“Əməkdar İncəsənət Xadimi, rejissor Bəhram Osmanov yanvar ayının əvvəlində öz ərizəsi ilə teatrdan gedib”.
Bu fikirləri Bizim Media-ya özəl açıqlamasında Gənc Tamaşaçılar Teatrının Mətbuat Xidmətinin rəhbəri, yazıçı Pərvin Nurəliyeva deyib.
Pərvin Nurəliyeva Bəhram Osmanovun gedişi və Mehriban Ələkbərzadənin yeni təyinatı ilə bağlı Teatrın rəsmi mövqeyini açıqlayıb:
“Bəhram Osmanov özünün ərizəsinə uyğun olaraq, Baş rejissorluq vəzifəsindən gedib. Bu, Bəhram müəllimin öz seçimi ilə bağlıdır. Təbii ki, daha ətraflı məlumatları Bəhram Osmanovun özündən soruşa bilərsiniz. Mehriban Ələkbərzadənin təqdimatına gəldikdə isə, xəbər doğrudur. Mehriban xanımın teatra gəlişi və görəcəyi işlərlə bağlı yeni məlumatlar isə bir müddətdən sonra mətbuata təqdim ediləcək”.
Mövzu ilə bağlı Bəhram Osmanovla əlaqə saxlasaq da, rejissor bu barədə danışmaq istəmədiyini bildirdi.
Qeyd edək ki, Mədəniyyət naziri Anar Kərimovun əmrinə əsasən, Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə YUĞ Dövlət Teatrının baş rejissoru vəzifəsindən azad edilərək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.
Ülviyyə Həsənqızı