Logo

Yağmur – Qarabağ qazisinin hekayəsi

23.03.2022 11:01 552 baxış
IMG

Kulis.az Qarabağ qazisi, yazar Zaur Bayramoğlunun “Yağmur” hekayəsini təqdim edir.

I

Yorğanını kənara itələyərək ufuldaya-ufuldaya doğrulub oturdu, dərindən nəfəs alıb ciyərlərində toplanmış havanı ağrı-acısını qovmaq istəyirmişcəsinə uzaqlara üfürdü. Aldığı nəfəsin ardınca gələn davamlı öskürəkdən güclə imkan tapıb qırtlağında toplanan bəlğəmi boşaltdığı kağız dəsmalı bürüşdürüb dolabın üstündəki külqabıya atdı, əlini sinəsinə qoydu. Kürəyindən qəlbinə saplanan oxun ucunu tutmaq istəyirmişcəsinə sol döşünü ovuclayıb sıxaraq nəfəsini bir anlıq tutub dayandı... Lakin az sonra taqətsiz əli yanına düşdü...

Handan-hana çəkələklərini ayağına keçirib yatağından qalxdı, taqətsiz addımlarla yaxınlaşıb pərdəni çəkdi, pəncərənin altlığına söykənib əllərini sinəsində qovuşduraraq bayğın gözlərlə yağan çiskinli yağmuru izləyə-izləyə astadan zümzümə etməyə başladı:

Bir güz günü...

Yarpaqların qızıl rənginə döndüyü zaman

Çiskinli bir axşamda...

Ağacların altında...

Əlindən tutub yürümək istərdim...

Xəzəllərin üstündə

sarılıb öpüşdüyümüzdə

dodaqlarından qəlbimə axan şəhvətlə

adını anmaq istərdim...

Evə gəlincə xəstələnmək...

Qızdırmadan yanarkən

adını sayıqlamaq istərdim...

Sübhün ilk işıqlarıyla

dayanıb pəncərəmin önündə...

Günəşin doğuşunu seyr edərkən

saralmış dodaqlarımla

adını anmaq istərdim.

Qeyri-ixtiyari gülümsədi, üzünə xəfif təbəssüm yayıldı... Sağ əlinin işarət barmağı ilə şüşəni ahənglə döyəcləyərək onun adını yazdı: Səbinə...

Qayıdıb yatağına uzananda telefonunu götürdü, açanda uzun-uzadı bir fit çalıb dikəldi, yastığını dirsəyinin altına itələyib buraxılmış zəng bölməsindən sonuncu zəngi geri yığıb telefonu qulağına tutdu. İkinci çağırışdan sonra telefonun digər ucundan sevgilisinin hədəsini eşitdi:

- Yuri, öldürəcəm səni!

- Ay qız, dayan görək, hara öldürürsən? Bir “salam” al, “sabahın xeyir” elə, sonra baxarıq da, məsləhət olsa, öldürərsən.

- Nə salamı e? Bir telefona bax, səhərə qədər yüz əlli dəfə zəng vurmuşam sənə, niyə cavab vermirdin?

Sevgilisinin səsindəki incikliyi hiss etdiyindən onun könlünü almaq üçün:

- Sabişkam, qurban sənə, heç bilirsən gecə nə haldaydım? Səhərə qədər qızdırmadan yanmışam, ürəyim də bir tərəfdən ağrıyır, bilmirəm ürək tutmasıdı, ya qulunc batır.

- Of, Yuriiii!!! Sənin hər zaman bəhanən var da... nə olardı ki, telefon özünü yeyib-tökəndə açıb bircə kəlmə necə olduğunu desəydin?

- Nə bəhanəsi, Sabişkam, qurban sənə, bilirsən ki, mən gecələr telefonu səssizə qoyuram, ona görə xəbərim olmayıb. Bu gecə də elə gündəydim ki, başım özümə qarışmışdı, ona görə zəng olub-olmadığına baxa bilməmişəm Görmürsən, səsim nə gündədi? Nəfəsim də çıxmır, – deyib öskürdü, sinəsini arıtlayıb davam etdi, – elə bil sinəmin üstündə qaya var, öləcəm belə getsə...

Telefonun digər ucundakı qəzəbli səs bir anda ana nəvazişinə büründü.

- Yuri, niyə təcili yardım çağırmamısan?

- Dünəndən çağırmışam e, ay qız, hələ gəlib çıxmayıb.

Səbinə:

- TƏBİB-imizin maşallahı var da, – deyib əlavə etdi, – Allah göstərməsin, birdən Covid olarsan.

- Yox əşi, məndə o bəxt hardandır?

- Zarafat eləmə, Yurim.

- Sabişkam, gedim yuyunum, səni yığaram, olarmı?

- Əlbəttə, əzizim.

- Hələlik.

- Öpdüm, özündən muğayat ol.

Telefonu qulağından çəkib qalereyaya girdi, iki gün öncə Səbinə ilə meşədə çəkdirdikləri fotoşəkillərə tamaşa edə-edə öz-özünə: “Kukladı da canı yanmış”, – deyib ayağa qalxdı, hamama girib duş aldı, saçlarını qurulaya-qurulaya çıxıb mətbəxə keçdi, soyuducudan süd götürüb qızdırdı, bardağa tökərək içinə bir qaşıq bal və yumurta əlavə etdi, qarışdıra-qarışdıra qonaq otağına keçərkən dəhlizdəki bədənnüma güzgüdən özünə baxıb: “İki günə çökmüşəm ki...” – deyərək burnunu çəkdi.

