Aprelin 4-də 12 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vakant vəzifələrin tutulması üzrə ümumi müsahibə elanı verilib.
Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları daxil olmaqla elana çıxarılan vəzifələrin 16-sı dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 30-u B növü vəzifələrə (inzibati icraçı) aiddir.
Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi, hərbi, diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında daxil edilən və hazırda ehtiyat kadrlar siyahısında olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 4 aprel 2022-ci il tarixindən 4 may 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Qeyd edək ki, ümumi müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifələr Ekologiya və Təbii Sərvətlər Nazirliyi (25 vəzifə) tərəfindən təqdim olunub.
Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət şöbəsinin müdir müavini və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini vəzifələridir.
Ümumilikdə, ümumi müsahibəyə çıxarılmış 46 vakant vəzifənin 4-ü inzibati vəzifələrin dördüncü təsnifatına, 23-ü beşinci təsnifatına, 11-i altıncı təsnifatına, 8-i yeddinci təsnifatına aiddir.