22 mart ədəbi mühitin və publisistikanın tanınmış imzası, mərhum yazıçı və jurnalist Məmməd Əli Nasirin doğum günüdür. O, 1931-ci ildə Şamaxı rayonu Cəmcəmli kəndində anadan olub. Kiçik yaşlarından ədəbiyyata olan marağı, sevgisi onu yaşıdlarından fərqləndirib. 8-ci sinifi kənddə bitirən Məmməd Əli Şamaxı şəhərində pedaqoji məktəbə daxil olub. Oranı da fərqlənməylə bitirdikdən sonra bir müddət müəllimlik fəaliyyəti göstərib. Sonra Bakı Dövlət Universitetinin (Azərbaycan Dövlət Universiteti) Jurnalistika fakültəsinə daxil olub.
Universitetdə təhsil ala-ala bir çox qəzetlerdə çıxan ədəbi-bədii, publisistik məqalələri mühitdə bir çox peşəkar imzaların marağına səbəb olub. Universiteti bitirdikdən sonra Bakı Ali Partiya məktəbinə daxil olub və oranı da əla qiymətlərlə bitirib.
Bundan sonra onun ali vəzifələrdə əmək fəaliyyəti başlayıb. Həmçinin, istedadlı yazıçı qələmini də yerə qoymur və bir-birindən maraqlı əsərlər yaradır.
Böyük gürcü klassiki Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" epik dastanından bəhrələnərək yaratdığı "Tariyel" mənsum pyesi SSRİ-nin bir neçə respublikasında müvəffəqiyyətlə tamaşaya qoyulub. Uzun müddət teatrın repertuarından düşməyən "Tariyel" tamaşasını quruluşçu rejissor Yusif Bağırov, Xalq artisti Cahangir Cahangirov, SSRİ Xalq rəssamı Dmitri Tavadze və başqaları ruh yüksəkliyi ilə ərsəyə gətiriblər.
Bütün bunlardan əlavə, Məmməd Əli Nasir həm də bir loğman idi. O, 1991-ci ildən Səhiyyə Nazirliyinin sistemində çıxan "Loğman" qəzetinin baş redaktoru kimi çalışıb. M.Nasir xalq təbabətinin öyrənilməsi, toplanılması və təbliği sahəsində mühüm işlərə imza atıb. Ədibin "Əbədi şəfa xəzinəsi" və rus xalq təbabətçilərinin "150 resept"ini də dilimizə tərcümə edərək çap etdirdiyi "Şəfa peyğəmbəri" kitabları da bu baxımdan misilsiz əhəmiyyət kəsb edir.
"Qızıl qələm" mükafatçısı M.Nasirin "Səmavi səyahət" və "Qobustannamə" kitabları da qiymətli əsərləri sırasındadır.
3 noyabr 2008-ci ildə Şamaxı rayonunda avtomobil qəzası nəticəsində dünyasını dəyişən ədibin xatirəsini hər zaman yaşadan və ədəbi irsinə sahib çıxan qızı Samirə xanımla bu günlərdə atası haqqında həmsöhbət olduq. Əsərlərindən tanıdığımız yazıçını bu dəfə də qızının dilindən tanıyaq:
- Samirə xanım, atanız Məmməd Əli Nasiri onu tanımayanlara necə tanıdarsınız?
- Atam öz zəmanəsinin özünün məsləhət bildiyi qədər tanınmış, sevilən, çox istedadlı, hədsiz dərəcədə savadlı, qəlbi çox rəhimli, uşaqla uşaq, böyüklə böyük olan çox ali bir şəxsiyyət idi. Onun hər sahədən mükəmməl biliyi var idi.
- Onun əsərlərinin başlıca ideyası nədən ibarətdir?
- Atamın əsərləri çoxşaxəlidir. Tarixi, əxlaqi, təbabət mövzulu əsərləri var. Bununla bərabər, Məmməd Əli Nasir həm də şair idi. Onun satirik şeirləri dövrünün çatışmazlıqlarını, xalqının problemlərini əks etdirir. Ümumən isə əsərlərində insan mövzusu, onun daxili aləmi əsas ideyası hesab oluna bilər.
