Qətərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də olub.
QSC sədri Rövşən Məmmədovla səfirin görüşündə iki ölkə arasındakı əlaqələrin intensiv şəkildə inkişaf etdiyi, bu istiqamətdə hər iki dövlətin rəhbərlərinin ciddi səylər göstərdiyi vurğulanıb. Bunun nəticəsi kimi Azərbaycan-Qətər münasibətlərinin yüksək templə inkişaf etdiyi bildirilib.
R.Məmmədov qeyd edib ki, Azərbaycanın ən köklü televiziya kanalı olan AzTV Qətər televiziya kanalları, xüsusilə də dünyaca məşhur “Əl-Cəzirə” ilə əməkdaşlıqda maraqlıdır.
Diplomat AzTV ilə “Əl-Cəzirə” arasında əməkdaşlığın qurulması üçün səfirliyin dəstək verəcəyini söyləyib.
“Əl-Cəzirə”nin bir qrup mütəxəssisinin AzTV-yə gəlməsi, təcrübə mübadiləsinə öz töhfələrini verməsi üçün danışıqların aparılması qərara alınıb.
Bundan başqa, görüşdə bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Azərbaycanda eksklüziv yayım hüququna malik AzTV-nin beynəlxalq əhəmiyyətli tədbiröncəsi hazırlıqları barədə videoreportajlarının faydalı olacağı ifadə edilib.