Azərbaycanın Küveytdəki səfirliyinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Küveyt qüllələri parkında keçirilən tədbirdə bu ölkədə akkreditə olunmuş 25 diplomatik nümayəndəlik və beynəlxalq təşkilat, habelə Küveytdə müxtəlif sektorları təmsil edən yerli qurumların təmsilçiləri iştirak ediblər. Küveytin Müstəqillik və Azadlıq Günü çərçivəsində parkda qurulmuş Azərbaycan pavilyonunda səfirliyin “Vətənsevər Dostluq Cəmiyyəti” ilə birgə təşkil etdiyi sərgidə ölkəmizin tarixi, mədəniyyəti, o cümlədən Novruz adət-ənənələri, milli geyimlərimiz, xalçalar və turizm potensialı təqdim olunub. Burada, həmçinin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880-ci ildönümü ilə əlaqədar onun həyat və yaradıcılığına həsr olunmuş kitab və jurnallar, işğaldan azad edilmiş Azərbaycan ərazilərinin vəziyyəti, Ordumuzun yaranmasının 103-cü il dönümünü, Qarabağ xalçalarını əks etdirən çap materialları nümayiş etdirilib və ziyarətçilərə paylanılıb. İcma üzvləri qonaqları milli geyimlərdə qarşılayıblar.
Sərgidə Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında ziyarətçilərə geniş məlumat verilib, 2021-ci ildə Şuşada təşkil olunmuş “Xarıbülbül” festivalına dair jurnallar təqdim olunub.
Qonaqlar, eyni zamanda, Azərbaycan mətbəxinə aid yeməklərdən, Novruz şirniyyatlarından dadıblar. Bununla yanaşı, “Made in Azerbaijan” brendinin Küveytdə təbliği məqsədilə sərgi iştirakçılarına ölkəmizdə istehsal olunan “Azərçay” məhsulları hədiyyə edilib.