Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinin aralıq imtahanları, təqdimat və sərbəst işlər üzrə qiymətləndirmənin ilkin nəticələri onu göstərir ki, ADNSU-nun bakalavr və magistrləri tədrisə münasibəti bu səviyyədə saxlaya bilərlərsə, onda 98% tələbəmiz 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını müvəffəqiyyətlə başa vuracaqlar.
Tehsil.biz xəbər verir ki, bu barədə açıqlamanı ADNSU-nun rektoru, professor Mustafa Babanlı verib.
“Bakalavrların 79,71%-i aralıq imtahanlarından 20-30 bal, 16,37%-i 10-20 bal toplayıb. Təqdimat və sərbəst işlər üzrə isə bakalavrların 85,1%-i 15-20 bal, 14,59%-i isə 10-15 bal (10-20 arasında bal toplayanların ümumi sayı bakalavrların 99,69%-ni təşkil edir) toplayıb. Magistratura pilləsində təhsil alan tələbələrin göstəriciləri məntiqi olaraq daha yüksək olub. Magistrlərin 99,69%-i aralıq imtahanlarından 20-30 bal, təqdimat və sərbəst işlərdən isə 98,94%-i 15-20 bal, 0,95%-i – 10-15 bal toplayıb. Hesablamalar göstərir ki, ADNSU tələbələrinin 98%-i qarşıdan gələm imtahan sessiyasını uğurla başa vuracaq. Bir şərtlə ki, tələbələr indiyəqədərki templə və səylə təhsillərini davam etdirsinlər”, - deyə rektor M.Babanlı bildirib və 16000 tələbəsi olan universitet üçün bunun mühüm nailiyyət olduğunu vurğulayıb.
Rektor M.Babanlı ADNSU tələbələrinin aralıq imtahanları, təqdimat və sərbəst işlər üzrə yüksək nəticələrini onların dərslərə davamiyyəti, çalışqanlığı ilə əlaqələndirib. O cari tədris ilində hərbi vəziyyətlə əlaqədar yaranmış iki həftəlik fasilə istisna olmaqla tələbələrin dərslərdə iştirak faizinin 95%-in üzərində olduğunu qeyd edib və ADNSU tələbələrinə təhsilə məsuliyyətlə yanaşdıqlarına görə təşəkkürünü bildirib.
Tələbələrin aralıq imtahanları, təqdimat və sərbəst işlər üzrə yüksək göstəricilərinin ADNSU-nun karantin şəraitində təhsil və güzəşt kimi kateqoriyaların optimal nisbətini tapmasının təzahürü kimi dəyərləndirən rektor M.Babanlı balların yüksək olmasında tələbələr üçün güzəştlərin də payının olduğunu qeyd edib.
“Aralıq imtahanları payız semestrində keçilməli olan 10 həftəlik tədris proqramı üzrə deyil, tələbələrə real olaraq 5 həftə ərzində keçirilmiş mövzular üzrə baş tutub. Eyni zamanda, tələbələrin verdikləri təqdimatlara (sərbəst işlərə) tələblər də əvvəlki illərdə qoyulan tələblərlə müqayisədə əhəmiyyətli dərəcədə yumşaldılıb”, - deyə rektor bildirib.
Rektor M.Babanlı ADNSU tələbələrinin 85%-nin 35+ balla imtahana girəcəklərini, imtahan suallarının yalnız tədris olunmuş mövzular üzərində tərtib olunacağını və çətinliyi artırılmış təqdimat suallarının imtahan sualı qismində təqdim olunmayacağını vurğulayıb və əlavə edib ki, 2 fəndən kəsiri olan tələbələrin 25% ödəniş etmədən təkrar imtahan verməsinə şərait yaradılacaq. O ADNSU-da imtahanlara yanvarın 11-də start veriləcəyini, bundan əvvəl yanvarın 7-də isə onlayn açıq mikrofon vasitəsilə tələbələrlə görüşəcəyini, aralıq imtahanlanların yekun nəticələrinin bir daha tələbələrin diqqətinə çatdırılacağını, onların ortaya çıxa biləcək suallarının ətraflı cavablandırılacağını qeyd edib.