Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir.
Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanır.
Beynəlxalq aləmdə Azərbaycan yüksəlir, uğurlar qazanır.
Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir,
Azərbaycanın nüfuzu artıbdır.
İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər.
Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə,
onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Hər bir xalqın tarixi inkişafına nəzər salsaq görərik ki, böyük uğurların əldə olunmasında, dünyada gedən intibah prosesində ölkələrin qabaqcıl pillələrdə qərarlaşmasında liderlərin rolu müstəsna və həlledicidir. Liderlik bacarığı elə siyasətçilərə məxsusdur ki, onlar xalqının, dövlətinin milli maraqlarını qorumaqla yanaşı, həm də öz ölkəsini davamlı şəkildə inkişaf etdirir, yorulmadan irəliyə doğru apara bilir.
Bu mənada Azərbaycan xalqı da çox xoşbəxtdir ki, ölkəmizə uzun müddət dünya siyasətinin fenomeni, bütün həyatını canından artıq sevdiyi doğma xalqına həsr etmiş Heydər Əliyev kimi dahi şəxsiyyət rəhbərlik etmişdir. Xalqımız həm də ona görə xoşbəxtdir ki, ümummilli liderimiz Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi prioritetlər, dövlətçiliyimizin hərtərfli inkişaf konsepsiyası onun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün bunların sayəsində illərdir ki, ölkəmiz intibah və çiçəklənmə dövrünü yaşayır.
2003-cü ilin prezident seçkiləri ərəfəsində ulu öndər Heydər Əliyev sevimli xalqına etdiyi tarixi müraciətində əminliklə demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Müstəqil Azərbaycan dövlətinin qurucusunun bu yüksək etimadı rəhbərlik etdiyi illərdə ölkə həyatının bütün sahələrində özünü inamla, uğurla doğrultdu.
1993-2003-cü illər ulu öndər Heydər Əliyevin gerçəkləşdirdiyi müstəsna xilaskarlıq missiyası ilə Azərbaycan tarixində inkişafın və tərəqqinin bünövrəsinin qoyulduğu dövr kimi tarixin yaddaşına qızıl hərflərlə yazılmışdır. 2003-cü ildən isə ölkəmiz Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi mütərəqqi islahatlarla inkişafın və tərəqqinin yeni mərhələsinə qədəm qoyaraq regional güc mərkəzinə çevrilmiş, dünyada öz layiqli yerini tutmuşdur.
Müxtəlif sahələr üzrə geniş təhlil aparsaq, müşahidə edərik ki, son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi münasibətlərin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Məhz bunun nəticəsidir ki, hazırda ölkədə 50-dən çox siyasi partiya, 3 mindən çox qeyri-hökumət təşkilatı, yüzlərlə kütləvi informasiya vasitəsi fəaliyyət göstərir. Əminliklə söyləmək olar ki, xalq-iqtidar birliyi, hakimiyyətin həyata keçirdiyi siyasətin hamılıqla dəstəklənməsi sayəsində bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik indeksinə görə Azərbaycan dünyada ilk yerlərdə qərarlaşmışdır.
Prezident İlham Əliyevin hakimiyyəti illərində, siyasi sferada olduğu kimi, iqtisadiyyat sahəsində də böyük uğurlar qazanılmışdır. Onun rəhbərliyi ilə son 17 ildə həyata keçirilmiş ardıcıl və məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkədə bazar iqtisadiyyatına keçid prosesinin başa çatdırılması təmin edilmişdir. Bu dövrdə ÜDM-də özəl sektorun payı 80 faizi ötmüş, ölkədə makroiqtisadi sabitlik möhkəmlənmiş, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə MDB məkanında birinci yerə yüksəlmişdir.
Son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, postsovet məkanında keçid dövrünü başa vuran ilk ölkə olmuşdur. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda həyata keçirilən islahatlara yüksək qiymət vermişdir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə isə 26-cı yerdə qərarlaşmışdır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində ciddi tədbirlər həyata keçirilmişdir. Ötən 17 ildə ölkədə 1,9 milyon yeni iş yeri açılmış, maaşlar 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırılmışdır. İşsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5 faizə endirilmişdir.
