qədər də yox. Biz yaşadığımız məhəllədə cəmi üç azərbaycanlı ailə vardı. Qalanları yəhudilər və ermənilər idi. Biz də rus dilini çox yaxşı bilirdik. Hətta mən birinci sinfə gedəndə məktəbdə demişdilər ki, bu uşağı rus bölməsinə qoyun, dili çox yaxşı bilir. Onda mənim atam razılaşmamışdı. Demişdi, mənim uşaqlarım ilk növbədə öz dillərində danışmağı bacarmalıdır. Elə də oldu. Amma biz rus dilində yaxşı öyrəndik, çünki bütün günü onların içərisində olurduq.

- Atanız Yazıçılar birliyinin üzvü olub. O zamanlar da öz qayda qanunları vardı. Sizcə, atanızın ədəbi mühitdə, xətrinə dəyənlər, onu incidənlər olurdu?

- O, insanlara güvənirdi. Onun bir dostu vardı, o vaxtı televiziyaya rəhbər gələndə, atam deyib ki, o mənim dostum. Ancaq sonra o rəhbər televiziyada bir çox işçinin çıxarılması haqqında əmr vermişdi. Həmin siyahıda atamın da adı vardı. Atam hardasa bir il işsiz qalmışdı, sonradan yenidən işə bərpa olunmuşdu. Yəni ola bilsin ki, onun xətrinə dəyənlər, onu incidənlər olmuşdu. Bəlkə də, ən yaxın ətrafından olan insanlar belə onun xətrinə dəyib. Amma bu haqda heç vaxt danışmazdı. Bir şeyi çox dəqiq bilirəm ki, o, bizimlə, ailəsi ilə çox xoşbəxt idi. O, evə girəndə, qəribə bir əhval, ovqat yaranırdı. Hamımız sevinirdik, süfrə başına mütləq birgə əyləşərdik. Çox şən, xoşbəxt adam idi. Yadıma gəlir ki, məndən on bir yaş balaca olan balaca bacım dünyaya gələndə, çox şad idi. Adamlar təəccüblənirdilər ki, necə ola bilər, bir insan dördüncü övladının, üçüncü qızının doğulmasına bu qədər sevinə bilər? Amma sizi əmin edirəm ki, bizim evdə hətta beşinci qız doğulsa belə o, xoşbəxt olardı.

- Jurnalistikaya gəlişinizdə atanızın rolu vardı?

- Jurnalistikanı uşaqlıqdan xoşlamışdım. Atamın rolu yəqin ki, olub. Olmaması mümkün deyil. Ancaq atam heç vaxt istəmirdi mən jurnalist olum. Həmişə etiraz edirdi. Deyirdi ki, qadın üçün çətin sənətdir. Bəlkə də, onların vaxtında bu sənətə başqa cür baxırmışlar. Amma mən atamın bu barədə dedikləri ilə sonra rastlaşdım, onu başa düşdüm və ona haqq verdim.

- Konkret nələrlə rastlaşdınız?

- Jurnalistika elə bir sənətdir ki, orda hamı özünə hesabat verməlidir. Mən sonralar deyilən sözün ağırlığı, deyilməyən sözün məsuliyyəti ilə rastlaşdım. Onda düşündüm ki, gərək papaya qulaq asardım. Amma bu çox sonralar oldu. Yəqin ki, mənim kimi, atam kimi adamlar özlərinə bu hesabatı verir. Sizə bir söz deyim, atam dünyasını çox tez dəyişdi. Amma ölümündən üç il əvvəl o, infarkt keçirmişdi. Həmişə deyirəm ki, mənim atam şəhiddi. Yəni həmişə onu ağlayanda, onun haqqında düşünəndə belə nəticəyə gəlirəm. Çünki müharibə təkcə səngərdə dünyasını dəyişən insanların qırılan talelərindən ibarət deyil. Müharibə əlisilahlı şəhid olan igid oğlanlarımızla bitmir. Birinci Qarabağ müharibəsində, elə ondan sonra da o qədər gözəl insanların həyatı yarıda qırıldı ki, bunu yada salanda belə pis oluram. Mənim atamın tez ölməsinin səbəbi Laçının getməyi oldu (ağlayır).

