Logo

“Mühafizəçi” ixtisası üzrə qısamüddətli təlimi uğurla bitirən iştirakçılar sertifikatlarla təltif olunub

16.03.2022 19:15 461 baxış
IMG

Ötən həftə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən təşkil olunan “Mühafizəçi” ixtisası üzrə qısamüddətli təlim yekunlaşıb.

Tehsil.biz xəbər verir ki, sözügedən təlimi uğurla tamamlayan 13 şəxs dövlət nümunəli sertifikatlarla təltif edilib. Həmçinin uğurlu nəticə nümayiş etdirən təlim iştirakçılarının "Gesco" ASC tərəfindən təcrübə və iş imkanlarına cəlb edilməsi nəzərdə tutulur.

Bir ay müddətində təşkil olunan təlimdə yanğınsöndürmə, təcili tibbi yardım, əlbəyaxa döyüş hazırlığı dərsləri, həmçinin qanunvericiliyə aid nəzəri və praktiki dərslər keçirilib. Təlimlər Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində yerləşən Bakı Mühafizə Məktəbində təşkil edilib.

Xatırladaq ki, cari ilin mart ayından başlayaraq Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə müxtəlif peşə təhsil müəssisələrinin nəzdində yeni qısamüddətli təlimlərin icrasına başlanıb. Təlimlərin əsas məqsədi əmək bazarının dəyişən ehtiyaclarına uyğun kadr hazırlığı aparmaq, həmçinin vətəndaşların qısa müddətdə qazanılan bilik, bacarıq və səriştələri vasitəsilə əmək bazarında daha uğurlu olmalarına və karyera imkanlarını artırılmalarına dəstək verməkdir. Yaxın gələcəkdə bir çox qabaqcıl peşə təhsil müəssisələrində bu səpkidə qısamüddətli təlimlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Qısamüddətli təlimlər barədə məlumatlar Peşə Təhsili üzrə Dövlət Agentliyinin sosial media kanallarında elan edilir və müraciətlər elektron şəkildə aparılır. Təlimlərə 18 yaşdan yuxarı şəxslər müraciət edə bilərlər. Hər təlim istiqaməti üzrə seçim meyarları və tələbləri müvafiq sahəyə və təlim proqramına əsasən müəyyən edilir.

Xəbər lenti