Azərbaycanda energetika sahəsinin inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1981-ci ildə, hələ respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövrdə, oktyabr ayının 20-də Ümummilli lider Heydər Əliyevin iştirakı ilə Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyası sayılan, gücü 2400 MVt olan 8 enerji blokundan ibarət “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci bloku istismara verildi. 1993-cü ilin iyununda xalqın istəyi və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli lider iqtisadiyyatın bütün sahələrinə, o cümlədən elektrik enerjisi sisteminə də xüsusi diqqət göstərdi. Həmin dövrdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektrik energetika sistemində də böyük böhran vəziyyəti yaranmış və sistemin ahəngdar işi pozulmuşdu.
Ümummilli lider elektrik enerjisi sisteminin böhrandan çıxarılması, onun maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi üçün məqsədyönlü, genişmiqyaslı tədbirlər həyata keçirdi. Dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəldilmiş strateji xətt elektrik enerjisi sisteminə də xarici sərmayələr cəlb olunmasına imkan yaratdı və bu imkanlardan Azərbaycanın enerji sisteminin mövcud potensialının səmərəliyinin artırılmasında, elektroenergetika təsərrüfatının yenidən qurulmasında və yeni güclərin yaradılmasında hal-hazırda da məqsədyönlü şəkildə istifadə olunur.
Azərbaycanda xüsusilə son 18 il ərzində enerji istehsalı, enerji obyektlərinin işə salınması sahəsində əldə edilmiş nailiyyətlər, məhz indiki iqtisadi uğurlarımızın kökündə dayanan fundamental səbəblərdən biridir. Eyni zamanda Ölkə başçısının vurğuladığı kimi ölkəmiz həm də bərpa olunan enerjinin istehsal edilməsinə xüsusi prioritet sahə kimi yanaşır və bugün ölkəmizdə bərpa olunan enerji ölkənin ümumi enerji balansında 17 faiz yer tutur, 2030-cu ilin sonuna qədər onu 30 faizə çatdırmaq əsas strateji hədəflər sırasındadır. Ölkəmizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Azərbaycan dörd qonşu ölkəyə ixracı artıq təmin edib. Gələcəkdə ölkəmiz digər bazarlara da elektrik enerjisi ilə çıxacaq. Bunu nəzərə alaraq, hər bir yeni stansiyanın inşa olunması ixrac imkanlarımızı da artırır.
Bu baxımdan Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi önəmli hadisədir. Cari ilin 15 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Gülüstan sarayında keçirilən təməlqoyma mərasimində qeyd etmişdir:
“Əminəm ki, 2023-cü ildə əlavə güclər bizim ümumi sistemimizə daxil ediləcəkdir və bu, işin sadəcə olaraq başlanğıc hissəsidir. Çünki bərpaolunan enerji növlərinin inkişafı bizim üçün prioritet məsələdir. Biz uzun illər bu məsələnin həlli ilə bağlı çalışırıq və bu gün real nəticələr görürük”.
Qeyd edək ki, 230 meqavat gücündə olan bu stansiya ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək və Azərbaycanın ixrac imkanlarını genişləndirəcəkdir. Bütövlükdə Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır.
Artıq azad edilmiş torpaqlarda da genişmiqyaslı işlərə başlanılmış, o cümlədən elektroenergetika sahəsinə böyük diqqət göstərilmişdir. Keçən il bu ərazilərdə 4 su elektrik stansiyasını bərpa edilmişdir. Onların ümumi generasiya gücü 20 meqavatdır. Bu il isə daha 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaqdır. Güləş və külək elektrik stansiyalarının yaradılması üçün təbii ki, daha böyük potensial var.
Qarabağın yaşıl zonaya çevrilməsi dövlətimizin prioritet istiqamətidir və Ölkə rəhbəri də bunu dəfələrlə qeyd edib ki, Qarabağda 7200 meqavatlıq günəş enerjisi potensialı və 2000 meqavatlıq isə külək enerjisi potensialı var. 10 min kvadratkilometrdən çox olan azad edilmiş torpaqların bərpası ölkəmizin dayanıqlı inkişafını təmin edəcəkdir. Bu da onu göstərir ki, cənnətə çevriləcək Qarabağ eyni zamanda yaşıl bir zona kimi də tanınacaqdır. Bu da Azərbaycanın gücünün və potensialının təsdiqidir. Bu həm də onun təsdiqidir ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə məhz bərpa olunan enerji potensialına böyük əhəmiyyət verir. Bu da olduqca vacib məsələlərdən biridir. Ölkə Prezidentinin qeyd etdiyi kimi, belə enerji obyektlərinin açılması prosesi bundan sonra da davam etdiriləcək və bu bir daha ölkənin gücünün, onun imkanlarının və potensialının bir göstəricisidir.
Ümid Mehdiyev,
ADPU-nun rektorunun inzibati və iqtisadi məsələlər üzrə müşaviri