Logo

Ayaz Mütəllibov: “Bəxtiyar Vahabzadə dedi, kaş öz dövlətimizi təmsil edəydik” – MÜSAHİBƏ

27.03.2022 23:47 790 baxış
IMG

Kulis.az “İşdən kənar” layihəsindən eks prezident Ayaz Mütəllibovla yazılı müsahibəni təqdim edir.

- Ayaz müəllim, ədəbiyyatı cəmiyyətin hansı hissəsində və nə dərəcədə əhəmiyyətli görürsünüz?

- Mənim fikrimcə, ədəbiyyatın cəmiyyətdəki əhəmiyyəti və rolu ölkənin yaşadığı tarixi dövr və yazıçı sözünə tələbatın artması ilə əlaqəli şəkildə müəyyən olunur. Bu baxımdan konkret bir dövr üçün ədiblər və yazıçıların oxucu auditoriyasına müraciət forması böyük əhəmiyyət kəsb edir. Cəmiyyətin müasir tarixi dövrü nə qədər dramatik cərəyan edirsə, yazıçının sözü də bir o qədər cürətli və prinsipial olmalıdır. Dövrün drammatizmi ilə əhatə olunmuş yazıçı sözü oxucuların, həyatları ağır və taleyüklü sınaqlara məruz qalmış insanların qəlblərinin dərinliklərinə yol tapmalıdır. Məhz tarixin bu anında, əsasını yaradıcı zıyalılar, vətənpərvər gənclik, ölkənin gənc nəslini tərbiyə edəcək müəllimlər ordusu təşkil edən və yazıçılara, yaradıcı ziyalılara arxalanan milli elita formalaşmalıdır.

- Oxuduğunuz məşhur şeir, hekayə və romanlardan nələri xatırlayırsınız?

- Ədəbiyyata münasibətim hələ məktəb illərində kitab oxumağa həvəsimdən irəli gəlirdi. Maraq dairəmə həm ədəbiyyatın proza janrı, həm də poeziya daxildir, baxmayaraq ki, prozaya daha çox üstünlük verirəm. Ola bilsin proza janrında metaforalar, bənzətmələr poeziyaya nisbətən daha azdır. Bu baxımdan Puşkinin və Mayakovskinin şeirlərindəki fərqi nümunə kimi göstərmək olar. Düşünürəm ki, Azərbaycan ədəbiyyatında da belə fərqlər mövcuddur. Azərbaycan şairlərindən Xalq şairi Bəxtiyar Vahabzadənin şeirlərini nümunəvi əsərlər kimi göstərmək olar. Misal üçün, öz həyat yoldaşına həsr etdiyi şeiri...

- Ümumilikdə rus ədəbiyyatına münasibətiniz necədir?

- Sizin sadaladığınız rus klassik ədəbiyyatı müəllifləri bütün dünya miqyasında tanınmış və çox oxunan yazıçılardır. Nəinki rusdilli, hətta Qərb oxucuları arasında tanınan məşhur simalardır. Qeyd etdiyim kimi, mən rus dilində təhsil aldığıma görə, rus klassiklərinin əsərləri ilə yaxından tanışam. Bu əsərlər mənə nə verib? Çox şey! Hər şeydən qabaq, öz biliklərimi, dünyagörüşümü artırırdım. Rus klassiklərinin əsərlərində həyat bütün çalarları ilə əks olunur. Bu əsərlərdə istedadlı yazıçıların rəngarəng bədii palitrası öz əksini tapıb. Rus dilini bilməyin vacib xüsusiyyətləri onunla əsaslanır ki, bu dili bilən insan dünya mədəniyyətinin, elminin, incəsənətinin və iqtisadiyyatının xəzinələrinə yol tapır. Məhz rus dilini bilməyimiz biz azərbaycanlılara dünyanı bütün rəngarəngliyi ilə dərk etməyə yardım edir. Bu xüsusiyyət mənə minlərlə azərbaycanlı kimi dünya elminin bütün nailiyyətlərindən istifadə etmək fürsəti yaradıb. Dünya yazıçılarından Teodor Drayzer, Mark Tven, Kuper, Erix Mariya Remark, Qolsuorsi, Çarlz Dikkens və başqalarının əsərlərini oxumaq imkanı verib.

