Bu xəbər məni olduqca sarsıtdı. Məni elm, təhsil yoluna dəvət edən, bütün şagirdlərinin sevimlisi, əziz müəlliməmiz Rəqsanə İsgəndərova haqqın rəhmətinə qovuşub.
Mən məktəb illərində 8-ci sinifə qədər çox aşağı səviyyədə oxumuşam. Qiymətlərimin çoxusu 3, bir hissəsi isə 4 olub. Ancaq 8-ci sinifdə Rəqsanə müəllimə bizə Kimyadan dərs deməyə başladı. Həmin gündən etibarən mənim kimyaya marağım artdı və bu fənni yüksək səviyyədə oxumağa başladım. Sonralar digər müəllimlər məndən onların da tədris etdikləri fənni yaxşı oxumağımı tələb etdilər. Beləcə mənim təhsilə, elmə baxışım dəyişdi. Bir müddət 4-cü qrup üzrə hazırlaşmaq istədim, ancaq özümü 2-ci qrupda tapdım. Fikirimi 2-ci qrup üzrə hazırlaşmağa dəyişdikdə Rəqsanə müəllimə biraz mənə əsəbləşmişdi. Ancaq sonralar xeyir-dua verdi və mənə uğurlar arzuladı. Sonrakı dövrlərdə yolum işıqlı oldu, ali təhsil müəssisəsinə qəbul oldum, ictimai fəaliyyətlə məşğul olmağa başladım. Bütün bunları mən başda Rəqsanə müəllimə olmaqla digər müəllimlərimə borcluyam. Rəqsanə müəllimə ilə bəzən görüşərdik, evlərinə gedib ziyarət edərdim onu, xeyli söhbətləşərdik. Mən Bakıda təhsil aldığım üçün çox vaxt vatsapala əlaqə qurardıq. Rəqsanə müəllimə bizə əvvələr də dərs demişdi. Aşağı siniflərdə həyat bilgisindən, orta siniflərdə Biologiyadan dərs deyirdi. Düşünürəm ki, həyatda şəxsiyyət kimi formalaşmağımda məhz Rəqsanə müəllimənin tədris etdiyi Həyat Bilgisi dərsinin çox vacib rolu olmuşdur. Rəqsanə müəllimə çox gözəl insan, dəyərli pedaqoq, əvəzolunmaz ana idi. O, həm də şəhid Sahil müəllimin həyat yoldaşı idi. Belə bir mübariz qadının mənə dərs dediyi üçün qürur hissi keçirirə.. Nə yaxşı ki, Rəqsanə müəllimənin şagirdi olmuşam. Bu nə qədər sevindirici haldırsa, onu itirmək dözülməzdir. Ən son 20 mart tarixində Novruz bayramı münasibətilə ən əziz və dəyərli müəlliməmə təbrik ünvanlamışdım. O, həmişəki kimi operativ cavab verdi və öz növbəsində məni təbrik edərək təşəkkür etmişdi. Xəbəri eşitdikdə inana bilmədim. Həyat dolu, savadlı, tələbkar, şagirdlərinin sevimlisi, səsi gəldikdə ən çox sevindiyim müəlliməm artıq bu həyata yox idi. Bunu eşitmək, hiss etmək çox ağırdır. Allah Rəqsanə müəlliməyə rəhmət eləsin. O, böyük insanın ruhu qarşısında baş əyirəm!
Anar Salehoğlu,
Yevlax rayon Ərəş kənd tam orta məktəbinin keçmiş şagirdi