Türkiyənin İstanbul şəhərində keçirilən Novruz bayramı tədbirləri çərçivəsində Azərbaycanın Xalq artisti Nəzakət Teymurovanın konsert proqramı baş tutub.
"Report"un yerli bürosu xəbər verir ki, “Beynəlxalq türk dünyası ortaq mirası” layihəsi çərçivəsində təşkil olunan konsert proqramı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, bu ölkədə fəaliyyət göstərən Hazarfem Folklor Təhsil və Araşdırma Mərkəzi, Çaydef-Çayeli Dərnəklər Federasiyası, Azərbaycanın İstanbuldakı Baş konsulluğu və İstanbulun Bəyoğlu Bələdiyyəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə çıxış edənlər Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərdən danışıb, bu Qələbənin bütün türk dünyası üçün tarixi hadisə olduğu qeyd ediblər.
Çıxışçılar Novruzun tarixçəsi, bu bayramın türk dünyası üçün əhəmiyyətindən danışıb, xanəndənin yaradıcılığı və Hazarfemin fəaliyyəti barədə tamaşaçılara məlumat veriblər.
Mərasimdə çıxış edən Hazarfemin rəhbəri Nuran Acar yaxın zamanda Qarabağı, o cümlədən Şuşanı ziyarət etdiklərini, dərnəyin Şuşada konsert proqramı təşkil etməyi planlaşdırdıqlarını deyib.
Sonra Nəzakət Teymurovanın ifasında Azərbaycanın və Türkiyənin milli musiqiləri, eləcə də muğamlar dinlənilib.
Konsert proqramı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan milli mətbəxinin Novruz Bayramına aid şirniyyatları qonaqlara təqdim edilib.