- Azərbaycan ədəbiyyatından kimlər var maraq dairənizdə? Misal üçün, Nizami haqqında nə danışa bilərsiniz?

- Ölməz şərq ədəbiyyatı müəllifləri Nizami, Füzuli, Nəsimi, Xaqani, Xətai, Sabir, Seyid Əzim Şirvani və başqaları bütün həmvətənlərimizə əziz olduğu kimi, mənə də əzizdir. Şərq ədəbiyyatı dahiləri kimi onların əsərləri əbədi olaraq milli poeziyamızın tarixinə yazılıb. Bir çox əsərləri maarifləndirmə baxımından çox qiymətlidir.

- Doğulduğunuz Şamaxı bölgəsi əsasən şairlər yurdu kimi tanınır. Nəsimi, Hadi, Sabir, Xaqani, Seyid Əzim... Bunlardan nə oxumusunuz, nə bəyənmisiniz?

- Sabiri çox oxumuşam. Hətta Sabirin və Seyid Əzim Şirvaninin şeirlərindən birində babam Məşədi Əşrəfin adı yad edilib. Sabirin “Fəhlə” şeirini əzbərdən bilirəm.

- Başqa şeir bilirsiniz?

- “Azərbaycan” şeiri... El bilir ki, sən mənimsən, yurdum, yuvam məskənimsən...

- Şair, yazıçı, ümumən mədəniyyət xadimlərindən kiminlə dostluğunuz olub? Xatirələriniz varmı?

- Bir çox yazıçı, incəsənət xadimi, ziyalıları şəxsən tanıyırdım. Amma yaxın dostluğum olmayıb. Sadəcə olaraq qarşılaşdığım şəxslərə münasibətim həmişə yaxşı olub. Misal üçün, bir dəfə Nərimanov partiya komitəsində Bəxtiyar Vahabzadə ilə rastlaşdım. O, hansısa bir xahişlə birinci katibin yanına gəlmişdi. Katib Nəcməddin Əhmədovu tapmayıb mənim yanıma gəldi. O vaxt mən ikinci katib işləyirdim. Söhbət etdik, onunla ünsiyyət saxlamaq çox maraqlı idi. Həm də Vahabzadə yumor hissinə malik bir insan idi. Söhbət əsnasında mənə öz şeirlərinin rus dilində nəşr edilmiş kitabını bağışladı. Evdə oxudum, çox bəyəndim. Ən çox xoşuma gələn şairin həyat yoldaşına həsr etdiyi şeir idi. Məzmunu təxminən belə idi: Süfrə arxasında oturmağa macal tapmamış, süfrəni yığışdırdılar.

Həmin görüşdə bir fikri şairlə bölüşdüm. Ona bildirdim ki, şeirlərində bir lirika var və musiqi ilə uyğun gəlir. Mən əmin idim ki, Bəxtiyarın şeirlərinin rus variantına bəstələnmiş mahnılar Rəsul Həmzətovun əsərlərindən heç də geri qalmaz. O vaxt bir çox milli şairlər öz şeirlərini rus dilinə tərcümə etdirirdilər və sonradan onlara mahnılar bəstələnirdi. Bu heç də milli dilin sıxışdırılması deyildi, əksinə bu üsulla Azərbaycanın milli yaradıcı insanlarının nailiyyətlərini həm doğma dildə, həm rus dilində tanıtdırmaq, təbliğ etmək olardı. Misal üçün hansı rusdilli oxucu Həmzətovun əsərlərini avar dilində başa düşərdi? Rəsul Həmzətovu rus tərcüməçiləri və bəstəkarları məşhur etmişdi. Mən bu yerdə sözləri Həmzətovun, musiqisi Mark Fradkinin “Letyat juravli” əsərini misal gətirdim. Bu zaman Vahabzadə ozünəməxsus yumorla cavab verdi: “Bilirsən, yaxşı rus tərcüməçiləri nə qədər araq içir? Mən bu arıq canımla onlarla yarışa bilmərəm”. Dedim, sən içmə, bizim rayonda iki şərab zavodu var. Nə qədər istəyirlər verək içsinlər, təki sən bizi “Letyat Juravli” mahnısı kimi əsərlərlə sevindir.

