22-23 dekabr tarixlərində ADA Universitetinin Aİ məsələləri üzrə Bilik Mərkəzi “GCRF-COMPASS” layihəsi çərçivəsində onlayn seminar təşkil edib. “Qarabağ münaqişəsi və regional güc tarazlığına təsirləri” mövzusunda keçirilən seminar Qarabağ münaqişəsinin regiona təsirinə və 44 günlük müharibədən sonra regiondakı geosiyasi dəyişikliyin müzakirəsinə həsr olunub.
Seminarın ilk günü ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və İngiltərənin Kent Universitetinin professoru Yelena Korosteleva, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev və ABŞ-ın Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Birgə Araşdırmaları Proqramı Mərkəzininin nümayəndəsi Svante Kornel çıxış ediblər. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzə və Türkiyənin Orta Şərq Texniki Universitetinin professoru Ayça Ərgün da çıxışçılar arasında yer alıblar. Seminarda Qərb dövlətlərinin, Türkiyə və Rusiyanın Cənubi Qafqaz üzrə strategiyaları müzakirə edilib.
Tədbirin moderatoru prorektor Fariz İsmayılzadə ADA, Kent və Kembric Universitetlərinin birgə tərəfdaşlığı çərçivəsində keçirilən seminarın bölgə üzrə builki yenilikləri analiz etmək üçün yerli və xarici mütəxəssisləri bir araya gətirdiyini bildirib.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzə Cənubi Qafqaz bölgəsinin ABŞ-ın yeni administrasiyasının siyasi gündəmində vacib yer tutacağına ümidvar olduğunu bildirib.
Seminarın ikinci günü yerli və xarici ekspertlər Qarabağ müharibəsinin regiona siyasi təsirlərini müzakirə ediblər. ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Anar Vəliyev, Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Birgə Araşdırmaları Proqramı Mərkəzininin baş elmi işçisi Mamuka Tseretelli, ABŞ-ın Hudson İnstitutunun baş tədqiqatçısı Maykl Doran, Pakistanın Müdafiə jurnalının Geosiyasət və İqtisadiyyat bölməsinin direktoru Mehmud əl-Həsən Xan və ABŞ-ın İrs Fondu yanında Xarici Siyasət Araşdırmaları üzrə Allison Mərkəzinin direktoru Lyuk Koffi mövzu ilə bağlı çıxış ediblər.
Hudson İnstitutunun baş tədqiqatçısı Maykl Doran Qarabağ münaqişəsinin həllinin bölgənin tarixi dəyişim prosesində mühüm mərhələ olduğunu qeyd edib.
İrs Fondunun Allison Mərkəzinin direktoru Lyuk Koffi deyib ki, ABŞ-ın Gəncə şəhərində Baş Konsulluğunun açılması ABŞ-Azərbaycan əməkdaşlığının inkişafı üçün əsas yollardan biri ola bilər.
Onlayn tədbirə beyin mərkəzlərini, universitetləri və müxtəlif qurumları təmsil edən 100-dən çox yerli və xarici iştirakçı qoşulub.