Logo

BDU-da Qarabağ ruhu - 32-ci yazı

23.12.2020 13:09 784 baxış
IMG

Qarabağlı fəxrlərimizin ruhu şad olur

 

32-ci yazı

 

İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.

 

Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töhfələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.

 

Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töhfələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən haqq mübarizəmizdə qazanılan tarixi qələbə onların da ruhlarını şad edir.

 

Otuz ikinci yazımız 1965-1992-ci illərdə Bakı Dövlət Universitetinin Funksiyalar ‎nəzəriyyəsi və funksional analiz kafedrasına rəhbərlik edən  Əmir Şamil oğlu Həbibzadə ilə bağlıdır.

 

Əmir Həbibzadə 1916-cı il 23 yanvarda Şuşa şəhərində anadan olmuşdur. İlk təhsilini bu şəhərdə alan Əmir Həbibzadə sonra təhsilini Ağdam şəhərində davam etdirmişdir. Daha sonra  o, Bakıya gəlmiş,  1936-cı ildə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1941-ci ildə fakültəni bitirdikdən sonra Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində və hazırlıq kursunda riyaziyyat fənninin tədris etmişdir. 1944-1947-ci illərdə ‎Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunda ‎aspirant olmuşdur. 1948-ci ildə namizədlik, 1970-ci ildə isə ‎doktorluq dissertasiyası müdafiə etmişdir. 1948-ci ildən Bakı ‎Dövlət Universitetində baş müəllim, dosent, professor ‎kimi çalışmış, 1965-1992-ci illərdə isə Funksiyalar ‎nəzəriyyəsi və funksional analiz kafedrasına rəhbərlik etmişdir.

 

Ə.Həbibzadənin namizədlik dissertasiyası Laplas operatoru və onun müəyyən iterasiyaları ilə təyin edilmiş xüsusi törəməli diferensial tənliklərin bəzi sərhəd məsələlərinin tədqiqinə həsr edilmişdir. 1948-ci ildə "Poliharmonik tənliklər sisteminin həlli və onların sərhəd məsələlərinə tətbiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Dosent vəzifəsinə yeni təyin olunan  Ə.Həbibzadə riyazi analiz, inteqral tənliklər, kompleks dəyişənli funksiyalar nəzəriyyəsi  və s. kimi ümumi kurslarla yanaşı, avtomorf funksiyalar, konform inikaslar, sinqulyar inteqral tənliklər, daxilolma  teoremleri kimi xüsusi kurslardan mühazirələr oxumuşdur.

 

Ə.Həbibzadə bir müddət Azerbaycan Elmlər Akademiyasının Fizika-riyaziyyat İnstitutunun "Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri vəzifəsində çalışmış və o zamanlar akademik A.Mirzacanzadənin rəhbərlik etdiyi geniş elmi seminarda kompleks dəyişənli funksiyalar nəzəriyyəsinin müasir problemlərindən mühazirələr oxumuşdur.

 

Onun rəhbərliyi altında  54 nəfər elmlər namizədi,  7 ‎elmlər doktoru hazırlanmışdır. Onlardan bir çoxu Özbəkistan, Türkmənistan, ‎Dağıstan, Misir, Kuba vətəndaşlarıdır. O, riyaziyyat və mexanika sahəsinda müdafıə edilən çox sayda dissetrasiyalara opponentlik etmiş, on ildən  çox bir müddətdə  Namizədlik Dissertasiyası üzrə Şuranın sədr müavini, bir çox Doktorluq və Namizədlik Dissertasiya Şuralarının üzvü olmuşdur.

 

Alimin yazdığı dərsliklər indi də kompleks dəyişənli funksiyalar nəzəriyyəsi və funksional analiz fənləri üzrə tələbələr tərəfindən çox istifadə edilən kitablardandır. Əmir Həbibzadə on ildən çox Ali Təhsil Nazirliyində Elmi Metodik Şuranın sədri olmuşdur.  Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb.

 

Azərbaycan riyaziyyat elminin inkişafında danılmaz xidmətləri olan professor Əmir Həbibzadə  2009-cu ildə vəfat edib.

 

Əminik ki, Qarabağın işğaldan azad edilməsi, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Əmir Həbibzadənin dünyaya göz açdığı Şuşa şəhərində dalğalandırması görkəmli alimin ruhunu şad etmişdir.

Xəbər lenti