Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunan Ege Universitetinin bir qrup professor-müəllim heyəti Bakıda Hərbi Qənimətlər Parkında olublar.
Tehsil.biz xəbər verir ki, Hərbi Qənimətlər Parkının bələdçisi türkiyəli professorlara qənimətlər barədə ətraflı məlumat verib. Qonaqlar açıq səma altında salınan parkda 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən hərbi texnika, ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat və digər sursatlarla tanış olublar. Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də müəllimlərin marağına səbəb olub.
Qeyd edək ki, Hərbi Qənimətlər Parkında ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Hərbi Qənimətlər Parkı dövlətimizin gücünün, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin, tarixi Qələbəmizin dünyaya sübutudur.