- Laçını sevirdi...

- Çox. O, Laçını da, oranın insanlarını çox sevirdi. Müharibə ərəfəsində biz təzə ev almışdıq. Evimiz təmirsiz idi. Bir dəfə anam ona dedi ki, evi təmir etdirək, atam dedi ki, mən ev təmir etdirə bilmərəm, mənim elim-obam küçələrdədi (ağlayır).

İndi mən onun yoxluğunu elə çox hiss edirəm... Hərdən yoldaşıma deyirəm ki, biz ürəyimizə çox şey salmayaq, çox kədərlənməyək. Çünki insan fikirdən, dərddən gənc yaşda vəfat edir. İstəyirəm ki, övladın yanında olaq. Valideynsiz yaşamaq çətindir. Mənim yadıma gəlir, Şuşa işğal olunanda, atam günlərlə danışmadı, susdu. Ona Şuşanın, Laçının işğalı çox pis təsir etmişdi.

Bir dəfə səhər vaxtı işə hazırlaşırdım. Atam televizora baxırdı, birdən mənə dedi ki, insan yaşlandıqca torpaq onu özünə çəkir. Mən də ona dedim ki, sən axı yaşlı deyilsən. Dedi yox, yaşım artdıqca, torpağımı istəyirəm. Laçının işğalından sonra atam qəmginləşdi, əvvəlki, şən deyib-gülən insan elə bil, harasa çıxıb getmişdi. Onun Laçına aid şeirlərini oxuyanda da, görürsən ki, onun torpağı ilə böyük bir bağlantısı olub. İndi hərdən deyirlər ki, bəlkə, nə zamansa, ermənilərlə diplomatik də olsa, yoldaşlıq, dostluq münasibətlərimiz yarandı. Amma mən deyirəm ki, atamın torpağına görə vaxtsız gedişini, Laçında dəfn oluna bilməməsini heç vaxt ermənilərə bağışlaya bilmərəm.

- Laçınla bağlı nə arzusu vardı?

- Həmişə anama deyirdi ki, mən dağ adamıyam. Yaşlanandan sonra biz Laçına köçüb orda yaşayarıq. Mən atla gələrəm, sən də mənə bulaqdan su gətirib verərsən. O, atla gəzmək istədiyi yerləri gəzə bilmədi...

Bir nəfərin ölümü faciə, yüz nəfərin ölümü statistikadır deyirlər. Əslində isə biz həmin ölümlərin hamısına tək-tək baxsaq, görərik o ölümlərin hər biri təklikdə faciədir. Mən də Qarabağ müharibəsinə həmişə atamın ölümünün faciəsi ilə baxıram. Mən müharibənin zərbəsini atamın ölümü ilə aldım. Müharibə olmasaydı, atam çox yaşayardı.

- Günay xanım, Malik Fərruxun sözlərinə çox gözəl mahnılar bəstələnib. Amma bu mahnıların sözlərinin ona aid olmasını çox az adam bilir. Sizə elə gəlmir ki, atanızın yaradıcılığı kölgədədir?

- Bəli, haqlısınız. Hələ o vaxtlar onun şeirlərinə bəstələnən mahnılara efirdən qulaq asanda, deyirdim, ata, sənin adını çəkmədilər. Deyirdi, sən bu mahnının mənim olduğunu bilirsən? Cavab verirdim ki, hə. Deyirdi, bu mənə bəsdir. Amma yəqin ki, biz də onu layiqincə, yetəri qədər təbliğ edə bilmədik. Mən özümü bu barədə çox günahkar hiss edirəm. Hərdən yoldaşıma deyirəm ki, mən çox qorxuram ki, birdən mənə nəsə olar, atamın yaradıcılığı barədə heç nə edə bilmərəm. Düzdür, atamın şeirlərinə yazılan mahnılar çox gözəldir, məşhur insanlar tərəfindən ifa olunub və bu günə qədər də unudulmayıb. Onun yaradıcılığına xalq qiymət verib. Ona sevgi tükənmir, gənc müğənnilər indi də onun şeirlərinə müraciət edir. Amma onun yubileyi ilə bağlı, misalçün hansısa fəxri adın verilməsi haqqında heç nə olunmur.

