Logo

TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının fövqəladə iclası davam edir

31.03.2022 13:08 406 baxış

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində martın 31-də başlayan fövqəladə iclası davam edir. İclasın ikinci hissəsində Şuşa şəhərinin 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı seçilməsi məsələsi müzakirə olunacaq.

Tehsil.biz AZƏRTAC'a istinadən xəbər verir ki, iclasda Azərbaycanı mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Azərbaycan heyətinə ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər daxildir.

İclasın gündəliyində təşkilatın ötən dövrdəki fəaliyyətinə dair hesabatı dəyərləndirmək, təşkilati və cari məsələlərin müzakirəsi təsdiqlənib.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun sədrliyi ilə keçirilən iclasın rəsmi açılışında Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov, Bursa valisi Yakup Canpolat, Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş, Azərbaycan mədəniyyət naziri Anar Kərimov, Qırğızıstan mədəniyyət, məlumat, idman və gənclər siyasəti naziri Azamat Camanqulov, Qazaxıstan mədəniyyət və idman nazirinin müavini Nurkissa Dauyeshov, Özbəkistan mədəniyyət nazirinin müavini Muradcan Məcidov, Şimali Kipr Türk Respublikasının Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu, TÜRKPA Baş katibi Mehmet Süreyya Er, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Macarıstanın İstanbuldakı Baş konsulu Laszlo Kellerin protokol çıxışları dinlənilib.

Sonra Türkmənistanın mədəniyyət naziri Atagəldi Şamuradov və Moldova Respublikasının Qaqauz Yerinin mədəniyyət və turizm baş idarəsinin rəhbəri Marina Semionovanın onlayın çıxışları olub.

Rəsmi açılışdan sonra Macarıstan Prezidenti tərəfindən təltif edilən TÜRKSOY-un Baş katibi Düsen Kaseinova “Macar Ləyaqət nişanı” mükafatı təqdim edilib.

Xəbər lenti