- Yazıçı Məmməd Əli Nasir, jurnalist Məmməd Əli Nasir, loğman Məmməd Əli Nasir və ata Məmməd Əli Nasir... Onları bir-birindən nələr fərqləndirir?
- Yazıçı M.Ə.Nasir ölkəsini, vətənini hədsiz dərəcədə çox sevən, çatışmazlıqlarını özünün ən böyük dərdi bilən, onların gözəl və səviyyəli şəkildə, öz təbirincə, aradan qaldırılmasına çalışan vicdanlı şəxs idi. Jurnalist M.Ə.Nasir də həmçinin. Daha çox problemləri qələmə alar, ictimailəşdirilməsinə çalışardı.
Loğman M.Ə.Nasir isə insanların fiziki problemləri, dərdləriylə məşğul idi. O, bir loğman kimi "Əbədi şəfa xəzinəsi" adlı təbabət məcmuəli kitabında şəfalı bitkilərdən 1001 resept hazırlayaraq oxucuların istifadəsinə verib.
Ata M.Ə.Nasirin isə ta uşaqlıqdan aşiqi olmuşam deyərdim. Mən bəlkə həyatım boyu onun kimi övlad sevən ata görməmişəm. Eləcə nazımızla oynayar, qətiyyən xətrimizə dəyməz, bir dediyimizi iki etməzdi. Övladlarının bütün ehtiyaclarını ödəməkdən ötrü bütün çətinliklərə sinə gərərdi. Bir sözlə, hər cür fədakarlıqdan çəkinməyən mükəmməl ata idi.
Məmməd Əli Nasirin bütün profillərini birləşdirən əsas cəhəti məhz bu idi: insan sevgisi. Fərqləndirən isə onların gördüyü işlər idi, yəqin ki. Onun böyüklüyü isə o idi ki, heç biri bir-birinə mane olmurdu.
- Onun ən yaxın münasibətdə olduğu qələm dostları kimlər idi?
- Xatırladığım qədəri ilə böyük şairimiz Xəlil Rza Ulutürklə çox yaxın dost idilər. Hətta şair Şamaxıdakı evimizdə də dəfələrlə qonaq olub.
- Onunla yaradıcılıq söhbətləri olurdumu?
- Bəli, çox... Amma mən onda çox kiçik yaşlarda olduğumdan indi ətraflı şəkildə xatırlamıram.
- Sizcə, bu gün Məmməd Əli Nasir niyə az tanınır?
- Fikrimcə, bu, onun elə özünün seçimi idi. Çünki atam bu sənəti məşhur olmaq, tanınmaq üçün seçməmişdi. Yazmaq onun alın yazısı. İçindəki istedad idi ona bu əsərləri yazdıran. Onun böyük şöhrət qazanmaq, tanınmaq kimi bir fikri olmayıb. Amma müasirləri, dövrünün ədəbi mühiti onu çox gözəl tanıyırdi. Atam siyasətdən, qarışıq həyatdan uzaq adam idi. Vaxtilə yüksək siyasi vəzifə təklifinə də cavabı bu cür olub ki, siyasət mənlik deyil, öz evim, ailəm, dolanışığım, sakit həyatım olsun, bəsimdir. Elə istədiyi kimi də həyatı vardı.
- Atanızı xoşbəxt yazıçı adlandıra bilirsinizmi?
- Əlbəttə, atamı xoşbəxt yazıçı adlandıraram. Çünki onun lap gənc yaşlarından uğurları çox olmuşdur. Onun gənc yaşında qələmə aldığı "Tariyel" pyesi elə ilk vaxtlardan səhnələşdirilib, uzun illər müxtəlif teatrların repertuarlarında olub. Bir gənc yazıçı üçün bu, çox böyük uğur hesab oluna bilər. Təbii ki, təkcə bu deyil, minlərlə tirajla çap olunan və dövründə əl-əl gəzən, axtarılan kitabları onun xoşbəxt yazıçı taleyinin nümunəsi idi.