Azərbaycan bu müddətdə nəqliyyat dəhlizlərində fəal iştirak etməklə, Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülmüş, Bakı-Tbilisi-Qars dəmir yolunun Bakıda rəsmi açılışı olmuşdur. Azərbaycanın Rusiya Federasiyası, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları inşa edilmiş, 2018-ci il sentyabrın 18-də 204 kilometr uzunluğunda yeni Ələt-Astara-İran İslam Respublikası magistral avtomobil yolu istifadəyə verilmişdir.
Mədəni və təsərrüfat infrastrukturuna nəzər salsaq, görərik ki, son 17 ildə bu sahədə ardıcıl olaraq mütərəqqi addımlar atılmışdır. Bu dövrdə 3 min 200-ə yaxın məktəb, 640-dan çox tibb müəssisəsi tikilmiş, yaxud əsaslı təmir edilmişdir. Yüzlərlə tarixi binada, muzey, teatr və kitabxanada geniş yenidənqurma işləri həyata keçirilmiş, ölkənin ali təhsil ocaqları təmir edilərək yeni avadanlıqlarla təchiz olunmuşdur. Xəzər dənizində ən böyük beynəlxalq dəniz-nəqliyyat qovşağı– Ələt Dəniz Ticarət Limanı fəaliyyətə başlamışdır.
Prezident İlham Əliyev Azərbaycanda elm və təhsil sahələrinə də hər zaman böyük diqqət və qayğı ilə yanaşmış, bu qayğının, dövlət dəstəyinin sayəsində bir sıra mühüm layihələr, dövlət proqramları həyata keçirilmişdir. Artıq əminliklə söyləmək olar ki, elm və təhsil Azərbaycanın dövlət siyasətinin prioritet sahələrindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin 9 aprel 2018-ci il tarixində imzaladığı sərəncamla hər il martın 27-i Azərbaycanda “Elm günü” kimi qeyd olunur.
Eyni zamanda vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev ölkəyə rəhbərik etdiyi illərdə gənclərin təhsil, kareyra və inkişaf məsələlərinin həlli istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi xüsusilə önəm daşımışdır. Bu məqsədlə 2005-2021-ci illəri əhatə edən 3 dövlət proqramı təsdiq edilmiş, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində yüzlərlə gənc xarici ölkələrin qabaqcıl tədris ocaqlarında təhsil almağa göndərilmişdir.
Ölkə gənclərinin elm, təhsil, mədəniyyət və digər sahələrə yönəlmiş layihələrin reallaşdırılmasına dəstək məqsədi ilə 2011-ci ildə Gənclər Fondu yaradılmış, 2013-cü ildə gənclər üçün Prezident mükafatı təsis edilmişdir. Dövlət başçısının fərmanı ilə gənclər üçün Prezident mükafatının təsis edilməsi və həmin sənəddə elm və təhsil sahəsinə 2 yerin ayrılması dövlətin bu sahəyə olan diqqətinin bariz nümunəsidir.
Azərbaycan təhsilinin və elminin flaqmanı olan Bakı Dövlət Universiteti də hələ ötən əsrin 70-ci illərindən ulu öndərimiz Heydər Əliyevin, son 17 ildə isə möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Hər iki lider universitetin maddi-texniki bazasının möhkəmləndirilməsindən yeni tədris binalarının tikilməsinə, elmi potensialın gücləndiriməsindən tədris prosesinin innovativ metodlarla təşkilinə, mütəmadi olaraq alim əməyinin dövlət mükafatları ilə qiymətləndirilməsindən, hər bir əməkdaşın sosial rifah halının yaxşılaşdırılmasına qədər saysız-hesabsız işlərdə öz dəstəyini göstərmişlər.
2019-cu ildə 100 illiyini qeyd etmiş Bakı Dövlət Universitetinə verilən ən böyük dəyər isə Prezident İlham Əliyevin qiymətli töhfəsi olmuşdur. Ölkə başçısının 14 noyabr 2017-ci il tarixində imzaladığı sərəncamla universitetin yubileyi ölkə miqyasında, eləcə də xaricdə geniş şəkildə qeyd edilmişdir. Həmin tarixi sənəddə müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yaranan Bakı Dövlət Universitetinin keçdiyi şərəfli yol xüsusi qeyd edilmiş, onun ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların aparılmasında, ümumən milli özünüdərk prosesinin sürətləndirilməsindəki tarixi xidmətləri xüsusi vurğulanmışdır.
