Logo

Sözün və təbiətin rəngli boyası

04.04.2022 23:11 730 baxış
IMG

Öyrəndim ki, Qubada xalq arasında Atəşkaş adlanan müqəddəs ziyarətgah var. Burada yerin altından təbii od çıxır. Ayağımızı torpağa basdıqca, sanki bu odun istisini hiss edirdik: tükənməz enerjini bədənə çəkirdik, canımıza can gəlirdi. Göydə isə şüası bütün canlılar üçün məlhəm olan günəş al - əlvan şəfəqlərini yer üzünə səpələyirdi: açıq səmanın nurlu ulduzu səxavətini əsirgəmirdi. Yaşıl otlar gələn qonaqlara sarı boylanır, günəşin şəfəqləri altında süslənən güllərin xoş ətri ciyərlərimizə dolurdu. Hər addımbaşında əzilən yabanı çobanyastığının ətri isə gecəni yatmayıb səfəri səbirsizliklə gözləyən tələbələrin yuxusuzluğuna ən təbii dərman idi. El arasında ikinci bülbül adlanan qara rəngli, sarı dimdikli quşlar ağacların budaqlarında və çəmənlikdə qonaqların gəlişini öz şərqisi ilə salamlayırdı.

Göydə müqəddəs günəşin, yerdə isə müqəddəs Atəşkaş ziyarətgahının yanar oduna ürəklər isinir, qəlblər qızınırdı. Göylə - yerin tən ortasında isə Tanrının işıq və aydınlıq payını əməllərində, qəlblərində daşıyan və yaşadan müəllimlərimiz dayanırdı. 

Bir vaxtlar məşhur fransız yazıçısı Aleksandr Düma Azərbaycana səyahət edir. Yolu Qubadan düşür.  Qubalılar onu qaladıqları tonqal ətrafına dəvət edir. Dümanı kababa qonaq edib, hər cür qulluq göstərirlər. Bu səfərimizdə isə dəyərli müəllimimiz  Zaur Babayev Düma kimi istirahət etmədi, əksinə manqal başına özü keçdi, zəhmətimizi də elə özü çəkdi. 

Bəzən tələbənin kollektivdən uzaqlaşdığını hiss edən qayğıkeş müəlliməmiz Gülnarə Sadıqovanın ana ürəyi təlatümlü dənizi xatırladırdı. Dərsdə ciddi gördüyümüz Gülnarə müəlliməni qeyri - rəsmi şəkildə görmək isə biz tələbələrə olduqca maraqlı gəlirdi. Görüləcək işləri tələbələrlə birlikdə görür. Hətta yeri gəldikdə dərsə aid suallarımızı da cavabsız qoymurdu. 

Tələbə üzərində statusunu hiss etdirəcək ciddiliyə malik olan Samir müəllimin və Ramin müəllimin yüksək səmimiyyəti, müəllim - tələbə dostluğu isə bu səfərdə sadəcə möhtəşəm idi. Hətta gün ərzində müxtəlif idman növlərində özümüzü sınadıq. Jurnalistikamızın peşakar müəllimlərinin idmanda da peşakar olduqlarını əyani şəkildə görmüş olduq.

Auditoriyanı idarə etmək kimi ciddi, məsuliyyətli bir prosesin öhdəsindən hər zaman əsl pedaqoq kimi gəlməyi bacaran əziz və dəyərli müəllimlərimiz: Zaur Babayev, Gülnarə Sadıqova, Samir Xalidoglu, Ramin Rzayev bu səfər zamanı tələbələrin ikinci özü - dostu oldular. 

Əbədi səadət rəmzi olub, xalını xatırladan yaşıl çəmən üzərində xatirə şəklimiz isə səadətin və sədaqətin əbədi rəsminə çevrildi...

Əsgər İsmayılov,

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti