Mingəçevir Dövlət Universitetinin (MDU) “Riyaziyyat” kafedrasının gənc müəllimi Nailə Allahyarova Türkiyə Respublikasının 2020/2021-ci tədris ili üzrə elan edilmiş “Türkiyə bursları” təqaüd proqramı çərçivəsində keçirilən müsabiqədə uğurla iştirak edərək Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Qazi Universitetinin Təhsil Elmləri İnstitutunda “Təhsilin idarə edilməsi” ixtisası üzrə doktorantura ali təhsil səviyyəsinə qəbul olub.
MDU əməkdaşının milli təhsilimiz üçün prioritet ixtisas istiqamətlərindən hesab edilən “Təhsilin idarə edilməsi” ixtisası üzrə xaricdə doktorantura səviyyəsində təhsil almaq imkanı qazanması, Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan Qazi Universitetinə qəbul olunması və qardaş ölkə tərəfindən təqaüdlə təmin edilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin müvafiq dəstəyi sayəsində mümkün olub.
Hazırda MDU-nun “Riyaziyyat” kafedrasında müəllim vəzifəsində çalışan N.Allahyarova bakalavriat və magistratura təhsilini də MDU-da alıb. MDU tarixində ilk dəfə olaraq, məzun və gənc əməkdaşın öz təhsilini nüfuzlu xarici universitetin doktorantura səviyyəsində davam etdirməsi gələcəkdə MDU-nun akademik potensialının gücləndirilməsi və elmi-pedaqoji sahədə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da gənc akademik heyət üzvlərinin aparıcı yerli və xarici universitetlərdə doktorantura təhsili almasına xüsusi önəm verilir və bu məqsədlə bütün zəruri dəstək tədbirləri həyata keçirilir.