Logo

Bakıda Hindistan məhsullarının ən böyük ticarət sərgisi açılacaq

25.03.2022 14:30 928 baxış
IMG

Best of India (Hindistanın ən yaxşıları) - Hindistan məhsullarının ən böyük eksklüziv Ticarət Sərgisi 26 mart 2022-ci il tarixdə açılacaq.

ANM Exhibitions, Yun və Yun məhsullarının İxracının Təşviqi Şurası və Hindistanın Bakıdakı Səfirliyi ilə birgə 6 mart- 3 aprel 2022-ci il tarixlərində səhər saat 11:00-dən axşam saat 7:00-dək Bakıda, Neftçilər prospekti 26A ünvanında yerləşən Bakı İdman Sarayında Best of India - Hindistan məhsullarının ən böyük eksklüziv Ticarət Sərgisini təşkil edir. Xarici ölkələrdə ardıcıl olaraq təşkil olunan bu sərgi, Hindistan sənayesinin yüksək keyfiyyətli moda, tekstil və həyat tərzi məhsullarını dünyaya tanıdır.

Hindistanın səfiri cənab B.Vanlalvavna bildirib ki, bu ilki sərgi “Best of India” sərgisinin səkkizinci buraxılışı olacaq və bu sərgidə özünün düyü, çay, ədviyyatlar, hədiyyələr, əl işləri, ev mebeli kimi yüksək keyfiyyətli məhsul və xidmətlərini nümayiş etdirəcək Hindistanın 60-a yaxın şirkət iştirak edəcək.

Səfirin sözlərinə görə, tədbirin əsas üstünlüyü Hindistan Səfirliyinin piştaxtasında əsl Hindistan çayının canlı təbliğatınıın aparılması olacaq. Ziyarətçilər tədbir zamanı istənilən vaxt Hindistan stendində ödənişsiz olaraq Hindistan çayını dada bilərlər. Bundan əlavə, tədbirin davam etdiyi doqquz günü ərzində böyük LED ekranda Hindistanın Assam, Qərbi Benqal, Manipur, Himaçal Prade, Sıkkım, Tamil Nadu və Kerala və s. əyalətlərində turizm, mədəniyyət və investisiya imkanlarının təbliğatı məqsədilə Azərbaycan dilində subtitrlərlə videoların fasiləsiz nümayişi olacaqdır.

Səfir vurğulayıb ki, tədbirdə biznes və ticarətlə yanaşı, zəngin Hindistan mədəni irsinin xalq rəqsləri, Bollivud mahnılarının ifaları, ənənəvi alətlərdə ifa, xına (Mehndi) sənəti və s. vasitəsilə təmsil olunması da diqqət mərkəzində olacaq və bu da öz növbəsində “Best of India” tədbirinə dəyər qatacaq. Sərgiyə giriş ödənişsizdir.

Səfir Vanlavavna həmçinin qeyd edib ki, Hindistan və Azərbaycan arasında tarixi əlaqələrə əsaslanan sıx dostluq münasibətləri mövcuddur və ikitərəfli əməkdaşlıq əlaqələri də getdikcə genişlənir. 2021-ci ilin yanvar-dekabr aylarında Hindistan və Azərbaycan arasında ümumi ikitərəfli ticarət dövriyyəsi ötən ilə nisbətən 26,8% artaraq 739,10 milyon ABŞ dolları təşkil edib. Hindistan Səfirliyi son bir il ərzində Hindistan və Azərbaycan şirkətləri arasında müxtəlif sektorlarda hibrid rejimdə ondan çox B2B görüşlər təşkil etmişdir. Hindistan və Azərbaycan arasında Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) proqramı çərçivəsində də genişlənməkdə olan əməkdaşlıq mövcuddur. Bu prorqam Azərbaycanın təcrübəli mütəxəssislərin və tələbələrin potensiallarınının artırılması üçün Hindistan qurumlarında bütün xərcləri qarşılanan təlim proqramları ilə təmin edir.

Xəbər lenti