Divanda əyləşdi, “qüvvət məcunu” dediyi qarışığı içib qalxdı, yataq otağına keçdi, hamam xalatını soyunub yatağına uzandı, gözlərini tavana zilləyib düşünməyə başladı...

II

Məhərrəmin sinif yoldaşları vaxtaşırı “Daş dövrü” kafesində yığışırdılar. Budəfəki görüşdə digərlərindən fərqli olaraq, oğlanlardan Məhərrəmdən başqa heç kim yox idi, qızlardansa paralel sinifdə oxuyan bir neçəsi iştirak edirdi.

Söhbətin şirin yerində Səbinə:

- Məhərrəm, indiyə qədər həyatımda bir tək səni sevdim, sənsə heç məni sevmədin, – deyib işvəli gözlərini onun gözlərinə dikdi. Səbinənin gözlənilməz etirafı qarşısında nə deyəcəyini bilməyən Məhərrəm yerindəcə donub qaldı...

Kafedən çıxıb dağılışanda Səbinəni evlərinədək ötürdü. Yolboyu artıq çox arxada qalmış məktəb illərini xatırlayır, unuda bilmədikləri hadisələrdən danışıb-gülür, uşaqlıq, gənclik xatirələrini yad edirdilər.

Məhərrəm orta məktəbdə “b”, Səbinə isə paralel “c” sinfində oxuyurdu. Bu qız məktəbdə diqqətini çəkmədiyindən nəinki ortaq xatirələri yox idi, hətta onunla bağlı çox az şey xatırlayırdı. Səbinə isə onun hansı gündə nə geyindiyinə qədər bütün incəliklərini xatırlayır, hətta Məhərrəmin özünün belə unutduğu hadisələri onun yadına salırdı...

Mənzil başına çatdıqlarında artıq gecə yarı olmuşdu. Kilometrlərcə yolu piyada gəlsələr də, saat yarıma yaxın zaman onlarçün bir göz qırpımında keçmişdi. İkisinə də elə gəlirdi ki, kafedən indicə çıxıblar.

Binanın alaqapısında Səbinə dayandı, illər sonra ilk dəfə ona məktəbdə müraciət etdikləri kimi çağıraraq:

- Maqa, sən qayıt, daha gec oldu, – dedi.

Məhərrəm onun əlindən tutaraq:

- Yaxşı, Səbinə, burada gözləyirəm, sən evə qalx, sonra gedəcəm.

Səbinə: – Oldu, Maqa, görüşənədək, – deyib əlini Məhərrəmin əlindən çəkdi, ani hərəkətlə pəncələrinin üstündə qalxaraq Məhərrəmin yanağından öpdü, dönüb sürətli addımlarla, az qala qaçaraq uzaqlaşdı...

Məhərrəm onun arxasınca qeyri-ixtiyari iki addım atıb dayandı, əlini qızın öpdüyü yerə qoydu, gözlərindən başlayan xəfif təbəssüm öncə dodaqlarına, ardınca üzünə yayıldı, qəlbinə axaraq bütün bədənini sardı. Astadan “Sabişkam”, – deyə pıçıldayaraq dönüb zümzümə edə-edə uzaqlaşdı:

Yandırdın qəlbimi, aman

Ey qaşları kaman

Bu eşqimə inan, yar...

Evə gəldikdən sonra pencəyini soyunub stulun üstünə atdı, özünü üzüqoylu divanın üstünə atdı, əllərini çənəsinin altında qovuşduraraq gözlərini yumub düşünməyə başladı...

Səbinəni gözlərinin önünə gətirdi, öz-özünə: “Off, Səbinə, Səbinə... Necə olub ki, bu illər boyu səni fərq etməmişəm?” – deyə soruşdu.

III

İsti duşun və “qüvvət qarışımı”nın təsiri artıq özünü göstərməyə başlamış, dünəndən heysiz halda yatan Məhərrəm özünə gəlmişdi. Əlini atıb yatağın baş tərəfindən telefonunu götürdü, qalereyanı açıb Səbinə ilə çəkdirdikləri şəkillərə baxmağa başladı. Onlardan birini xüsusilə sevirdi. Səbinə qısa şort və kimono kofta geyinmiş, dənizdən əsən külək qızılı ipək saçlarını dalğalandırırdı. Dizlərinə qədər dənizə girmiş Səbinə suyun içində oynayır, köpüklü dalğalardan ovucladığı suyu səmaya atır, balaca uşaq təki gülüb əylənirdi...

Məhərrəm gizlincə çəkdiyi fotoşəkli izləyib saralmış dodaqlarının arasından: “Sarışınım”, – deyə pıçıldadı...

IV

Keçən həftə sonu istirahət üçün şimal bölgəsinə getmişdilər.

Çay kənarındakı kotteclərdən birini iki günlük kirayələyib əşyalarını yerləşdirdikdən sonra öncə şam yeməyi üçün restorana, daha sonra da sahilə getdilər.

