Prezident İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli 3096 nömrəli Sərəncamı ilə 2022-ci il “Şuşa İli” elan edilməsi ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən heykəltəraşlıq müsabiqəsi təşkil olunub.
Nazirlikdən verilən xəbərə görə, müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə malik Qarabağın baş tacı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin zəngin mədəni irsinin təbliği, həmçinin bu irsi özündə təcəssüm etdirən heykəltəraşlıq abidələrinin qorunmasıdır.
Hazırda Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliğini təmin etmək məqsədilə müvafiq işlər aparılmaqdadır.
Müsabiqənin şərtlərinə görə, heykəltəraşlar tərəfindən Şuşa şəhərinin qədim tarixi, mədəniyyəti və dahi şəxsiyyətlərinə aid heykəltəraşlıq nümunələrinin tunc, mərmər və bürünc materialdan heykəl hazırlanaraq Mədəniyyət Nazirliyinə təqdim edilməlidir. Təqdim olunan heykəltəraşlıq nümunələrinin minimal 50 sm. olmaqla 1 metr hündürlüyünədək hazırlanması əsas şərtlərdən biridir.
Mükafatlar:
Birinci yer (1 nəfər) – I dərəcəli diplom və 8000 manat
İkinci yer (2 nəfər) – II dərəcəli diplom və 4000 manat
Üçüncü yer (3 nəfər) – III dərəcəli diplom və 3000 manat
Həvəsləndirici mükafat (10 nəfər) – 500 manat
Müsabiqə 15 mart - 15 iyun tarixlərində keçiriləcək.
Ətraflı məlumat üçün [email protected] elektron poçt ünvanına müraciət etmək mümkündür.