Şairlə başqa bir dialoq Türkiyəyə səfər zamanı olmuşdu. Bəxtiyar da məni müşayiət edən böyük nümayəndə heyətinin tərkibində idi. Bizim heyətin hərarətlə qarşılanmasından təsirlənən şair dedi: “Kaş biz öz müstəqil dövlətimizi təmsil edəydik” Cavab verdim ki, darıxma, gün gələr bunu da görərik! O vaxt mən Nazirlər Kabinetinin sədri idim.

- Dövlət rəhbəri, ictimai-siyasi xadim kimi hər hansı qərarı verəndə ədəbiyyatın sizə bir təsiri olubmu? Humanizm anlamında, sülhü seçmək anlamında, intriqalardan qaçmaq anlamında...

- Mən ədalət məfhumuna çox diqqətlə yanaşıram. Bu mənim üçün ən yüksək anlayışdır! Ədalət gec-tez qalib gəlir, baxmayaraq ki, hərdən buna illər lazım gəlir. Çox az zaman rəhbərliyim dövründə mən həmişə ictimai-siyasi prosesləri motivə edən xeyir-şər məfhumları arasında həyat təcrübələrimi rəhbər tutmuşam. Əlbəttə dövlət institutlarının fəaliyyətində belə qarşıdurma mövcuddur və bundan da dövlət başçısının qəbul etdiyi qərarlar formalaşır. Hər bir hökumət subyekti dövlətin idarə olunmasında öz iştirakına görə məsuliyyət daşıyır. Qərarların qəbul olunmasında yazıçılar da təkliflərinin çatdırılması üçün öz üsullarından və hüquqlarından istifadə etməlidir. Dövlət öz növbəsində yaradıcı birliklərin fəaliyyətinə müdaxilə etməməlidir.

- Misal üçün, müstəqillik aktına imza atma qərarınızda ədəbiyyatın hər hansı rolu oldumu?

- Belə bir vacib sənədin imzalanması, Azərbaycan vətəndaşlarının öz fikirlərini müstəqil şəkildə bildirməsinin nəticəsidir. Onların içində ədiblər, yazıçılar, incəsənət xadimləri və digər peşə sahibləri də var idi.

- Respublikamızın rəhbəri olduğunuz müddətdə ədəbiyyat və mədəniyyət üçün etdiyiniz hansı işlər yadınızdadır?

- Təəssüf olsun ki, mənim ölkəyə rəhbərliyim xüsusi bir dövrə təsadüf etdi. Çox gərgin bir vəziyyət yaranmışdı, ölkənin və xalqın taleyində olduqca təhlükəli bir vəziyyət vardı. Bildiyimiz kimi, vətənimiz xain qonşular tərəfindən təcavüzə məruz qalmışdır. Buna görə də vaxtımın çox hissəsini bu problemin həllinə yönəltmişdim. Yazıçıların problemləri ilə Yazıçılar Birliyi məşğul olurdu. Bir dəfə xəbər tutdum ki, şair Məmməd Araz yaşının keçməsinə və xeyli tanınmış şair olmasına baxmayaraq hələ də Xalq şairi adına layiq görülməyib. Qərara gəldim ki, bu işi aydınlaşdırım, çünki bu münasibəti tanınmış sənətkara qarşı haqsızlıq hesab edirdim. Adətən bu məsələlərlə şəxsən məşğul olmurdum, bu Yazıçılar Birliyinin səlahiyyətlərinə daxil olan məsələ idi. Buna görə ilk növbədə şair Nəbi Xəzrinin fikrini öyrənmək istədim. Mənim Məmməd Araz barədə təklifimi Nəbi Xəzri çox müsbət qarşıladı. Onda mən soruşdum ki, niyə görə istedadlı, eyni zamanda təvazökar bir insan olan Məmməd Araz diqqətdən kənarda qalıb? Nəbi Xəzri mənim sualıma cavab verə bilmədi. Bununla da Məmməd Araz barədə ədalət bərpa edildi və o, yüksək mükafata təqdim olundu.