Bir az əl-ələ tutub gəzişdikdən sonra Səbinə anidən Məhərrəmin əlini buraxıb dizlərinədək suyun içinə girdi, dalğaların köpüklü sularından ovuclayıb səmaya ataraq haradansa ağlına gələn mahnını oxumağa başladı:

Göylərdəki ayam mən, ya da ki dan ulduzu,

Sevgilimi gözləyir, bəxtimə göz vururam.

Qapqaranlıq kosmosda yapa-yalnız qalmışam,

Sevgilimi gözləyir, Yurimi axtarıram...

Onun başı rəqs etməyə qarışmışkən Məhərrəm cəld telefonunu çıxarıb bir neçə şəklini çəkmişdi...

Səbinə oynayıb yorulduqdan sonra sahilə döndüyündə, Məhərrəm sevgilisinin incə belini qucaqlayıb yanağından öpdü, gülümsəyərək: “Sən qaranlıq kosmosdun, Yurini gözləyirdin, öncə yanına layka gəldi, bax artıq Yurin yanındadır”, – deyib dodaqlarından öpdü.

Əllərini sevgilisinin boynunun ardında daraqlayan Səbinə:

- Hər zaman yanımda ol, – deyə nəvazişlə pıçıldadı.

Məhərrəm:

- Sonsuzadək yanındayam, – deyib əlavə etdi, – “Kosmosum”!

- Haycan.

- Gedək kottecimizə.

- Niyə, Yuri, bura yaxşıdı.

- Kosmosumu fəth etmək istəyirəm.

- Qorxmursan, layka dişləyər səni?

- Dişlərini qıraram onun, – deyib ani hərəkətlə Səbinəni qucağına aldı...

Ertəsi gün günəşin gözlərinə dolan şəfəqləri Məhərrəmi yuxudan oyandırdığında sağına döndü, dirsəklənərək Səbinənin yastığa dağılmış qızılı saçlarına, məsumca bir təbəssümlə büzülmüş qaymaq dodaqlarına, nəfəs aldıqca xəfifdən qalxıb-enən sinəsinə, uzun, düz ayaqlarına baxıb : “Mona Liza qədər gözəlsən, Sarışınım”, – dedi və qarnına doğru sürüşmüş yorğanını çəkib üstünü örtdü. Yastığın üstünə dağılmış ipək saçlarından öpüb ayağa qalxdı, əynini geyinib hamama girdi. Duş alıb çıxanda qapıdan boylandı, sevgilisinin hələ də yuxuda olduğunu görüb mətbəxə keçdi, su qızdırıb qəhvə hazırladı, dolabdan şirniyyat götürərək məcməyiyə – qəhvə fincanlarının yanına qoyub yataq otağına gəldi. Səbinənin dodaqlarından öpərək oyandırıb: “Qalx, həyatım, bax səninçün nə gətirmişəm” – dedi.

Qəhvələrini içdikdən sonra idman formalarını geyinib dənizin kənarına, yürüşə çıxdılar. Ayaqlarının altında xışıldayan islaq qumda qalan ləpirləri arxalarınca boylanır, əl-ələ tutmuş iki aşiqin kölgəsi önlərincə qaçırdı...

Səbinənin dənizdən əsən küləyin uçuşdurduğu saçları Məhərrəmin boynuna-boğazına dolanır, şən qəhqəhələrində qaymaq dodaqlarının gizlədiyi inci dişləri görünürdü...

Anidən dayanan Məhərrəm Səbinəni özünə doğru çəkdi. Yerində fırlanaraq yıxılmamaq üçün sevgilisini qucaqlayan Səbinə tövşüyən nəfəsini tənzimləmək üçün dərindən nəfəs alarkən çırpınan qəlbini sinəsinin sağ tərəfində hiss edən Məhərrəm onun çənəsini qaldırıb dodaqlarından öpdü, saçlarını oxşayaraq:

- Yoruldunmu, həyatım? – deyə soruşdu.

- Yorulmamışam Yurim, istəyirsənsə, bir az da qaçaq, – deyərək yarım addım aralandı.

Qızın əlini qaldıraraq barmaqlarından öpən Məhərrəm:

- Yox həyatım, qaçmaq istəmirəm, bilirsənmi nə istəyirəm? – deyib gözlərini qızın gözlərinə zilləyərək:

- İstəyirəm zaman dursun, dəqiqələr donsun, saniyələr axmasın Sarışınım, sonsuzadək elə buradaca dayanaq, günəşin şəfəqləri ala gözlərinə dolsun, külək ipək saçlarını uçuşdursun, dənizin dalğaları ayaqlarını yalayıb islatsın, mən də gözəllik ilahəmə, eşq tanrıçama tamaşa eliyim...

Və Müşfiqdən iki misra oxudu:

Arzuya bax, sevgilim

Tellərindən incəmi?

Söylə, ürəyincəmi?

Səbinə onun boynuna sarılaraq:

- Əlbəttə, ürəyimcədir, Yurim, qoy elə zaman dursun, dəqiqələr, saniyələr axmasın, biz ikimiz sonsuzadək sarılaq bir-birimizə...

