Logo

BDU-da "Güclü Lider - Qüdrətli Azərbaycan!” mövzusunda dəyirmi masa keçirilib

23.12.2020 15:32 805 baxış
IMG

Bu gün Bakı Dövlət Universitetində (BDU) “Güclü Lider - Qüdrətli Azərbaycan!” mövzusunda onlayn dəyirmi masa keçirilib.

 

Virtual tədbir iştirakçılarını salamlayan BDU-nun rektoru Elçin Babayev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun işgalçı Ermənistan üzərində tarixi Qələbəsindən bəhs edib. Ümummilli Lider, fenomenal şəxsiyyət Heydər Əliyevin xalqımızı tarixin ağır və sərt sınaqlarından çıxararaq müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun sağlam gələcəyinin etibarlı bünövrəsini yaratdığını qeyd edib. E.Babayev tariximizin ən böyük xilaskarlıq missiyasını isə “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyən Ulu Öndərin ideyalarını  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davam etdirdiyinə diqqət çəkib.

 

Rektor Vətən Müharibəsində qazanılan zəfərin ölkənin uğurlu inkişafının nəticəsi olduğunu vurğulayaraq Azərbaycanın bu möhtəşəm qələbəni Ali Baş Komandanın müdrik qərarları, rəşadətli ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində qazandığından söz açıb. Bu qələbədə Bakı Dövlət Universitetinin tələbə və məzunlarının iştirakını da vurğulayaraq Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını, qazilərimizlə fəxr etdiyini diqqətə çatdırıb.

 

Rektor Prezident İlham Əliyevin ölkəyə rəhbərik etdiyi illərdə gənclərin təhsil, kareyra və inkişaf məsələlərinin həlli istiqamətində mühüm tədbirlərin həyata keçirilməsini, ölkədə könüllük hərəkatına verilən dəstək və gənclərin elm, təhsil, mədəniyyət və digər sahələrə yönəlmiş layihələlərinin reallaşdırılmasını ölkə gənclərinə göstərilən diqqət və qayğı nümunəsi kimi qiymətləndirib.

 

Milli Məclisin komitə sədri, BDU-nun kafedra müdiri Ziyafət Əsgərov “Beynəlxalq hüquq və Azərbaycanın möhtəşəm qələbəsi” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılan möhtəşəm Qələbəni bizə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Müzəffər Ali Baş Komandanımızın misilsiz cəsarəti və rəşadətli Ordumuz nəsib etdi. Ulu Öndərin “Vaxt gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq” sözlərini xatırlayan natiqin sözlərinə görə, dövlət başçısının qətiyyətli addımları, xalqa müraciətləri ürəyi Azərbaycanla döyünən hər kəsdə böyük ruh yüksəkliyi yaratdı, hər kəsi  səfərbər etdi. Çıxışda eyni zamanda Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcacüzün beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi, uzun illər davam edən işğalçılıq siyasətinin dayandırılmasını şərtləndirən amillər və qələbənin nəticələri barədə geniş məlumat verilib.

 

Daha sonra Milli Məclisin komitə sədri, BDU-nun kafedra müdiri Hicran Hüseynova “Xalqın yenilməz sərkərdəsi”, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, BDU Himayəçilər Şurasının üzvü Fərid Şəfiyev Azərbaycanın beynəlxalq əlaqələrinin, xarici siyasətinin uğurlarına dair, Milli Məclisin üzvü, BDU-nun kafedra müdiri Kamilə Əliyeva “Tarixə fateh sərkərdə kimi düşən prezident”, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Fərid Babayev “Azərbaycanın iqtisadi uğurları gələcək qələbələrimizin əsasıdır”, Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev “İnformasiya cəbhəsinin komandanı”, Hüquq fakültəsinin magistrantı Əkbər Əliyev “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tələbə-gənclərin inkişafında rolu” mövzusunda məruzə ilə çıxış ediblər.

 

Çıxışlarda Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik qabiliyyəti, diplomatik məharəti, prinsipiallığı, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, düşmənin belini qıran dəmir yumruğu, xalqın Prezidentinə olan birmənalı dəstəyi, yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı, informasiya müharibəsində qazanılan zəfər, Türkiyə-Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri, işğaldan azad edilmiş ərazilərdə aparılacaq yenidənqurma və quruculuq işləri, uğurla aparılan çoxşaxəli islahatlar sayəsində gənclərin bütün sahələrdə fəallığı, bilikli gənclərin idarəetmədə yaxından iştirakı və mühüm vəzifələrə təyin edilməsindən söz açılıb. Qeyd olunub ki, məhz İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan hazırda bütün sahələr üzrə dinamik inkişafın yeni mərhələsini yaşayır.

 

Onlayn dəyirmi masada Ali Baş Komandanımızın rəhbərliyi və ordumuzun rəşadəti sayəsində əldə olunan qələbə və əzəli torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik nitqləri səsləndirilib, ölkəmizin haqq savaşının Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq mərhələ kimi qiymətləndirilib.

 

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş dəyirmi masaya 350-dən çox iştirakçı qatılıb.

Xəbər lenti