Dekabrın 24-də ADA Universitetinin təşəbbüsü olan “ADA Tarix Yazır” layihəsi çərçivəsində onlayn mükafatlandırma keçiriləcək.
ADA Universitetindən bildirilib ki, tədbirdə “ADA Tarix Yazır” bloqunda paylaşılan ən yaxşı məzmunlar mükafatlandırılacaq.
Qeyd edək ki, noyabrın 5-dən istifadəyə verilən bloqda yerli və xarici iştirakçılar tərəfindən göndərilən müxtəlif formatlarda hekayələr əksini tapıb. Həmin hekayələr ərazi bütövlüyümüz uğrunda xalqımızın birgə yazdığı mübarizə və həmrəylik tarixini əks etdirir.
Tədbirdə Qiymətləndirmə Komitəsi tərəfindən bloqda yayımlanan hekayə, müsahibə, mahnı, şeir, poster, rəqəmsal görüntü, bloq postu və “Arzum Qarabağ” kateqoriyası üzrə göndərilən yazılar mükafatlandırılacaq. Bundan əlavə, ADA müəllimləri tərəfindən göndərilən hekayələr də nominasiya üzrə mükafata layiq görüləcək. Hazırda nominasiyalar üzrə seçim və qiymətləndirmə prosesi davam edir.
“Layihə psixoloji gərginlik dövründə tələbələrin enerjilərini müsbət yöndə istifadə etmələrinə, baş verən yenilikləri daha yaxından izləmələrinə və bir sözlə, onların Qarabağ ətrafında cərəyan edən tarixi hadisələrin bir hissəsinə çevrilmələrinə imkan verdi. Layihə onlara Qarabağ mövzusunda dərindən araşdırma və müşahidə aparmaq, mövzu ətrafında düşünmək, hisslərini ifadə etmək və paylaşmaq fürsəti təqdim etdi. Onları rəqabətə deyil, əməkdaşlığa ilhamlandırdı”, - deyə ADA Universitetinin akademik işlər üzrə prorektoru və layihənin təşəbbüskarı Vəfa Kazdal bildirib.