Martın 15-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə "Mənəvi intibah" filminin təqdimatı keçirilib.
"Tehsil.biz"in xəbərinə görə, tədbiri açan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Mənəvi intibah" sənədli filmi haqqında məlumat verib. Bildirib ki, filmdə insanların dəyərlərdən uzaqlaşdıqca mənəviyyatlarında böhran baş verməsindən, dinin siyasiləşdirilməsinin fəsadlarından, insanlığın, bəşəriyyətin böhranlardan, müharibələrdən, eləcə də digər qlobal və regional kataklizmlərdən xilas yolunun mənəvi intibahdan keçməsindən, xüsusilə hazırda dünyada mövcud olan mənəvi böhrandan çıxış yolu, o cümlədən bir “yol xəritəsi” kimi Azərbaycanda formalaşmış multikultural, tolerantlıq, birgəyaşayış ənənələrindən bəhs edilib.
Dünyada, ölkəmizdə baş verən dini proseslər, təhdidlər, onların qarşısının alınması yollarına da toxunan S.Heydərov bildirib ki, din pərdəsi altında cərəyan edən proseslərin artım dinamikasını nəzərə alaraq dini təhlükəsizlik məsələsinin daim diqqət mərkəzində saxlanılması olduqca vacib məqamdır. Azərbaycanda tarixən formalaşmış yüksək tolerantlıq mədəniyyətinin cəmiyyətimizin təhlükəsizliyi üçün böyük potensial olduğunu deyən komitə sədrinin müavini xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələrinin nümunə kimi göstərildiyini qeyd edib. Həmçinin nümunəvi mühitin qorunub saxlanılması, mövcud təhlükə, təhdidlərin qarşısının alınması üçün sistemli və geniş formada maarifləndirmə tədbirlərinin keçirildiyini bildirib. "Mənəvi intibah", eləcə də bu qəbildən olan filmlərin hazırlanmasının bu istiqamətdə atılan addımların tərkib hissəsi olduğunu deyən komitə rəsmisi maarifləndirmə tədbirlərinin səmərəliliyinə xüsusi diqqət yetirilməsinin vacibliyini diqqətə çatdırıb.
Sənədli filmin nümayişindən sonra fikirlərini bölüşən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı filmin maarifləndirici əhəmiyyəti barədə danışaraq ölkəmizdə bütün dinlərin və millətlərin nümayəndələrinə dünyanın bir çox dövlətləri üçün nümunə hesab olunacaq səviyyədə tolerant münasibət bəslənildiyini deyib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov sənədli filmin verdiyi mesajlara diqqət çəkərək, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin multikulturalizmin inkişafına verdiyi dəyərdən danışıb. Eyni zamanda, 44 günlük Vətən müharibəsi zamanı din amilindən sui-istifadə hallarına toxunan R.Həsənov Ermənistan tərəfindən Azərbaycanın tarixi-dini abidələrinin dağıdılmasına baxmayaraq, bəzi beynəlxalq təşkilatların buna qeyri-obyektiv yanaşdığını bildirib. Deyib ki, Azərbaycan yalnız torpaqlarını azad etmədi, eyni zamanda, erməni vandalizmini məhv etdi.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmərxanım Cavadlı filmin tolerantlıq ənənələrinin gücləndirilməsi və təbliği baxımından əhəmiyyətli olduğunu bildirib.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov dünya tarixində baş verən müharibələrdə dinin təsirlərindən danışıb. Müasir dövrümüzdə də bu tendensiyanın olduğunu təəssüflə vurğulayan rektor məzhəblərarası qarşıdurmanın mənfi tərəflərinə diqqət çəkib.
Tədbirdə çıxış edən Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” Xristian dini icmasının sədri Rasim Xəlilov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının katibi Arximandrit Aleksiy, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası yepiskopunun birinci müavini Yozef Marek, Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli, Avropa yəhudilərinin Bakı dini icmasının baş ravvini Şneor Seqal, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının ravvini Avraham Yakubov, Bakı şəhəri “Yevangelist Xristian Baptistlərin kilsəsi” dini icmasının sədri İlya Zençenko dini mənfi təsirlərdən qorumağın vacibliyini vurğulayaraq, Azərbaycanda hər bir din mənsubuna göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, "Mənəvi intibah" sənədli filmi Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” Xristian dini icmasının sifarişi əsasında çəkilib.