Universitet kollektivi ölkə rəhbərinin doğma ocağımıza, elm, təhsil məbədimizə verdiyi bu ali dəyərin müsbət aurası ilə inamla öz fəaliyyətini davam etdirir. Universitetin 100 illik təntənəli yubiley mərasimində cənab Prezidentin proqram xarakterli çıxışı isə hər birimizin qarşısında yeni məqsədlər qoymuş, strateji hədəflərimizi müəyyənləşdirmişdir. Bu gün universitet kollektivi həmin hədəflərə çatmaq üçün əzmlə fəaliyyət göstərir.
Ölkə rəhbərinin gənclər siyasəti Azərbaycanın yeni nəsilləri üçün böyük stimul yaratmış, onların inkişaf, karyera imkanlarını əhəmiyyətli dərəcədə artırmışdır. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” növbəti dövlət proqramının təsdiq edilməsi cəmiyyətimizdə gənclərin təşəbbüskarlığı, onların vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyinin möhkəmlənməsi, maraq dairələrinin genişlənməsi istiqamətində yeni imkanlar yaratmışdır. Ümumiyyətlə, cənab Prezidentin rəhbərliyi ilə aparılan çoxşaxəli islahatlar sayəsində gənclərin bütün sahələrdə fəallığı, bilikli gənclərin idarəetmədə yaxından iştirakı və mühüm vəzifələrə təyinatları ölkəmizdə gənclərə yüksək diqqət və etimadının bariz təzahürüdür.
2020-ci ili Azərbaycanda “Könüllülər ili” elan etməklə ölkə başçısı bu hərəkata böyük önəm və töhfə vermiş oldu. Könüllülük hərəkatının geniş vüsət alması cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarının təbliğində, gənclərin özünüinkişafının təmin olunmasında öz müsbət rolunu oynamaqdadır. Könüllülük bu gün gənclərimiz üçün vətənpərvərlik məktəbinə, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq örnəyinə çevrilmişdir. 2012-ci ildə keçirilən Avroviziya mahnı müsabiqəsinin, 2015-ci ildə baş tutan I Avropa Oyunlarının, 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının və Formula-1 Bakı Qran-Prisinin yüksək peşəkarlıqla təşkil edilməsi və minlərlə xarici vətəndaşın Azərbaycana səfəri ölkəmizin dünyaya tanıdılması istiqamətində atılmış ən uğurlu addımlardandır.
Prezident İlham Əliyevin balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasəti nəticəsində 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilmişdir. 2019-cu ildən 2022-ci ilə qədər Azərbaycan Respublikası BMT-dən sonra ikinci ən böyük beynəlxalq platforma olan Qoşulmama Hərəkatına sədrlik edir.
Ölkəmizin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etməsi tarixi hadisə hesab olunur ki, bu da Azərbaycanla Ermənistan arasında uzunmüddətli münaqişənin həllində xüsusi rol oynamışdır. Bu illər ərzində Azərbaycan bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməklə dünyada etibarlı tərəfdaş olduğunu təsdiqləyərək, sülh və sabitlik məkanı kimi beynəlxalq nüfuz qazandı.
Dünyanı cənginə almış COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan ən ciddi tədbirlər görmüş ölkələr sırasındadır. Koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti ilə səmərəli tədbirlər həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatı bu bəlaya qarşı mübarizədə Azərbaycanın gördüyü tədbirləri dəfələrlə yüksək qiymətləndirmiş, bu sahədə nümunəvi ölkə adlandırmışdır. Dövlət başçısının ilk gündən atdığı addımlar bütün strukturlar və eləcə də vətəndaşlar üçün nümunə olmuş, bu bəla ilə mübarizədə böyük motivasiya yaratmışdır. Azərbaycanda yeni modul tipli 10-a yaxın xəstəxana açılmışdır ki, bu da koronavirusla bağlı mübarizədə mövcud imkanları daha da gücləndirməyə xidmət edir.
Onu da xüsusi qeyd etmək vacibdir ki, Prezident İlham Əliyevin koronavirusla bağlı mübarizə tədbirləri, bu problemin həlli istiqamətində atdığı məqsədyönlü addımlar yalnız ölkəmizi deyil, bütün dünyanı əhatə etməkdədir. 2020-ci il iyul ayının 10-da məhz cənab İlham Əliyevin xüsusi təşəbbüsü ilə keçirilən BMT BA-nın xüsusi sessiyasında koronavirusla mübarizə tədbirləri, bu problemin həlli yolları dünya dövlətləri tərəfindən geniş şəkildə müzakirə edilmiş, koronavirusla mübarizənin daha effektiv, səmərəli hədəfəri müəyyənləşdirilmişdir.
