Logo

Barmağı sınan aktrisa, pilləkəndən yıxılan aktyor, ilk rəngli film - "O olmasın, bu olsun" filminin pərdəarxası

25.03.2022 19:39 868 baxış
IMG

Kulis.az Azərbaycan kino tarixinin şedevrlərindən sayılan komediya janrında çəkilmiş "O, olmasın, bu, olsun" filmi haqqında maraqlı fikirləri və nadir fotoları təqdim edir.

O olmasın, bu olsun filmi Bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında 1956-cı ildə Hüseyn Seyidzadə tərəfindən ekranlaşdırılmışdır.

Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin - Sərvər (Arif Mirzəquliyev) və Gülnazın (Tamara Gözəlova) məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin dost-tanışları: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olmuşdur.

***

Filmdə xanəndə Xan Şuşinski qonaqlıq səhnəsində "Kürd-Şahnaz" muğamını ifa edir.

***

Yengə rolunu oynayan aktrisa Münəvvər Kələntərli qapının dəliyindən içəri baxarkən qəflətən Sərvər çıxır və yengəni yerə yıxır. Bu məqamda yerə yıxılan aktrisa kiçik barmağını sındırmışdı. Lakin həmin çəkilişlər bitəndən sonra çəkiliş qrupu aktrisanın barmağının sındığını bilmişdilər.

Filmdə xanəndə Tükəzban İsmayılova "Segah" muğamı üstündə oxuyur.

***

Film Azərbaycanın ilk rəngli bədii filmidir.

***

Asiya və Afrika ölkələrinin Beynəlxalq Daşkənd kinofestivalında göstərilən kinokomediya o vaxt yüksək qiymət almışdı. Filmin xarici ekranlara çıxışı da uğurlu oldu. SSRİ Xarici Ölkələrlə Mədəni Əlaqələr İdarəsinin sədri A.Davıdov Azərbaycan Kinematoqrafçıları İttifaqının I katibi Hüseyn Seyidzadəyə göndərdiyi məktubunda yazırdı: ""O olmasın, bu olsun" filmi 40 ölkəyə, cümlədən İran, İraq, Yuqoslaviya, Yaponiya, Avstriya, ABŞ, İsveçrə və Macarıstana satılıb".

Daha sonralar film daha 10 ölkəyə satıldı. Bununla belə, kinolent Bakı kinoteatrlarında nümayiş etdirilərkən, respublika mətbuatında "Müvəffəqiyyətsiz film" başlıqlı kəskin tənqidi resenziya dərc edilmişdi. Çəkilişlər ilyarım davam edib və aparıcı aktyorlara o vaxtın pulu ilə hər çəkiliş günü üçün 60 manat qonorar veriblər.

***

O vaxtlar Azərbaycana qastrol səfərinə gəlmiş hind kinematoqrafçıları bir neçə Azərbaycan filminə baxdıqdan sonra daha çox üstünlüyü Hüseyn Seyidzadənin filmlərinə vermişdilər. Hətta hind kinosunun yaradıcısı Rac Kapur onu Hindistana dəvət etmişdi: "Gedək Hindistana, orada film çəkərsən, səni milyonçu edərəm".

***

"O olmasın, bu olsun" ekranlara çıxandan sonra kinoşünaslar filmi tənqid etmişlər: "Heç bir estetik qanuna tabe olmayan, mənasız və zövqsüz çəkilmiş səhnələr, lüzumsuz vuruşma, qaçışma, hay-küylər, eybəcər oyunbazlıqlar, gah naturalistcəsinə, gah da qeyri-inandırıcı şişirtmələr tərzində verilmiş əcaib kadrlar... Hər şeydən əvvəl isə filmdə Məşədi İbad obrazı yoxdur. Rejissor işinin pərakəndəliyi hər obrazda, hər kadrda özünü göstərir".

"O olmasın, Bu olsun" filmində tamaşaçıların etirazına səbəb olan qüsur... kinokomediyada olmayan, sonra əlavə edilmiş primitiv əhvalatlar — bazarda qoçuların davası, Rüstəm bəyin evində qonaqların qalmaqalı, hamamda verilən çirkin naturalist səhnələr və s. kimə lazım idi? Bu əhvalatlar filmdə o qədər işıq, o qədər hay-küylə verilmişdir ki, komediyanın əsasını təşkil edən ictimai motivlər kölgədə qalır... Filmdə tamaşaçıya təqdim edilən Məşədi İbad isə tamamilə başqadır... Bunun təqsiri rolun yanlış traktovkasındadır. Bəla burasındadır ki, rejissor necə çalmışsa, aktyor da elə oynamışdır".

***

Rejissor Hüseyn Seyidzadə filmdə baş rola-Məşədi İbad roluna aktyor Mirzəağa Əliyevi çəkəcəkdi. Lakin çəkilişlər yenicə başlamışdı ki, aktyor dünyasını dəyişdi. Bundan sonra rejissor yeni Məşədi İbadı-Əliağa Ağayevi tapmalı oldu.

