Logo

BDU-nun TGT sədri ATGTİ-nin sədr müavini seçilib

24.12.2020 13:40 693 baxış
IMG

23 dekabr 2020-ci il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) V Hesabat-Seçki Konfransı keçirilib. Konfransda Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Prezident Adminstarsiyası və Gənclər Fondunun nümayəndələri, Universitet rektorları, rəsmi qonaqlar və tələbələr iştirak ediblər.

 

Tədbirdə ATGTİ-nin sədri vəzifəsini icra edən Faiq Məmmədov hesabat çıxışını təqdim edib.

 

Daha sonra Gənclər və İdman nazirinin müavini İntiqam Babayev gənclərin uğurlu fəaliyyətindən bəhs edərək təşkilatın hər zaman uğurlu layihələrə imza atdığını, nailiyyətlər əldə etdiyini vurğulayıb.

 

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ölkə Prezidenti İlham Əliyevin gənclər siyasətindən bəhs edərək tələbə-gənclərin Vətən Müharibəsi dövründə informasiya müharibəsi cəbhəsində göstərdikləri fəallıqdan söz açıb. Azərbaycanın bütün sahələrdə inkişafı, aparılan uğurlu gənclər siyasətindən bəhs edən rektor Bakı Dövlət Universitetinin ölkənin kadr ehtiyatını təmin etməkdə mühüm rol oynadığını bildirib. Ölkəmizdə gənclər siyasətinə və könüllülük hərəkatına böyük önəm verildiyini vurğulayıb, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi, könüllülük fəaliyyətində bacarıqların üzə çıxarılması, dövlətimiz tərəfindən tələbələrə göstərilən diqqət və qayğıdan söz açıb.

 

İclas Təhsil nazirinin müavini Firidun Qurbanov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, millət vəkili Şahin İsmayılov və digər qonaqların çıxışları ilə davam edib. Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğal altında olan torpaqlarımızı işğaldan azad etməsi münasibətilə təbrik nitqləri səsləndirilib, zəfəri Azərbaycan xalqına yaşatdığına görə Azərbaycanın rəşadətli ordusu və müzəffər Prezidentə təşəkkür edilib, eləcə də Vətən müharibəsi dövründə Azərbaycan gəncliyinin, o cümlədən tələbələrin həm ön, həm də arxa cəbhədə fəaliyyəti yüksək qiymətləndirilib. ATGTİ-nin gələcək fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

 

Hesabat-Seçki Konfransı zamanı İttifaqa 2020/2022-ci illər üçün sədr, sədr müavini və İdarə Heyəti üzvlüyünə keçirilmiş seçkilərin nəticələri elan edilib. BDU-nun Tələbə Gənclər Təşkilatının sədri Nicat İsmayılov ATGTİ-nin sədr müavini vəzifəsinə seçilib.

Xəbər lenti