- Sizcə, rəhbər və yazıçı münasibətləri necə olmalıdır? Bildiyiniz kimi, zaman-zaman bu münasibətlər həm ədəbiyyat, həm cəmiyyət üçün maraqlı mövzu olub.

- Sizin sualınızdakı hər iki tərəf öhdələrinə düşən işlə məşğul olsa yaxşıdır və bir-birilərinə mane olmamalıdırlar. Amma bu o demək deyil ki, vətəndaşların öz fikirlərini bildirməyi məhdudlaşdırılmalıdır, əksinə hər bir konstruktiv təklifin açıq şəkildə bildirilməsi üçün lazımi şərait yaradılmalıdır. Bunu bilmək vacibdir ki, konstruktivizm, cəmiyyət üçün ziyanlı vərdiş yaradan radikallaşmanın neytrallaşdırılmasında olduqca əhəmiyyətlidir. Bu disputu demokratiyanın bir elementi kimi qəbul etmək olar.

- Sizcə, mədəniyyətə dövlətin dəstəyi necə olmalıdır? Təbii ki, demokratik cəmiyyətdə...

- Demokratik dəyişikliklərə dövlət dəstəyi, demokratik cəmiyyətin dəyərli göstəricilərini müəyyən edən, demokratiyanın əsasını təşkil edən prinsiplərin vicdanlı şəkildə həyata keçirilməsində ifadə olunmalıdır. Milli elitanın demokratik reformaların təbliğindəki rolu və əhəmiyyəti olduqca vacibdir. Onların əhəmiyyəti, demokratik dəyişiklərin inkişafı kimi zəruri bir proses qədər əhəmiyyətə malikdir. Bizim tərəfimizdən qəbul edilmiş demokratik cəmiyyətin zəruriliyi məcbur edir ki, dəyişikliklərə getmək üçün tək deklotrativ qərarlarla kifayətlənməyək, eyni zamanda real şəkildə dövlətin demokratik islahatlarına nail olaq. Bu yolda yaradıcı ziyalılar, o cümlədən onun ədəbi avanqardı sayılan yazıçılar vacib rol oynayır.

- Ədəbiyyat üzrə Nobel alan yazıçıları izləyirsinizmi? Bu məsələ nə qədər maraq dairənizdədir?

- Nobel alan yazıçıları izləmirəm, amma bir neçəsini tanıyıram. Nobel ilk dəfə 1901-ci ildə təqdim olunub. Nobeli alanlanlardan rus dilli yazıçılar Soljenisını, Pasternakı, Şoloxovu, Brodskini, türk yazıçı Orxan Pamuku, eyni zamanda Heminqueyi və Uinston Çerçillin adını çəkə bilərəm.

- Nə vaxt və nələri mütaliə edirsiniz?

- Sistemli mütaliə etmirəm. Lakin imkan olduqca kitab oxuyuram. Əsas da klassikanı... Açıq desək, internetin meydana çıxması kitab oxumağa az vaxt qoyur.

- Hökmdar və yaradıcılıq. Bildiyiniz kimi, şeir yazan hökmdarlar çox olub. Bu məsləyə necə baxırsınız? Özünüz nə vaxtsa nəsə yazmısınızmı? Şeir, hekayə, xatirə, məqalə və s.

- Hökmdar və şair deyəndə ilk əvvəl Şah İsmayıl Xətai yada düşür. Vəzifəsindən asılı olmayaraq hər bir insanın daxili aləminə uyğun hobbisi vardır, o cümlədən şeirə və ədəbiyyata münasibətdə... Mənə gəldikdə isə memuarlarımı yazmaqda davam edirəm, yazdıqlarımı korrektə edirəm.

Xəbər lenti