Məhərrəm sevgilisinin belini qucaqlayan qollarını sıxıb özünə çəkdi... bir-birilərinin qoxularını içlərinə çəkərək eşqin və şəhvətin bir-birinə qarışmış xoş rayihəsindən məst olaraq yerlərindəcə donub qalmışdılar...

V

Dənizin kənarında bir az daha gəzişərək otelin həyətindəki restoranda qəlyanaltı edib kotteclərinə döndülər.

Otağa girər-girməz divardakı saata baxan Məhərrəm:

- On ikiyə qalıb ki, tələsmək lazımdır, sən içəri keç, Sabişkam, çantamızı gətirim, əşyalarımızı yığaq, – deyib dolabın qapısını açaraq yol çantalarını çıxardı.

Məhərrəmin gətirdiyi əşya çantasına bir az ərzaq və yataq kisələri ilə petlərini qoydular. Beşatılanı da üzlüyündən çıxarıb quraşdıran Məhərrəm yol çantasından götürdüyü mərmilərdən beşini tüfəngin sandıqçasına, səkkizini isə qundağın üzlüyündəki mərmi yuvalarına doldurub divara söykədi. Çantasını kürəyinə keçirib, tüfəngini də çiyninə asaraq bayaqdan maraqlı gözlərlə onu izləyən Səbinəyə:

- Gəl, həyatım, bu gecəni harada olacağımızı bir biz biləcəyik, bir də dağlar, – dedi.

Səbinə:

- Ayaqla gedəcəyik? – deyə soruşdu.

- Bəs necə? Sənin “Opel”in dağların zirvəsinə dırmana bilsəydi, onunla gedərdik.

- Yaxşı, Yuri, gedək, ancaq yorulsam, məni qucağında daşıyacaqsan.

- İstəyirsən, indidən qucağıma alım.

Gülüşdülər....

Yollarını qısaltmaq üçün payıza döndüyündən suyu xeyli azalan çayı bir qədər aralıdakı körpüdən deyil, yaxınlıqdakı addamaclardan (çayın eninə bir-birindən yetmiş-səksən santimetr aralı qoyulmuş iri daşlar və ya qaya parçaları) adlayaraq yolu keçib meşəyə doğru addımladılar.

Dağların dənizə baxan meşəli yamaclarına dırmaşarkən, Məhərrəm zarafatından qalmır, tez-tez sevgilisini şit zarafatlarla özündən çıxarır, Səbinə heyfini çıxmaq üçün üzərinə yürüdükdə, cəld qaçaraq cəzalanmaqdan canını qurtarırdı. Təxminən iki saat yürümüşdülər ki, əldən düşən Səbinə:

- Yuri, hələ çox gedəcəyikmi? – deyə soruşdu.

Məhərrəm qızı daha da cinləndirmək üçün əli ilə uzaqları göstərərək:

- Bax, Sarışınım, o dağları görürsənmi? Gərək gün batmadan onların arxasına keçək ki, heç olmasa kəklikdən, qırqovuldan bir şey vuraq. Yoxsa axşama yavan çörək yeyib, sabaha ac qayıdacağıq.

Heyrətdən bərəlmiş gözlərlə ona baxan Səbinə:

- Nə danışırsan? Bəs deyirdin yamacı aşan kimi ov quşları olur, – deyə dodaqlarını büzüb ağlamsındı, – Yuri, mən oralara gedə bilmərəm, ölərəm e, Yurişka...

Məhərrəm onun könlünü almaqçün belini qucaqlayıb yanağından öpdü: – Yox, ay qız, zarafat eləyirəm, yamacı aşdıq, bitdi. İstəyirsən, buralarda bir yerdə əyləşib dincələk.

- Yox, istəmirəm, dağın üstündə dayanarıq ki, həm şəkil çəkdirək, həm də mən oradan dənizi çəkim.

Məhərrəm:

- Yaxşı, onda tələs, – deyib önə düşdü.

Yamacı çıxıb meşənin bitdiyi yerə gələndə Məhərrəm sonuncu ağacın altına gələrək tüfəngi ağaca söykəyib əşya çantasını çıxardı, yumrulayaraq çantanın qapaq bağlarının altına keçirtdiyi petləri və yataq kisələrini çıxarıb yerə sərdi, yorulub əldən düşən Səbinənin oturmasına kömək edib cib yaylığı ilə onun alnından, gicgahlarından, boyun-boğazından axan təri quruladı, idman köynəyini də çiyninə atıb: – Sən iki dəqiqə dincəl, mən yeməyimizi hazırlayım, – deyib süfrə açaraq yanlarında gətirdikləri ərzaqdan bir salxım üzüm, iki pomidor, xiyar, iki dilim pendir çıxarıb birdəfəlik qablara düzdü. Dilimlənmiş çörək torbasını da önlərinə qoyub Səbinəyə:

- Gəl, canım, bir qismət yemək ye, – deyə təklif etdi.

Səbinə:

- Bu nəydi belə, Yurişkam, tamam xamladım, ayaqlarım özümü saxlamır, yolumuz bitmədimi daha?

Məhərrəm:

- Bitdi sayılır, gözümün işığı, yemək yeyək, o tilin arxasına keçəcəyik, – deyib əli ilə qarşını göstərdi.

