Logo

Xalq yazıçısı Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda dəfn edildi

16.03.2022 14:56 401 baxış
IMG

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda torpağa tapşırılıb.

O, qardaşı mərhum xalq yazıçısı Maqsud İbrahimbəyovun yanında dəfn edilib.

Dəfn mərasimdə mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və incəsənət xadimləri, dövlət rəsmiləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafiya İttifaqının sədri Rüstəm İbrahimbəyovla vida mərasimi baş çatıb.

Nizami Kino Mərkəzində keçirilən vida mərasimində Xalq yazıçısının ailə üzvləri, mədəniyyət naziri Anar Kərimov, Rusiya səfiri, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev mərasimi açıq elan edib: "Mən bilmirdim ki, bu gün bu vəzifə mənə veriləcək. Yanımda dayananlar Rüstəm İbrahimbəyovla 60 illik dost olub. Mən isə, ən azı 40 ildir ki, onunla dostam".

Çingiz Abdullayev mərhum sənətkarın vəfatını dünya mədəniyyəti üçün itki hesab etdiyini vurğulayıb: "Bu gün biz nəinki ədəbiyyatımızın, mədəniyyətimizin dəyərli və böyük şəxsiyyətini itiririk, bu həm də dünya mədəniyyəti üçün itkidir".

Mədəniyyət naziri Anar Kərimov isə Rüstəm İbrahimbəyovun vəfatının Azərbaycan ictimaiyyəti üçün böyük itki olduğunu qeyd edib: "Azərbaycan mədəniyyəti üçün ən kədərli günlərdən biridir. Azərbaycan ədəbiyyatının, kinosunun ən parlaq nümayəndələrindən birini itirmişik. Bu, bizim xalq üçün, mədəniyyətimiz üçün böyük itkidir. Mən buna görə, həm Azərbaycan ictimaiyyətinə, həm də Rusiya mədəni ictimaiyyətinə dərin hüznlə başsağlığı verirəm".

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar isə kino sənətinin böyük bir sənətkarı itirdiyini diqqətə çatdırıb: "Rüstəm həm 20, həm də 21-ci əsrin övladı idi, amma, eyni zamanda, onda orta əsrlərin cəngavərlərinə xas mərdlik, igidlik də var idi. Onun nəsri də, dramaturgiyası da, filmləri də əbədiyyən yaşayacaq. Amma mən birmənalı olaraq deyə bilərəm ki, onun "İbrus" Teatrını biz hamılıqla yaşatmalıyıq, bu ondan qalan ən böyük yadigardır".

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Rüstəm İbrahimbəyovun Bakıya hər gəlişinin mədəniyyət sahəsi üçün inqilabi dərəcədə sevindirici hal olduğunu bildirib: "Toplaşırdıq, danışırdıq, bu bizim üçün böyük bir xoşbəxtlik idi".

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxışında mərhum sənətkarın hər sözünün, hər ifadəsinin arxasında fəlsəfə dayandığını söyləyib: "Musiqi olsun, siyasət olsun, kino olsun, hər birində onun öz mövqeyi var idi. Mərd adam idi, dost adam idi".

Qeyd edək ki, R. İbrahimbəyov Fəxri xiyabanda dəfn olunacaq.

Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun cənazəsi Nizami Kino Mərkəzinə gətirilib.

Milli.Az xəbər verir ki, mərkəzdə mərhumla vida mərasimi keçirilir.

Cənazə dəfn edilmək üçün I Fəxri xiyabana aparılacaq.

Qeyd edək ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-də Vətənə gətirilib.

Xəbər lenti