- Atanızın ölümündən otuz ildən çox vaxt keçib. Kifayət qədər də ritmik həyat tərziniz var. Bu otuz ildə atanızı unudulmağa, yaddan çıxmağa qoymayan nədir?

- O, çox yaxşı insan idi. Ötüb gedən illər heç nəyi unutdurmur, əksinə mən özüm də ailəli olmuşam, övladım var. Və indi atamı bir valideyn kimi daha gözəl hiss edirəm. Bu gün atamın yoxluğu mənə daha çox təsir edir. O vaxt gənc idim, başqa qərarlar verirdim, düşünürdüm ki, həyatdır, belə olmalıdır. İndi düşünürəm ki, bəlkə, olmaya da bilərdi.

Mənim anam gənc yaşda dul qaldı. Biz onunla tez-tez söhbətləşirik. Bir dəfə onunla tənhalıq haqqında söhbət edəndə, anam mənə dedi ki, on beş il yaxşı kişinin arvadı olmaq daha yaxşıdır, nəinki otuz il pis kişinin arvadı olmaq. Mənim atam isə yaxşı kişi idi. Anam həmişə deyir ki, mən sizdən arxayın və rahatam. Çünki sizin atanız yaxşı kişi olub. Atam sağ olanda anam hərdən qardaşıma acıqlanırdı. Atam da deyirdi, dəymə, işin olmasın. Onun tərbiyəsini Fərrux, Dadaş, ondan əvvəlki babaları verib. Başlayırdı bir-bir babalarının adını sadalamağa (gülür).

Təbii ki, mən onu bir ata kimi çox yaxşı xatırlayıram. Ağlayanda da onu ata kimi ağlayıram. Amma həm də bilirəm ki, o, təkcə bizim evdən yox, eldən gedib. O, sağ olsaydı, daha çox şeirlər yazardı, kitablarını çap etdirərdi, daha çox gənc onun yaradıcılığından təsirlənib şair olardı. Yəni atamı həm də elin itkisi kimi xatırlayıb, yad edirəm. Və bunu bütün məsuliyyətimlə sizə deyirəm ki, çox adam onun haqqında məhz belə düşünür. Onun haqqında heç kim boğazdan yuxarı danışmır. Onu həmişə gözəl xatırlayıblar.

- Onun itkisini, yəqin ki, bu cür xatirələrlə kompensasiya edirsiniz?

- Əlbəttə. Yaxşı bir adamın övladı olmaq çox gözəl hisdir. Mənə dəfələrlə onun dostları, tanışları bu sözləri deyiblər. Sənin atan bir mələk idi, sən yaxşı kişinin qızısan.

- Yuxuda görürsünüz?

- İndi yox. Amma əvvəllər, qızım anadan olmazdan əvvəl yuxuda görürdüm onu. Axır vaxtlar isə heç yuxuma gəlmir.

- Ən çox nə zaman ona ehtiyac duymusunuz?

- Çətinliklərim, problemim olanda onu axtarıram. Özümün, bacılarımın toyunda gözüm atamı gəzirdi...

Mənim anam başqa cür qadındır. Ona görə də biz heç birimiz heç bir toyda ağlamamışıq. Anam qoymayıb. Deyib, ölüm haqdır, hamı ölür. Toya göz yaşı qatmayın. İndi çox istərdim ki, o, qızımı, bacılarımın uşaqlarını görsün, onlarla baba kimi vaxt keçirsin. Yəni o, nə nişan, nə toy, nə də nəvə görüb. Biz elə məktəbi bitirdik, universitetə daxil olduq, dünyadan köçdü.

- Günay xanım, atanızın son gününü necə xatırlayırsınız?

