Aprelin 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 5 dini icma rəhbərinə qeydiyyatdan keçmək haqqında şəhadətnamələr təqdim olunub.
Tehsil.biz xəbər verir ki, tədbir iştirakçılarına Ramazan ayının başlaması münasibətilə təbriklərini çatdıran DQİDK sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasəti bu gün onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən qətiyyətlə, böyük uzaqgörənliklə və uğurla davam etdirilir. Dövlət ibadət yerlərini təmir və bərpa edir, dini icmalara xüsusi diqqət və qayğı göstərir. Ölkəmiz bütün sahələrdə qazandığı uğurlarla yanaşı, nümunəvi tolerant mühiti ilə də dünyanın diqqət mərkəzindədir.
Şəhadətnamələri təqdim edən Səyyad Salahlı milli-mənəvi, tolerantlıq dəyərlərimizi daha geniş şəkildə ictimaiyyətə çatdırmağın, maarifləndirmə işini yerlərdə təkmilləşdirməyin önəminə toxunub. Eyni zamanda, dini icma sədrlərinə insanpərvərlik prinsipləri ilə ziddiyyət təşkil edən zərərli fikirlərin, hərəkətlərin qarşısını almaq, rəhbərlik etdikləri icmaların radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmək, ümummilli maraqlardan çıxış etmək tövsiyə olunub.
Tədbirdə çıxış edən icma rəhbərləri qeydiyyat zamanı DQİDK-da müvafiq sənədlərin hazırlıq prosesindəki işgüzar münasibəti xüsusi vurğulayaraq Prezident İlham Əliyevə Azərbaycanda milli, dini dəyərlərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Dövlət Komitəsi tərəfindən dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan indiyədək 980 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 943-ü İslam, 37-i isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.