Filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin sayılıb-seçilən, nüfuzlu müəllimlərindən biridir. O, ömrü boyu çox sevdiyi jurnalistikaya əbədi bir sədaqət göstərməkdədir. 1960-cı ildə jurnalistika üzrə təhsilini başa vurub istehsalata getmiş, Azərbaycan Sovet Ensiklopediyası redaksiyasında redaktor işləmişdir. Bitirdiyi Jurnalistika fakültəsinin rəhbərliyi bir az keçməmiş onu BDU-ya dəvət etmişdir. O, əvvəlvcə fakültədə laborant, müəllim, baş müəllim kimi çalışmış, tezliklə elmlər namizədi adını alaraq dosent vəzifəsini tutmuşdur.
Amma bütün bunlardan əvvəl Mahmud Mahmudovu tələbələrinə doğma ata münasibətində olan bir müəllim kimi xarakterizə edərdik. Mahmu müəllimi dərs demiş olduğu yüzlərlə məzun tələbələri həmişə hörmət və məhəbbətlə anırlar. Onun əsas fənləri ədəbi redaktənin əsasları və nəşriyyatçılıq işidir. Hər iki fənni ilə əlaqədar olaraq fundamental dərslik və dərs vəsaitləri hazırlamışdır ki, bu vəsaitlər tələbələrin indi də köməyinə çatır.
Jurnalistika fakültəsində müəllim olub da hər kəs praktik fəaliyyətə can atmır. Mahmud müəllim ömrünün ötən böyük illərini oçerk janrına həsr edib, bununla bağlı neçə-neçə kitaba imza atıb. O kitablar da həmin janırın praktika ilə əlaqəsini əks etdirərək tələbələrə gərək olmaqdadır.
Bizim fakültəni bitirən hər kəs etiraf edər ki, bura Azərbaycan mühitinin ən təmiz, saf, tələbədən təmənna uzaqlığı ilə seçilən bir yerdir. Nəsir İmanquliyev, Şirməmməd Hüseynov kimi korifeylərin əsasını qoyduqları bu saflığı bu gündə öz ailəsi kimi qoruyan müəllimlərimizin önündə gedənlərdən biri də Mahmud müəllimdir.
Bir il bundan əvvəl bu təmiz və saf qəlbli müəllim magistraturada tədris ili boyunca mənə dərs dedi. Mən həmin o bir ildə Mahmud müəllimi təkcə bir müəllim kimi yox, həm də babam kimi, atam kimi sevdim...
Və bir neçə gün əvvəl fakültəyə baş çəkəndə eşitdim ki, Mahmud müəllim pandemiya şəraitinin yaratdığı online dərs formatından imtina edib, işdən ayrılmaq ərizəsi yazıb. Çox təssüf etdim. Çünki bu müəllimdən tələbələri hələ çox şey öyrənə bilərdilər.
Mahmud müəllim deyib ki, mən dərs dediyim tələbəylə üzbəüz oturmayacağamsa, ona verdiyim biliyi və ondan aldığım cavabları rubəru (öz sözüdür) dinləməyəcəyəmsə, qoy mənim yerimə cavanlar gəlsin. Dəyişən dünyaya gənc nəsil öyrəşdi. Onlara uğur arzulayıram.
Mahmud müəllim Universitetlə vidalaşmağından doğan təəssüfümü də gizlətməyib:
-Universitet mənim burada keçirdiyim 60 ilimin müqəddəs məkanıdır. Həmişə fəxr etmişəm ki, mən Bakı Dövlət Universitetinin əməkdaşıyam. Nə qədər ömrüm var, doğma fakültə ilə əlaqə saxlayacam. Universitet rəhbərliyinə təşəkkür edirəm. Yeni rəhbərlik bu çətin şəraitdə qüvvələri səfərbər etmək və dərs prosesini online formatda yüksək peşəkarlıqla həyata keçirməyi bacardı.
Universitetə sevgi dolu qəlbi olan Mahmud müəllimə bütün məzun tələbələri adından uzun ömür, xoş həyat arzulayıram. Sağ olun, əziz müəllimimiz, siz fakültəmizdə və tələbələrinizin qəlbində elə uca yer tutmusunuz ki, o ucalıqda hər an sizi görüb də salamlarımızı çatdırmaq xoşbəxtliyini yaşayacağıq.
Mehdizadə Günel