Logo

Təhsil müəssisələrində soyqırım qurbanları anılıb

01.04.2022 01:04 360 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər keçirilib.

Təhsil müəssisələrində “Martın qanlı izləri”, “31 Mart-Azərbaycanlıların Soyqırımı Günüdür”, “Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır” və digər mövzularda konfrans, mühazirə, toplantı, “Dəyirmi masa”lar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib.

Soyqırımı Günü ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib.

Eyni zamanda təhsil müəssisələrində 1918-ci ildə törədilən qanlı hadisələrdən bəhs edən sənədli və bədii filmlər də nümayiş etdirilib.

Tədbirlərdə soyqırıma məruz qalmış qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın tarixi haqqında şagirdlərə geniş məlumat verilib.

Bildirilib ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində Bakı Soveti və bolşevik-daşnak silahlı dəstələri xalqımıza qarşı kütləvi qırğın törədiblər. Qeyd olunub ki, daşnakların xalqımıza qarşı törətdikləri 31 Mart Soyqırımının araşdırılması və həqiqətlərin dünyaya çatdırılması istiqamətində sistemli işə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. Ulu öndər Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımları beynəlxalq ictimaiyyətə çatdırmaq, xalqımızın yaddaşına həkk etdirmək məqsədilə 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Bu Fərman əsasında hər il 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur.

Vurğulanıb ki, xalqımızın üzləşdiyi soyqırımların təkrarlanmaması üçün daim yaddaşlarda yaşadılması və zəruri nəticələrin çıxarılması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırım hadisələri, həmçinin Vətən Müharibəsi dövründə dinc əhaliyə qarşı törədilən terror aktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla, baş verənlərə beynəlxalq aləmdə hüquqi-siyasi qiymət verməyə çağırıb.

Şagirdlər 31 mart hadisələrinə həsr edilmiş şeirlər, bayatılar, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Xəbər lenti