Bu təqdirəlayiq təşəbbüsün məhz Azərbaycan Prezidenti tərəfindən irəli sürülməsi koronovirusla bütün dünyanın apardığı mübarizəyə, bəşəri həmrəyliyə dövlətimizin böyük töhfəsidir. Bu humanist və mütərəqqi təklifin irəli sürülməsi bir daha sübut edir ki, cənab İlham Əliyev yalnız öz ölkəsi və region üçün deyil, bütün dünyanın taleyi üçün narahat olan, bütövlükdə, bəşəriyyətin gələcəyini düşünən və hər bir insanın xoşbəxtliyini arzulayan dünya miqyaslı bir liderdir.
Qələbəyə aparan yol uzun olur və heç zaman bir göz qırpımında zəfər əldə edilmir. Bunun üçün iqtisadi inkişaf, tarixi şərait, geostrateji mühit və lazımi siyasi məqam əsas amillərdir. Prezident İlham Əliyev bütün bu məqamları uzaqgörənliklə müəyyənləşdirdi, ölkəmiz Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymaqla, BMT qətnamələrini təkbaşına icra edərək haqq mübarizəmizi uğurla başa çatdırdı.
Azərbaycanın şanlı tarixinə öz adını qızıl hərflərlə yazan Prezident İlham Əliyevin 17 il ərzində qətiyyətli və düşünülmüş şəkildə yürütdüyü siyasət öz bəhrəsini verdi və bu günlər hamımız mübarək Zəfərin təntənəsini yaşayırıq, bütövlüyümüzün və birliyimizin sevincini bölüşürük. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi. Bununla yanaşı, döyüş meydanında əldə edilən qələbə Ağdam, Kəlbəcər və Laçın rayonlarının şəhid vermədən işğaldan azad edilməsinə şərait yaratmış oldu.
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında qəbul edilmiş üçtərəfli bəyanatla Ermənistan faktiki olaraq kapitulyasiyaya imza atmış, Azərbaycan qarşısında diz çökmüş oldu. Böyük fəxarət və qürur hissi ilə qeyd edirik ki, 44 günlük müharibə ərzində Azərbaycan regionda yeni siyasi reallığın müəllifi kimi bir daha sübut etdi ki, ölkəmizlə heç zaman güc dilində danışmaq, ona hansısa şərtləri diqtə etmək qeyri-mümkündür.
2003-cü ildə ilk dəfə ölkə Prezidenti seçilərkən - “Mən hər bir azərbaycanlının Prezidenti olacağam,” - söyləyən cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə həyata keçirdiyi nəhəng işlərlə bir daha sübut etdi ki, birmənalı olaraq hər bir azərbaycanlının Prezidentidir. Onun müdrik rəhbərliyi ilə görülən işlər ölkəmizin gələcəyinin daha parlaq olacağını tam əminliklə deməyə əsas verir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlətimizə başçılıq etdiyi illər mühüm hadisələr, faktlar və rəqəmlərlə zəngindir. Bu illərin hər biri dövlətçilik tariximizin hər bir azərbaycanlıya qürur hissi yaşadan şanlı səhifələridir. Onları yaddaşımızda vərəqlədikcə ulu öndərimizin “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” kəlamının hər birimizə örnək olduğunu bütün varlığımızla dərk edir və tam səmimiliklə və ən uca səslə deyirik: Həm də ona görə fəxr edirik ki, xalqımızın İlham Əliyev kimi qüdrətli, xarizmatik lideri var.
Əminik ki, Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dünyaya örnək olacaq səviyyədə xalq-iqtidar birliyinə nail olmuş, sülhün və əmin-amanlığın hökm sürdüyü məkana çevrilmiş, iqtisadi göstəricilərinə, vətəndaşlarının rifah halına görə günbəgün qüdrətlənən Azərbaycan dövləti yenicə başa çatmış Vətən müharibəsində qazandığı şanlı Qələbənin ruhu və ovqatı ilə daha da qüdrətlənəcək, parlaq sabahlara, zəfərlərə daha əzmlə, inamla addımlayacaq.
Elçin BABAYEV,
Bakı Dövlət Universitetinin rektoru