Bakı Ali Neft Məktəbinin 5 tələbəsi - Rafiq Lahıcov, Rəşad Gəraylı, Taliyə Məmmədhəsənzadə, Kamal Nəcəfli və Vəli Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq göstərişinə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi ilə bağlı Gənclər Fondunun elan etdiyi müsabiqənin qalibi olub.
Cari ilin 5 noyabr – 3 dekabr tarixlərində ərizə qəbulu həyata keçirilən müsabiqəyə 31 dövlət təhsil müəssisəsi və onların 9 filialı, həmçinin 54 orta-ixtisas təhsil müəssisəsindən ümumilikdə 1446 müraciət daxil olub.
Müraciət edənlərdən 118-i magistr, 1239 bakalavr və 89 isə orta-ixtisas təhsili alan tələbələrdir.
Təhsil göstəriciləri və sosial həssas kateqoriyaya uyğunluğu meyarları əsasında aparılan qiymətləndirmə nəticəsində 488 tələbənin təhsil haqqının qarşılanmasına qərar verilib.