Beynəlxalq Muğam Mərkəzində Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri olan Cabbar Qaryağdıoğluna həsr olunmuş dəyirmi masa keçirilib.
İrimiqyaslı layihə əsasında həyata keçirilən "Dəyirmi masa" Cabbar Qaryağdıoğlunun mahnılarından ibarət musiqi nömrəsi ilə başlayıb.
Tədbirin koordinatoru fəlsəfə doktoru, görkəmli tədqiqatçı Gülhüseyn Kazımlı giriş nitqi ilə çıxış edib. Tədbirə təşrif buyuran qonaqlara, həmçinin layihənin ideya müəllifi BMM-in direktoru, Xalq artisti Murad Hüseynova öz təşəkkürünü bildirib. Ustad xanəndə Cabbar Qaryağdıoğlunun həyat və fəaliyyəti haqqında olduqca müfəssəl məlumat verib.
Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov, nasir, publisist, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Mustafa Çəmənli, yazıçı-jurnalist Kənan Hacı, Əməkdar İncəsənət xadimi Sürəyya Ağayeva, Cabbar Qaryağdıoğluna həsr olunmuş 2 sənədli filmin müəllifi Kəmalə Musazadə, professor-məsləhətçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arif Əsədullayev və digər hörmətli qonaqlar Azərbaycan musiqi tarixində qiymətli irs qoyan Cabbar Qaryağdıoğlu sənətinin ucalığı, fəaliyyətinin çoxşaxəliliyi barədə məruzələrlə çıxış ediblər.
Tədbirin yekunu olaraq xatirə şəkilləri çəkilib.
Xəbərin müəllifləri:
Aynur Binnətova, Əsgər İsmayılov.