- Rəhmətə getməzdən bir gün əvvəl axşam tərəfi mənə dedi ki, bir az ağrıyıram. Səhəri gün hamımız sağollaşıb evdən çıxdıq. Mən işə getdim. Axşam saat beşdə efirə çıxdım. Efirdən çıxandan sonra uşaqlar mənə yaxınlaşıb dedilər ki, Günay, sən evə get, atan, deyəsən, yaxşı deyil. Mən də heç cür inanmırdım ki, o ölə bilər. Ümumiyyətlə, bu fikir ağlıma da gəlmirdi. Uşaqlara dedim, onda gedim, atama dəyim, gəlib növbəti efirə də çıxaram. Mən o vaxta qədər ölümün nə olduğunu bilmirdim. İnsan həmin anı yaşamayana qədər bu barədə düşünmür.

İş yoldaşımla birgə evimizə getdim, qapıda qardaşım ağlaya-ağlaya məni qarşıladı. Dedi, Günay, sən güclü olmalısan, anaya, bacılara dayaq olmalısan. Amma mən yenə heç nə başa düşmədim. Dedim, narahat olma, yekə kişisən, belə olmaz. Ata özünü pis hiss edir, düzələcək. Amma yadımdadı ki, biz evimizə girən kimi anam dedi, “papan” ölüb. Onda mən başladım qışqırmağa. Sonralar mən anama dedim ki, sən niyə o xəbəri mənə elə tez dedin? Cavab verdi ki, gizlətməyin mənası yox idi. Onsuz da, üç addım atandan sonra biləcəkdin.

- Hansısa vəsiyyəti, son sözü olmamışdı?

- Yox, heç nə. Anam da həmişə deyir ki, mənə heç nə demədi son dəfə... Anam ondan sonra çox çətinliklər çəkib. Dörd uşaqla tək-tənha qalıb. Atamın son nəfəsində yanında Aynur bacım olub. Çünki anam görüb ki, atamın halı pisləşir, qaçıb ki, qonşulardan kimisə çağırsın. Onda Aynur deyir, atamın başını qucağıma aldım, gördüm artıq o, son nəfəsini verir.

- Sonra düşünmədiniz ki, kaş bacınızın yerinə atanızın yanında son dəfə siz olardınız?

- Yox. Düşünürəm ki, elə yaxşı ki, Aynur olub. O daha güclüdür. Atam da elə bil bizim içimizdən onu seçdi son nəfəsində. Nə Zöhrab, nə qəmər, nə də mən ola bilərdik. Həmin məqamda atamın yanında ancaq Aynur ola bilərdi. O da oldu. Sonralar bacım dedi ki, mən efirdə olan zaman atam otağa girib, mənə salam verib, hamama girib əl-üzünü yuyanda yerə yıxılıb. Anam qonşuları çağırana qədər atam Aynurun qucağında keçinib. Onun ölümü hardasa otuz saniyə çəkib.

Foto: İlkin Nəbiyev

Məşhur şairin qızı:  "Mənim atam şəhiddir..." - Müsahibə

Məşhur şairin qızı:  "Mənim atam şəhiddir..." - Müsahibə

Məşhur şairin qızı:  "Mənim atam şəhiddir..." - Müsahibə

Məşhur şairin qızı:  "Mənim atam şəhiddir..." - Müsahibə

Məşhur şairin qızı:  "Mənim atam şəhiddir..." - Müsahibə

Məşhur şairin qızı:  "Mənim atam şəhiddir..." - Müsahibə

Məşhur şairin qızı:  "Mənim atam şəhiddir..." - Müsahibə

Məşhur şairin qızı:  "Mənim atam şəhiddir..." - Müsahibə

Məşhur şairin qızı:  "Mənim atam şəhiddir..." - Müsahibə

Məşhur şairin qızı:  "Mənim atam şəhiddir..." - Müsahibə

Məşhur şairin qızı:  "Mənim atam şəhiddir..." - Müsahibə

Xəbər lenti