Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin İctimai elmlər və multikulturalizm kaferdrasının təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə Vətənimizin igid oğul və qızlarının, soyqırıma məruz qalan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov giriş sözü ilə çıxış edib. Bildirib ki, “böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlarının xalqımıza qarşı törətdiyi soyqırımı siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Erməni millətçilər müxtəlif dövrlərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirib, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Rektor qeyd edib ki, Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.
İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi Zəminə Novruzovanın moderatorluğu ilə davam edən tədbirdə həmin kafedranın professor müəllim heyəti – baş müəllim Şahmar Həsənov ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə azərbaycanlının böyük qəddarlıqla qətlə yetirilməsindən, yaşayış məntəqələrinin yerlə-yeksan edilməsindən, minlərlə insanın evindən-obasından didərgin düşməsindən, baş müəllim Mətanət Mustafayeva Mart Soyqırımlarının milli mətbuat səhifələrində necə işıqlandırılmasından, dosent Mehriban Tağıyeva Pirəmsaq döyüşündən, İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi Əli Məmmədli Şamaxı soyqırımından danışıblar.
Quba şəhərində Soyqırımı Memorial Kompleksinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Ələkbər oğlu Talıblı tədbirdə çıxış edərək 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırıma məruz qalması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına qərar verilməsi haqqında məlumat verib.
Tədbirdə 31 mart soyqırımı gününə, eləcə də, 44 günlük Vətən Müharibəsində Ermənistan tərəfindən Gəncənin ballistik raketlərdən atəşə tutulmasından bəhs edən video-çarxlar nümayiş olunub.