Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının direktoru Nigar İsmayılova “Elektron kitabxanaların təşkili və formalaşması problemləri” mövzusunda keçirilən onlayn respublika elmi konfransında iştirak edib. Elmi konfrans Naxçıvan Dövlət Universitetinin (NDU) təşkilatçılğı ilə baş tutub.
Universitetin rektoru Elbrus İsayev elektron kitabxanalarda informasiya texnologiyalarının tətbiq edilməsinin istifadəçilərə dünya informasiya məkanına daxil olmaq baxımında daha geniş imkanlar yaratdığını qeyd edib. Rektor bildirib ki, kitabxana fəaliyyətinin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” qəbul olunub.
BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova konfransda “Elektron kitabxanaların yaradılmasının proqram və texniki təminatı” adlı məruzə ilə çıxış edib. N.İsmayılova çıxışında vurğulayıb ki, rəqəmsallaşma zamanı proqram-aparat təminatı analiz edilməli və istifadəçilərin dünya informasiya məkanına daxil olmaları baxımından geniş imkanlar açan daha optimal texnologiyalar tətbiq edilməlidir. Natiq konfrans iştirakçılarını Elmi Kitabxananın bu istiqamətindəki fəaliyyəti ilə tanış edib, görülən işlərdən bəhs edib. Məruzədə avtomatlaşdırma prosesi, proqram təminatı, elektorn kitabxana fondu, informasiya-kommunikasiya texnologiyalarının kitabxana proseslərinə tətbiqi kimi məqamlara da aydınlıq gətirilib.
Konfrans bölmə iclası ilə davam edib.