Logo

“ARB Günəş”in yeddi yaşı tamam olur

01.04.2022 13:24 674 baxış
IMG

Aprelin 1-də ölkəmizin ilk uşaq televiziyası “ARB Günəş”in 7 yaşı tamam olur.

Azyaşlı tamaşaçıların sevərək izlədiyi telekanal 2015-ci ildən fəaliyyətə başlayıb.

“ARB Günəş” televiziyasının yarandığı ilk gündən qarşıya uşaqların zövqünü oxşamaq, onların marağına xidmət etmək məqsədi qoyulub. Televiziyada indiyədək 20-dən çox telelayihə və proqramlar hazırlanaraq efirə verilib.

“ARB Günəş” azyaşlı izləyicilərə Azərbaycan dilində cizgi filmləri və maarifləndirici proqramlar təqdim edir. “Xəbərdar ol”, “Mərcangildə”, “Çərpələng”, "Biz nə fikirləşirik", "Təbiət və biz", “Yuxunuz şirin olsun” və digər verilişlərdə uşaqlara davranış, ünsiyyət qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq, mütaliə vərdişləri öyrədilir. Proqramlarda istedadlı məktəblilər öz bacarıqlarını nümayiş etdirir, izləyicilərə uşaq aləmində baş verən ən son yeniliklər çatdırılır.

Azərbaycanın kiçik yaşlı tamaşaçılarına "Qarabağ Azərbaycandır" həftəlik proqramında artıq yenidən bizim olan qədim torpaqlarımızın təbiəti, gözəllikləri, abidələri, görkəmli şəxsiyyətləri barədə müntəzəm  məlumatlar təqdim edilir. Şanlı Ordumuzun qazandığı tarixi qələbəmiz balaca tamaşaçılarımıza “Zəfər tariximizi birlikdə öyrənək” şüarıyla təlqin olunur.

Telekanal əksər dövlət və hökumət qurumları ilə səmərəli əməkdaşlıq edir. Tamaşaçılara təkcə əyləncəli və maarifləndirici deyil, eləcə də, sosial xarakterli bir sıra layihələrə imza atıb.

“ARB Günəş” eşitmə və nitq qüsurlu uşaqların cəmiyyətə inteqrasiyası mövzusunu özündə əks etdirən "Gözləri ilə danışan mələklər" adlı sosial layihəsi tamaşaçıların rəğbətini qazanıb. Layihənin məqsədi bu qəbildən olan uşaqların cəmiyyətdə özünə layiqli yer tutmasına, sağlam ruhda böyüməsinə, təlim və tərbiyəsinə, eləcə də, onların təhsilinə diqqəti yönəltməkdir. Sosial əhəmiyyət daşıyan ekran işi xüsusi qayğıya ehtiyac duyan uşaqların gündəlik həyatda - ailə və cəmiyyət içində yaşadığı problemləri gündəmdə saxlamağa xidmət edir.

Pandemiya zamanı ölkə məktəblilərinin təhsilini distant formada davam etdirməsi şəraitində teledərslər “ARB Günəş” televiziyasında yayımlanıb. Bundan başqa, telekanal tərəfindən Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həftəlik “Təbiət və biz” verilişi hazırlanır.

Türkiyədə keçirilən “Beynəlxalq Uşaq Mediası konfransı”nda ölkəmizi davamlı olaraq “ARB Günəş” təmsil edir.

“Azerspace 1” peyki vasitəsilə yayımını həyata keçirən “ARB Günəş”i  kabel televiziyalarında, eləcə də, internetdə onlayn izləmək mümkündür.

Xəbər lenti