Məşədi İbad rolunun ifaçısı Əliağa Ağayev müsahibələrinin birində deyir: Məşədi İbad rolunu ifa etmək ən böyük və çoxdankı arzum idi. Bakı kinostudiyasında “O olmasın, bu olsun” filminə hazırlıq işləri aparılırdı. Günlərin birində filmin baş operatoru Ə. Atakişiyev teatra gəldi. Həmin axşam mən “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşasında Hacı Qəmbər rolunda çıxış edirdim, nökəri isə artist Əhməd Əhmədov oynayırdı. Elə həmin tamaşa axşamı Ə.Atakişiyev Ə.Əhmədovun Hambal roluna ən yaxşı namizəd olduğunu söylədi və onu kinostudiyaya dəvət etdi. Bir neçə gündən sonra məni də Ə.Atakişiyevin məsləhəti ilə kinostudiyaya sınaq çəkilişlərinə çağırdılar…



Gülnaz rolunun ifaçısı Tamara Ağamirova isə o günləri belə xatırlayır: “O olmasın, bu olsun” məni kino sənətinə yaxınlaşdıran ilk və son filmdir. Böyük bəstəkarımız Ü. Hacıbəylinin bu ölməz operettası ekranlaşdırılan vaxt mən məktəbli idim. Bakıdakı 190 nömrəli məktəbin doqquzuncu sinfində oxuyurdum. Yaxşı yadımdadır, filmin rejissoru Hüseyn müəllim öz köməkçiləri ilə bizim məktəbə gəlmişdi. Bütün məktəbə səs yayıldı ki, “O olmasın, bu olsun” filmində Gülnaz rolunun ifası üçün adam axtarırlar. Onlar sinifləri gəzir, şagirdlərlə söhbət edirdilər. Təsadüf elə gətirdi ki, Gülnaz roluna bir neçə namizəd içərisindən məni seçdilər.

***

Sənəm rolunun ifaçısı Barat Şəkinskaya filmlər bağlı müsahibələrinin birində deyir: Bir gün Dram Teatrına işə gələrkən divardan elan asıldığını gördüm. Elanda yazılmışdı ki, teatrın baş rejissoru Adil İsgəndərov məşqdən sonra bütün aktyorları yanına dəvət edir. Biz Adil müəllimin kabinetinə yığışanda kinorejissor H. Seyidzadəni onun yanında gördük. Hüseyn müəllim Ü. Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasını ekrana çıxarmaq istədiyini bildirdi.
Adil müəllim aktyorlar adından danışıb çıxışının sonunda dedi: “Biz kollektiv şəkildə filmin çəkilişində iştirak edəcəyik. Lazım olsa, epizodik rollarda belə oynayacağıq”. Bu belə də oldu. Adil müəllim özü bazarda dava-şava salan Qoçu Balaqədeş rolunda çəkildi.

Filmdə belə bir epizod var. İki aşiq – Gülnazla Sərvər həyətdəki bağçada oturub söhbət edir. Mən evin içində pəncərədən cavanlara baxıb sonra onların yanına gəlirəm. İş bundadır ki, mənim pəncərədən baxdığım epizod mart ayında çəkilib. O vaxt havalar hələ soyuq idi. Ona görə də əynimə uzunqol paltar geyinmişdim. Sərvərlə Gülnaza yaxınlaşdığım epizod isə beş aydan sonra, yəni avqust ayında lentə alınıb. Bu dəfə qollarımı çırmalamışdım. Tamaşaçı ekranda hər iki səhnəyə birnəfəsə baxır. Ona görə da paltarımda olan dəyişikliyi hiss etmir. O vaxtı isə ikinci səhnədə çəkiləndən sonra evdə gecəyarısı birdən yadıma düşdü ki, ay aman, mən neyləmişəm, kadra qollarım çırmanmış şəkildə girmişəm. Bunu fikirləşəndə başımdan ağrı qopdu. Səhər tezdən Hüseynə zəng vurdum. Əhvalatı ona danışdım. O, ani olaraq fikrə getdi, sonra məni sakitləşdirməyə çalışdı: “Fikir vermə, kinoda belə şeylər çox olur. Bu hələ harasıdır əgər Bondarçukun “Otello”suna baxsan, göydə təyyarə görərsən…”

***

Baloğlan rolunun ifaçısı Lütfəli Abdullayev həyətə girib evə qalxanda pilləkən sınır, qoçu Baloğlan kəlləmayallaq yerə yıxılır. Rejissor bu səhnəni filmə heç də gülüş xatirinə daxil etmədiyini söyləyib onun mənasını belə açıqlayıb: “Pilləkənin sınması, qoçunun yıxılması feodalizmin məhvi deməkdir. Məşədi İbadın simasında isə kapitalizmin dirçəldiyini göstərməliyik. Rüstəm bəy olsa da, o artıq müflisləşib, “quru bəy”dir. Onun cibi boş, sözünün kəsəri yox. Kapitalist, yəni Məşədi İbad kapital sahibidir. O bundan istifadə edir, pul gücünə Rüstəm bəyin – feodalın cavan qızını özünə arvad etmək istəyir. Bax ona görə də sən, Lütfəli, pilləkənlə evə qalxanda elə yıxılmalıdır ki, kənardan baxanda feodalizmin dayaqlarının uçulması hiss olunsun…”

***

Hambal obrazının ifaçısı Əhməd Əhmədov “O olmasın, bu olsun” filmində çəkilişə başlayanda rejissor H.Seyidzadə və operator Ə.Atakişiyev Hambalın xarici görünüşü ilə əlaqədar onun qarşısına şərt qoyurlar ki, başını ülgüclə ortadan qırxdırsın. Bu təklif isə onun xoşuma gəlmir. Lakin, bir müddət sonra o, “İncəsənət qurban tələb edir” deyərək razılıq verir.

Xəbər lenti