Ağstafa rayonunda Heydər Əliyev Fondu tərəfindən inşa olunan A.Mustafayev adına Həsənsu kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.
1930-cu ildə inşa olunmuş Həsənsu kənd tam orta məktəbinin binası ötən müddət ərzində fiziki cəhətdən köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən Heydər Əliyev Fondu tərəfindən 420 şagird yerlik yeni məktəb binası inşa edilib. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz olunub.
IX sinif şagirdi Aygün Hüseynova yeni məktəb binasının onlar üçün Novruz bayramı hədiyyəsi olduğunu deyərək, dərslərini daha da yaxşı oxuyacağını söyləyib: “Məktəbimizin əvvəlki binası yararsız vəziyyətdə idi. Dərslərimiz üçün zəruri olan avadanlıqlar demək olar ki, yox vəziyyətində idi. İndi yeni, müasir otaqlarımız, avadanlıqlarımız var”.
Üçmərtəbəli məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb otaqları, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları və açıq idman meydançası var.
Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
“Məktəbimizin yeni binası müasir standartlara cavab verən zəruri avadanlıq və sistemlərlə təchiz olunub. Novruz bayramı ərəfəsində bu dəyərli hədiyyəyə görə məktəbimizin müəllimləri və şagirdlərimiz adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildirirəm”, - deyə məktəbin direktoru Mətanət Rəhimova qeyd edib.