- Onda bir az dincələk, sonra yeyərik.

Məhərrəm Səbinəyə yaxınlaşaraq qarşısında diz çökdü, – ayaqlarını uzat həyatım, – deyib, daha onun nə etmək istədiyini anlamasına macal vermədən uzan, uzan, – deyərək sinəsindən sıxıb uzatdı, ayaqlarını masaj etməyə başladı.

Özünü itirən Səbinə mane olmağa çalışaraq: – Yuri, neyləyirsən, ehtiyac yoxdur, – deyə mane olmaq istəsə də, Məhərrəm cəld hərəkətlərlə qızın bud, baldır və topuq əzələlərini masaj edə-edə: – Sakit dur, həyatım, əzələlərdə qan dövranını sürətləndirmək lazımdır ki, səni incitməsin, – deyib əlavə etdi: – Asfaltda o qədər onluq dikdabanla gəzirsən ki, “qruntavoya” düşən kimi xamlayırsan.

Masajı bitirdikdən sonra qızın yanından bir şapalaq vuraraq:

- Dur otur, çörəyimizi yeyək, əməlli-başlı acmışam.

Səbinə:

- Elə mənim də ürəyim üzülür, – deyib süfrəyə göz gəzdirdi, pomidordan birini götürüb dişləyərək çeynəyə-çeynəyə:

- Yurişkam, şəhərdə tərəvəzlə pendir-çörək getmir, adamın gözü xörək axtarır, amma təbiətin qoynunda tam başqadır, burada günlərcə göy-göyərti, tərəvəzi şor-pendirlə ye, heç xörək yada da düşməz.

Məhərrəm onu başı ilə təsdiqləyib ağzındakı tikəsini uddu, sonra da filosof ədası ilə izahat verməyə başladı:

- Bilirsənmi, quzum, burada təbiətin tamlığını pozacaq heç nə yoxdur, havada nə zavodların dumanı, nə də avtomobillərin tüstüsü var. Heç səs kirliliyi də yoxdur, diqqətlə dinlə, bu dağlarda quşların səsindən, yarpaqların xışıltısından, bir də küləyin vıyıltısından başqa bir şey eşidə bilməzsən. Bir qalır radiodalğaların canlı təbiətə təsiri ki, ondan da qaçmaq mümkün deyildir. Amma Sabişkam, səni inandırım, təbiətə ən çox zərər verən də elə səs və dalğa kirliliyidir. Təbiət yaşıllıq və küləklər vasitəsi ilə baş verən hava yerdəyişmələri nəticəsində toz-dumanı neytrallaşdıra bilir, səs və radio dalğaları üçünsə təəssüf ki, bu mümkün deyildir.

Hava təmiz olduqda istixana effekti olmadığından günəşin şəfəqləri yerə daha yaxşı nüfuz edir, nəticədə həm bitki örtüyündə fotosintez prosesi, həm də mikroorqanizmlərin inkişafı sürətlənir. Biz də özümüzə düşən payı D vitamini olaraq alırıq. Yağmur da ki, öz yerində, göydən nə düşürsə torpaq canına çəkir, daha novalçalardan süzülüb yağış kollektorlarıyla dənizə axmır.

Səbinə əl hərəkəti ilə bu mövzularda daha da irəli getmək istəmədiyini göstərərək, – Yurişkam, mənə tüfəng atmağı öyrədəcəksənmi?

- Əlbəttə, bir dənəm, ovdan sonra neçə güllə qaldı, sənindir.

Çörəklərini yedikdən sonra Məhərrəm ətrafdan tapıb gətirdiyi yastı daşları aypara şəklində düzüb, onların ortasına qoyduğu quru spirtləri yandıraraq, yanlarında gətirdikləri su ilə doldurduğu turist çaydanını ocağın üstünə qoydu.

Səbinə:

- Yuri, indi bu balaca şeylər o çaydanı qaynadacaqmı? – deyə maraqla soruşdu.

- Əlbəttə, əzizim, üç quru spirt bir çaydanı qaynadır, inanmırsan bax, – dedi.

Durduqları yerdən görünən mənzərənin gözəlliyinə valeh olan Səbinə gah dağların fotoşəkillərini çəkir, gah da özçəkimlə şəklini çəkirdi. Çaydan qaynadıqda Məhərrəmin toplayıb gətirdiyi kəklikotunu yuyaraq çaydanın içinə atıb dəmlədi.

Çaylarını içdikdən sonra Məhərrəm sevgilisinə:

- Qalx, əşyalarımızı toplayaq, yolçu yolunda gərək, – dedi.

Onlar dağın qərb yamacına keçdiklərində, günəş qüruba üz tutmuş, günortanın istisində daldalandıqları yerdən çıxan kəkliklər daşdan-daşa səkərək, kiçik qayalıqlarda oxumağa başlamışdılar. Səbinənin oturub ətrafı rahatca izləyə biləcəyi bir yer seçən Məhərrəm tüfəngini və əşya çantasını çiynindən çıxarıb yerə qoydu, əşya çantasından bir ədəd pet və yataq kisəsi çıxararaq yerə sərib Səbinəyə:

- Sən burada uzan dincəl, mən gedim görüm, o kəkliklərdən vura bilirəmmi? – dedi.

