Logo

MDU-da “Aprel döyüşləri: Qələbənin ilk cığırı” adlı tədbir keçirilib

02.04.2022 16:37 573 baxış
IMG

Mingəçevir Dövlət Universitetində Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) təşkilatçılığı ilə “Aprel döyüşləri: Qələbənin ilk cığırı” adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, Aprel şəhidlərinə həsr olunmuş tədbirdə şəhid ailəsi üzvləri, qazilər, universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Tədbirə TVİM-in koordinatoru, Vətən müharibəsi şəhidi Əzəmi Hüseynovun həyat yoldaşı Minayə Hüseynova aparıcılıq edib.

Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən MDU-nun rektoru Şahin Bayramov altı il əvvəl Aprel döyüşlərində əldə edilən qalibiyyətin 44 günlük Vətən müharibəsində qazanılan şanlı tarixi Zəfər üçün böyük zəmin yaratdığını qeyd edib.

Erməni təxribatına cavab olaraq aparılan qısamüddətli hərbi əməliyyatlar zamanı düşmənin yüzlərlə canlı qüvvəsinin, xeyli sayda silah və hərbi texnikasının məhv edildiyini, minlərlə hektar ərazinin işğalçı qüvvələrdən təmizləndiyini vurğulayan rektor, Aprel döyüşlərinin dövlətimizin, ordumuzun gücünü və xalqımızın həmrəyliyini nümayiş etdirdiyini bildirib.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və qəhrəman Azərbaycan əsgərinin şücaəti sayəsində torpaqlarımızın erməni işğalından azad olunduğunu və tarixi ədalətin bərpa edildiyini qeyd edən Ş.Bayramov, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib.

Hazırda doğma yurdlarımızın sürətlə dirçəldilməsi, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışla bağlı hazırlıq işlərinin həyata keçirildiyini deyən rektor, bu gün şəhidlərimizin ruhunun şad olduğuna əminliyini ifadə edib.

Aprel döyüşləri zamanı Mingəçevirin dörd şəhid verdiyini diqqətə çatdıran Ş.Bayramov MDU-da qəhrəman şəhdilərimizin tələbə gənclərə tanıdılması və onların göstərdikləri şücaətlərin təbliğ edilməsi istiqamətində görülən işlərdən söhbət açıb və bu istiqamətdə universitetdə yaradılan TVİM-in fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Vətən yolunda yüksək qəhrəmanlıq və fədakarlıq nümunələrini ortaya qoyan bütün şəhidlərin, eləcə də Aprel şəhidlərinin əziz xatirəsinin daim böyük hörmətlə anılacağını qeyd edən rektor, xalqa və dövlətə layiq vətənpərvər övladlar yetişdirən valideynlərə dərin ehtiramını bildirib, tədbirdə iştirak etdiklərinə görə şəhid ailəsi üzvlərinə və qazilərə təşəkkür edib.

Tədbirdə Aprel döyüşləri zamanı şəhid olan Rahim Tağıyev, Adil Adilzadə, Teymur Qasımov və Rüstəm Əhmədovun ailə üzvləri iştirak ediblər.

Xəbər lenti