2020-ci il 18 dekabr tarixində Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində "Keşikçidağ (Qatardağ) silsiləsində orta əsrlər dövrünə aid xristian mağara-məbəd abidələri" mövzusunda onlayn elmi seminar keçirilib.
Seminar iştirakçılarını salamlayan Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova karantin döründə keçirilən bu tip onlayn tədbirlərin əsas məqsədinin fakültə əməkdaşlarının, gənc tədqiqatçıların, magistrantların elmi fəaliyyətinin stimullaşdırmaqdan ibarət olduğunu bildirib.
Daha sonra Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının dosenti Yunis Nəsibov "Keşikçidağ (Qatardağ) silsiləsində orta əsrlər dövrünə aid xristian mağara-məbəd abidələri" mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Azərbaycan Respublikası və Gürcüstan Respublikası sərhədində, Ağstafa rayonundan 75 km, Böyük Kəsik dəmiryol stansiyasından 28 km şimal-şərq istiqamətində, tarixi Qafqaz Albaniyası dövlətinin Kambisena vilayətinin torpaqlarında yerləşən Keşikçidağ mağaralar kompleksinin tarixi haqqında ətraflı məlumat verilib. Mağaralar kompleksinin ətrafında ilk insanların yaşayışının daş dövrünə aid edildiyi vurğulanıb. Qeyd olunub ki, Keşikçidağ abidələr ərazisi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli Sərəncamı ilə “Keşikçidağ” tarixi-mədəni qoruğu elan edilib. Hazırda “Keşikçidağ” qoruğunun ərazisində bir qala, 70 mağara, 2 məbəd, 100-ə yaxın kurqan tipli qəbir, 23 su quyusu, 30-a yaxın sığınacaq olduğu müəyyənləşdirilib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş elmi seminar maraqlı müzakirələlə yadda qalıb