- Məni tək qoyub gedirsən?

- Nə olacaq, ay qız? Sən “İnstaqram”da bir az başını qat, uzağı bir saata dönəcəyəm.

- Mən də gəlirəm, – deyə Səbinə oturduğu daşın üstündən qalxdı.

- Sən gəlib nə edəcəksən, Sarışınım, uzaqbaşı quşları ürküdərsən, – deyib nəvazişlə əlavə etdi, – günəş batmadan dönəcəyəm, oldumu? Və qızı qucaqlayıb yataq kisəsinin üstündə oturtdu, uzun barmaqlı incə əllərindən öpərək, – darıxsan, səslən, oldumu, həyatım? – deyib yerdən tüfəngini götürdü. Çarəsiz razılaşan Səbinə dodaqlarını büzüb:

- Yaxşı, get, amma geciksən, küsəcəyəm, – dedi.

Məhərrəm tilin ardında yenicə itmişdi ki, ard-arda iki güllə səsi gəldi, on dəqiqə sonra daha bir güllə açıldı. O, getdiyi istiqamətdən başı göründüyündə, dayandığı yerdə səbirsizliklə ayağının birini götürüb o birini qoyan Səbinə ona doğru qaçdı. Məhərrəm sevgilisinin gəldiyini görüb qürurla əlindəki kəklikləri yuxarı qaldırıb:

- Gördünmü, bir saata qalmaz, dönəcəyəm demişdim, hərəmizə birini vurub döndüm.

Səbinə:

- Yuri, halaldı sənə, nə tez vurdun bunları? – deyib kəklikləri Məhərrəmdən aldı, əlindəki cansız quşlara bir az tamaşa edib, – əcəb gözəldirlər, adamın lap heyfi gəlir, – deyə əlavə etdi.

- Əlbəttə, gözəldirlər, hələ sən onların dırnaqlarına fikir ver, elə bil həna yaxmısan, amma Allah bu gözəllikləri bizimçün yaradıb...

Əşyalarının yanına döndükdə, Məhərrəm on addım irəliyə bir ağac sancdı, yanında gətirdiyi boş plastik qabı ağzıaşağı ağacın başına keçirərək Səbinənin yanına dönüb:

- Gəl, Sarışınım, indi səninlə atəş hazırlığına başlayırıq, – dedi.

Öncə tüfəngi necə tutmaq lazım olduğunu və nişanalma qaydasını göstərib silahı Səbinəyə verdi. Səbinə nişan alarkən, o da silahın geritəpmə qüvvəti qızı yıxmasın deyə lülənin altından tutub digər əlini kürəyinə söykəyərək: “İndi hədəfi nişan al və atəş aç”, – dedi. İlk atışda olmasa da, sonrakı atışlarda hədəfi vuran Səbinənin sevincini görməyə dəyərdi. Sol əlini tüfəngdən çəkib yumruğunu havada yelləyir, “yaşasın”, – deyə bağırır, atlanıb-düşürdü...

Məhərrəm:

- Ehtiyatlı ol, ay qız, indi əlində açılar, məni vurarsan, – deyə xəbərdarlıq etsə də, həyatında ilk dəfə tüfəngdən atəş açan Səbinənin vecinə də deyildi...

Tüfəngin sandıqçasındakı güllələr bitdikdən sonra əşyalarını da götürüb gəldikləri istiqamətdə qayıdıb dağın zirvəsinə çıxdılar. Toran düşdükcə ayaqlarının altındakı qəsəbənin, hotellərin ikibir-üçbir yanaraq sayrışan işıqlarına tamaşa edə-edə söhbət etməyə başladılar.

Axşam küləyinin təsiri ilə getdikcə toplanıb sıxlaşan buludlardan yağmur dənəcikləri səpələnməyə başladıqda, qalxıb əşyalarını götürərək meşəyə girdilər. Kottecləri cəmi-cümlətanı iki saat yarımlıq məsafədə olsa da, yağmurlu havada meşədə, açıq havada qalmağın ləzzəti bir başqa idi...

Səbinə tərəddüdlə:

- Yuri, bəlkə kottecə gedək? – deyə soruşdu.

- Niyə, Sarışınım?

- Görmürsənmi, yağmur yağır?

- Bu yağış deyil, qurd balalayır.

- Nə? Haradan bilirsən?

Məhərrəm onun “qurd balalayır” sözünü ciddiyə alıb, qızın həqiqətən canavarın küçüklədiyini sandığına görə, əlini-əlinə vuraraq qəhqəhə çəkdi, heyrətlə ona baxan Səbinəyə:

- Sabişkam, sən elə bildin ki, doğrudan, qurd balalayır? Belə yağış yağanda deyərlər ki, qurd balalayır, narahat olma, az sonra kəsəcək, – deyə izahat verdi.

Səbinə təbəssümlə:

- Yuri... Səndə də elə sözlər var ki... Mən haradan bilim? – deyə çaşqın halda cavab verdi.

