Vaxtilə Oğuz türkləri şən günlərini, qələbə xəbərlərini təpələrdə tonqal qalamaqla qeyd edərdi. Tonqal, yanan od xalqın birliyinin, əzminin göstəricisi sayılırdı.
Ötən il "Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır!" - müqəddəs ifadəsinin "NİDASI", bu ifadəni tamamlayan “DƏMİR YUMRUĞU” və sonda bu gücün Cıdır düzündə qalanan "ZƏFƏR TONQALI" ilə türk xalqı tarixinin ən möhtəşəm "QALİBİYYƏT TONQALINI"" (Ə.İsmayılov) çatdı, həm də dağ başında.
Ucalığın məqamı, Tanrının məramı da məhz dağdır. Daha dəqiq, şiş qayalıqlar üzərində bərqərar olan - Şuşadır. Bir az da dəqiq, Şuşanın Cıdır düzüdür.
Beləcə, qədim Oğuz övladı tonqalını təpədə torpaq üzərində qaladı.
Əsrlər sonra haqqın 44 günü ulu xalqı dağ ucalığına qaldırdı. Qələbə tonqalı da təpədə deyil, dağda - ən uca zirvədə Cıdır düzündə odlandı. Zəfər tonqalı ilə bərabər, xain düşmənin də xoflu "qəlbi" çatıldı, yandı, odlandı...
Bizi dağ başına qaldıran dağ ürəkli şəhidlərimizə sonsuz rəhmət, qazilərimizə möhkəm can sağlığı arzulayırıq.
"Birləşmiş xalqın" (C.Məmmədli) 44 günü, həm də Novruzun 4 çərşənbəsinin istiliyini, habelə tarixini özündə daşıyır və yaşadır. 44 gün bizləri torpaqsızlıq kəsalətindən xilas etdi, canımızdan qış çillələrini çıxartdı.
Müqəddəs 44 rəqəminin biri, məhz: Su, Od, Yel və Torpaq çərşənbəsinin rəqəm təzahürüdür. Digər 4 isə ötən ilin 21 martında Şuşada çatılan "Zəfər Tonqalı"nın, sabitliyin və möhkəmliyin ifadəsidir.
Beləcə, qədim xalqın 4 Novruz çərşənbəsi, 44 günlük tarixi Vətən qələbəsi ilə xalqın soyuq qəlbinə qalibiyyət istiliyini gətirdi. Həm də, ötən il Prezident İlham Əliyevin Şuşada qaladığı " ZƏFƏR Çərşənbəsi"ni də əlavə etmiş oldu.
Ulu xalqın Ulus bayramı - Su, Od, Yel, Torpaq və Zəfər çərşənbələri mübarək olsun.
Mədinə Şaxbanova,
Binəqədi rayonu 267 nömrəli məktəbin müəllimi