O, tək yazıçı kimi deyil, jurnalist kimi də xoşbəxt idi. Uzun illər "Yeni söz", sonra "Yeni Şirvan" ömrünün axırına kimi isə "Loğman" qəzetlərinin təsisçisi, baş redaktoru olub. Onun yaşadığı və fəaliyyət göstərdiyi dövrün çətinliklərini nəzərə alsaq, bu cür qəzetləri uzun illər yaşatmaq da böyük hünər idi.
Öz zamanında yazdığı yazılar daşdan keçərdi, çox çəkinərdilər onun qələmindən. El arasında çox əzəmətli ağsaqqal idi, illərlə aralarında düşmən münasibəti olan nəsillər belə, onun sözüylə düşmənliyə son qoyardılar.
- Atanızın uğurlarına mane olmaq istəyən, "yoluna daş itələməyə" çalışanlar olurdumu? Belə hallara qarşı onun münasibəti necə idi?
- Bəli, gəncliyində onun istedadından, əməksevərliyindən çəkindikləri üçün mane olmağa çalışanlar, "yoluna daş itələyənlər" çox olub. Onda mənim yaşım az olduğu üçün yaxşı xatırlamıram. Sonralar atam özü də bu haqda heç danışmaz, xatırlamaq istəməzdi. Çünki nə qədər mane olmağa çalışsalar da, istedadını ki əlindən ala bilməcəyəkdilər. Necə ki, ala bilməyiblər və ondakı o istedad heç vaxt kölgə altında qalmayıb.
- Qızı kimi deyil, oxucusu kimi atanızın ən çox sevdiyiniz əsəri hansı olub və niyə?
- Əslində, atamın qələmindən çıxan, qəlbini qoyduğu əsərlərinin hamısını sevirəm, fəxr edirəm. Amma daha çox "Qobustannamə" əsərini sevirəm. Bu kitab demək olar ki, respublikanın bütün bölgələrinə yayılıb. Kitabda Şamaxı və Mərəzə rayonlarında yaşamış övliyalar, şeyxlər, pirlər, həmçinin, atamın babaları haqqında çox dəyərli yazılar, məlumatlar var. Çox istərdim ki, dövrümüz gəncləri də bu kitabı oxusunlar və keçmişimizdə yaşamış bu cür dəyərli şəxsiyyətlərimizdən xəbərdar olsunlar.
- Özündən sonra ona verilən qiymətdən razısınızmı?
- Özündən sonra el arasında ona hələ də davam edən təmənnasız rəğbət, ona həqiqi mənada verilən qiymətdən razıyam, bəli...
- Onun bu günə kimi unutmadığınız və həyat yolunuza təsir edən hansı nəsihətləri, məsləhətləri olub?
- Atam çox söhbətcil insan idi. Həmişə ağıllı, hikmətli söhbətləri olardı. Onu dinləməyi çox sevirdim. Ta uşaqlığımdan ondan çox şey əxz eləmişəm. Bütün sahələrdən hərtərəfli biliyə malik idi. Özüm uşaq vaxtı jurnalist olmaq istəyirdim. Arzum atamın yolunu davam etdirmək idi. Amma atam icazə vermədi ki, jurnalistlik qız sənəti deyil. Ona görə də məni müəllimliyə yönəltdi. Lakin indi bunun peşmanlığını yaşayıram. Kaş ki, jurnalist olaydım. Əlbəttə, genetika öz sözünü hər zaman deyir, yəqin ki. Atam jurnalist olmağıma izin verməsə də, mən uşaqlıqdan kiçik hekayələr yazıram. O da uşaq vaxtı yazdığım hekayələri oxuyub gülümsünürdü. Bəyəndiyini və mənimlə fəxr etdiyini hiss edirdim. Onunla aramda elə bir bağ yaranmışdı ki, bəzən danışmadan da bir-birimizi başa düşürdük. Hekayə yaradıcılığım bu gün də davam edir. Hətta atamın vəfatından sonra elə bir boşluğa düşdüm ki, yalnız yazmaq təsəllim olurdu. Ədəbi yaradıcılığımda atamın imzasını özümə təxəllüs götürmüşəm. Onun adını Samirə Nasir kimi yaşatmaqdan qürur duyuram.
Şahanə MÜŞFİQ