Məhərrəm gecələmək üçün palıd ağaclarının arasında nisbətən düz yer seçib əşyalarını yaxınlıqdakı ağacın dibinə qoydu, ov bıçağını çıxararaq ortalıqda çuxur açdı, çır-çırpı toplayıb ocaq qaladı. O, telefonun fanarının işığında ocaq qalamaqla məşğulkən, Səbinə də kəklikləri təmizləməklə məşğul idi. Ocaq əməlli-başlı alışıb köz saldıqdan sonra Məhərrəm kəklikləri ağac budaqlarından hazırladığı şişlərə düzüb kabab çəkdi. O, əti bişirərkən, Səbinə də ocağın kənarında süfrə açmış, çörəyi və pomidor-xiyarı doğrayaraq karton qablarda ortalığa qoymuşdu... Məhərrəm ocağın başında şişləri son dəfə çevirərək: – Yeməyimiz hazırdır, – deyə səslənəndə Səbinə də çaxır şüşəsini və plastik bardaqları gətirdi...

Yeməklərini yedikdən sonra süfrəni toplayan Məhərrəm çır-çırpı ataraq qızışdırdığı ocağın başında bardaş qurub əyləşdi, qolunu yanında əyləşən Səbinənin incə belinə dolayaraq özünə çəkdi, içkinin təsirindən allanan yanağından öpüb dodaqlarını qulağına yaxınlaşdıraraq ehtiras dolu pıçıltı ilə:

- Sarışınım, istəyirəm bir qızımız olsun, – dedi.

Səbinə doğru eşidib-eşitmədiyini anlamaq üçün Məhərrəmin gözlərinə baxdı, onun ciddi olduğunu anladığında qıp-qırmızı oldu, ardınca üzünə yayılan xoş təbəssümlə Məhərrəmin böyrünə qısılaraq:

- Tək istəmirəm, Yurişkam, əkiz olsun, adları da...

Məhərrəm barmağını sevgilisinin dodaqlarına qoyaraq onu susdurub: – “Adları Sevgi və Simgə olsun, sevgimizin simgəsi”, – dedi.

Səbinə sevgilisinin əlini dodaqlarından götürərək ovuclarında bərk-bərk sıxıb dizlərinin üstünə qoydu...

Məhərrəm:

- Sarışınım, daha öncə açıq havada gecələmişdinmi? – deyə soruşdu.

- Yoo, birinci dəfədir, – deyə qız xumarlanan işvəli gözlərlə onu süzdü.

- Onda özünü gözlə, canavarlar gəlsə, mən qaçacağam.

- Qorxutma, Yurim, – deyə Səbinə dodaqlarını büzüb kənara çəkilmək istədikdə, Məhərrəm onu özünə sıxıb:

- Canavara ehtiyac olmayacaq, Sarışınım, səni özüm yeyəcəm, – deyib onu dişləyəcəkmişcəsinə ağzını açdı...

Gecəyarısı yatmağa hazırlaşdıqlarında çiskin ard-arda çaxan şimşəklərin müşayiəti ilə leysana çevrildi...

Səbinə ürkmüş gözlərlə ildırımın alovlu oxlarının səmanı bölüb parçalamasına, yaranan işıqda buludların bir görünüb, bir itən heybətli burulğanına baxır, ardınca qulaqları sağır edən dəhşətli gurultuya diksinərək Məhərrəmin sinəsinə sıxılırdı...

Məhərrəm bardaqdan boşalırcasına yağan yağmura baxıb:

- Belə yerdə deyirlər e, tut ucundan çıx göyə... Bu nədi, İlahi, elə bil hava da bizi gözləyirdi...

Səbinə:

- Yuri, kottecimizə dönəkmi? – deyə soruşdu.

- Gecdir, Sarışınım, biz çatana leysan dayanacaq.

Məhərrəmin qucağında oturan Səbinə onun boynunu bərk-bərk qucaqlayıb yağmurdan islanmış saçlarının qoxusunu içinə çəkdi.

Sevgilisinin ürəyinin döyüntüsünü sinəsində hiss edən Məhərrəm onu cəsarətləndirmək üçün: - Nə qorxaq qızmışsan, mənim sevgilim ürəkli olmalıdır, – deyib yanından ehmalca bir şapalaq vurdu.

Bu anda ətrafı aydınladan ildırımın şəfəqindən diksinərək gözlərini yuman Səbinə:

- Mənə qorxaq demə, küsərəm, Yuri, – deyə nazlandı.

Məhərrəm qızın başını çiynindən çəkib çənəsini özünə tərəf çevirdi. Əllərini Məhərrəmin saçlarında daraqlayan Səbinə asta səslə pıçıldadı:

- Sən dəlisən, Yurim.

Məhərrəm:

- Dəli olmasam, kosmosa gələrdimmi? – deyib sevgilisinin dodaqlarından öpdü...

Qucaqlaşaraq söykəndikləri ağac səhərə qədər, bəlkə, bir daha görməyəcəyi səhnələri görmüş, duymayacağı sevgi dolu sözləri eşitmişdi...

Saatlarca dayanmaq bilməyən leysan onları əməlli-başlı islatdı. Yataq kisələrindən birinin üzərində oturub digərini plaş kimi çiyinlərinə atsalar da, şiddətli yağmurdan qorunmaq mümkün deyildi...

