Xalça sənəti Azərbaycanın xalqının çox qədim tarixə malik mədəni sərvətidir. Bu sənət növü bütövlükdə xalqımızın dünyagörüşünü, estetik zövqünü, məişətini, mədəni dəyərlərini özündə əks etdirir. Xalça örnəklərimiz bu gün də tədqiq edilir, onların tarixi, çeşniləri öyrənilir və yaşadılır.
Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa qrupuna aid “Nəlbəkigül” xalçasına həsr olunub.
Azərbaycanın digər bölgələrində olduğu kimi, Qarabağ bölgəsində də xovlu xalçaların kompozisiyası müxtəlif formalı elementlərdən qurulub. Şuşa qrupuna məxsus “Nəlbəkigül” xalça çeşniləri hündür xovu, əlvan, şux koloriti, çox incə toxunuşu ilə seçilir.
Bu xalçalar xalq arasında “Nəlbəkigül” kimi tanınsa da, Şuşa xalçaçıları onu “Minaxanım” və ya “Minaxanı” adlandırırlar. Mənbələrdə bu xalçanın XVIII əsrin II yarısında Bərdədən Şuşaya köçmüş Mina adlı bir xanım tərəfindən toxunduğu qeyd edilir. Onun toxuduğu bitki ornamentli xalçalar tez bir zamanda ölkəmizlə yanaşı, Qafqazda, İran və Türkmənistan da geniş yayılıb.
“Nəlbəkigül” xalçalarının orta sahəsinin kompozisiyası budaqlarda yerləşdirilmiş kiçik və böyük dairəvi bitki elementlərindən ibarətdir. Simmetrik, bəzən də asimmetrik yerləşdirilməsinə və çox sadə ifadə olunmasına baxmayaraq, bu elementlər Qarabağ xalçalarına məxsus olan gözəlliyi, sadəliyi özlərində təcəssüm etdirir.
Ümumiyyətlə, Qarabağ xalçalarının rəng palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənib. Orta əsrlərdən burada rənglər müxtəlif bitkilərlə yanaşı, bəzi həşəratlardan da əldə edilib.