Yağmur zəifləyib leysan yenidən çiskinə döndüyündə, Məhərrəm ayağa qalxıb odun toplamaq üçün yollandı. Ətrafdan toplayıb gətirdiyi quru odunlarla qaladığı ocaqda islanmış paltarlarını qurudaraq geyinib yola düşdülər.

Əl-ələ tutaraq yürüdükləri yolda ayaqları gedir, ruhları meşəyə, qonaqladıqları yerə qayıtmaq, sonsuzadək orada qalmaq istəyirdi... Meşədən çıxanda Səbinə başını qaldırıb səmaya, doğmaqda olan günəşin qızılı rəngə boyadığı buludlara baxıb: - İlahi, necə də gözəl mənzərədir, Yuri, bir dəqiqə ayaq saxla, – deyib telefonunu çıxardı. Onun nə etmək istədiyini anlayan Məhərrəm:

- Quzum, tələsmə, körpünün üstünə çataq, oradan çox daha gözəl görünür, həm sağımızdakı qayalara vuran günəş onları qızılı rəngə boyayır, onların da rəsmini çəkərsən.

- Hansı qayalıq?

- Buradan görünmür balım, gəl gedək, körpünün tən ortasında göstərəcəm, – deyib qızın əlindən tutdu.

Onlar sağlarına doğru yüz əlli-iki yüz metr irəliləyərək körpüyə çatdıqlarında Məhərrəm:

- Burada solumuza dönsən günəşin doğuşunu, sağımıza dönsən günəşin şəfəqlərinin qızılı rəngə boyadığı qayalıqları çəkə bilərsən. Bir də körpünün sürahisinə söykənib özçəkimlə fotomuzu çəkərik, çay da düşər.

- Əla, Maqa, dur öncə bir neçə şəkil çəkim, sonra özümüzü çəkərik, – deyən Səbinə günəşin gözlərinə dolan şəfəqlərini uzaqlaşdırmaq istəyirmişcəsinə gözlərini qıyıb qızılı rəngə boyanmış pambıq topası kimi ağappaq buludların şəklini çəkdi...

VI

Bir tərəfdən ocağın hisi paltarlarına çökmüş, digər tərəfdən də dönüş yolunda idman ayaqqabılarından sıçrayan palçıq üst-başlarını batırmışdı...

Kottecə çatan kimi çirklənmiş paltarlarını soyunub çantaya yığdılar, duş alıb səhər çayını içərək yatdılar.

Dünənki yürüş və yağmurun altında gecələmələri ikisini də yorğun salmış, bir də hələ axşamdan Səbinəni quru saxlamağa çalışarkən özü islanan Məhərrəmi isə əməlli-başlı soyuq tutmuşdu.

Günorta yuxudan oyanıb yaxınlıqdakı restorana getdilər, nahar etdikdən sonra əşyalarını toplayaraq Bakıya doğru yola düşdülər...

Hələ yoldaykən Məhərrəmi öskürək tutmuş, təngnəfəslik başlamışdı. Evə gəldiyində isə istiliyi qalxmışdı. Onda sonradan yaranan bronxitdən və bu xəstəlik üzündən soyuqlamaları necə ağır keçirdiyindən isə Səbinənin xəbəri yox idi.

Əgər xəbəri olsa, onu xəstəxanaya yerləşdirmək üçün əlindən gələni edər, bu mümkün olmasa belə, ən azından evdə tək buraxmaz, nəyin bahasına olursa-olsun, canından çox sevdiyi Yurisini yalnız buraxmazdı...

VII

Qapı zənginin səsinə diksinib ayılan Məhərrəm boynunun ardında qovuşdurduğu əllərini çəkərkən qıc olmuş çiyinlərinin ağrısından ufuldadı, qarnının üstündən sürüşən telefonu havadaca qamarlayıb ayağa qalxarkən, Səbinənin ondan zəng gözlədiyini xatırlayıb ovcunun içi ilə alnına vurdu, – baş qalmayıb ki, – deyə donquldanıb idman şalvarını əyninə keçirib qapıya doğru yönəldi. Aramsız çalan qapı zənginə əsəbiləşib: “Partlama, gəldim”, – deyərək köynəyini geyinməkdən vaz keçdi, onu dolabın açıq qapısından içəri atıb addımlarını yeyinlətdi. Deyinə-deyinə əlini qapının cəftəsinə atıb özünə doğru çəkəndə yerindəcə donub qaldı..., boynuna atılan Səbinə hıçqırıqlara boğularaq çətinliklə: “Yurim, o leysanda paltarlarını mənə verməsəydin, islanıb soyuqlamayacaq, indi də xəstələnməyəcəkdin...” – deyə bildi.

Səbinəni özünə tərəf çəkərək qapını örtdü, sevgilisinin uzun ipək saçlarını oxşayaraq:

- Keçdi, Sarışınım, keçdi, bax artıq yaxşıyam, hər şey də öz qaydasındadır, – deyib qeyri-ixtiyari əşyaların, pal-paltarların necə gəldi atıldığı otağa göz gəzdirib səliqəsizliyindən utandı, Səbinəni divanın yanınadək müşayiət edib əyləşməsini rica etdi, köynəyini götürmək üçün dolaba doğru addımladı...

Xəbər lenti