Logo

Mirzə Ələkbər Sabir Fondu BDU tələbələrinin Qarabağ müharibəsi və Aprel döyüşü qaziləri ilə görüşünü təşkil edib

05.04.2022 16:44 382 baxış
IMG

Mirzə Ələkbər Sabir Fondunun təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qrupu tələbələrinin Qarabağ müharibəsi və Aprel döyüşü qazilərinin görüşü keçirilib.

BDU-da keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli 2016-cı ilin Aprel döyüşləri haqqında danışıb. O deyib: “Cəmi 4 gün çəkən bu vətən savaşı nəticə etibarilə noyabr Zəfərimizin ilk qığılcımı, qələbəyə aparan yolda ilk addım idi. Həmin günlərdə, eləcə də sonrakı tarixi Qələbəmizdəki sevinci xalqımıza yaşadan şəhidlərimizin xatirəsini ehtiramla anırıq, döyüşçülərimizlə qürur duyuruq”.

Mərasimdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifova, I Qarabağ, Aprel döyüşləri, Vətən müharibəsi iştirakçıları və qaziləri - əməliyyat qrupunun komandiri Ramiz Məmmədzadə, cəsur döyüşçümüz İbrahim Həsənov, polkovnik-leytenantlar İntiqam Məhərrəmov, Nihad Abdullayev, Akif Rəhimov, əməliyyat birliyinin kəşfiyyatçısı Vidadi Əliyev, XTQ-nin ehtiyatda olan hərbi qulluqçuları Natiq Mehdiyev və Elməddin Novruzov döyüş yolları haqqında danışıb, müharibə xatirələrini bölüşüblər.
Həmçinin tədbirdə yazıçı Varis Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyatından və Xocalı qətliamından bəhs edən “Qırmızı ləçəklər” kitabını, araşdırmaçı-jurnalist Aida Eyvazlı Göytürk isə Aprel döyüşlərinin qəhrəmanları haqqında ərsəyə gətirdiyi ikicildlik “Qalibiyyət: şahidlər və şəhidlər” kitablarını ən yaxşı nəticə əldə edən tələbələrə hədiyyə etdikərini bildiriblər.

“SABAH” qrupu tarix müəllimliyi ixtisaslaşmasının IV kurs tələbəsi Fizzə Məmmədovanın “Şəhidim, sənə söz verirəm...” şeiri və Azərbaycanın ərazi bütövlüyümüz uğrunda mübarizə aparan döyüşçülərimiz haqqında yazdığı şeri alqışla qarşılanıb.

Sonda “SABAH” qrupu hüquqşünaslıq ixtisasının II kurs tələbəsi Bağırzadə Zübeyrın ifa etdiyi “Cənab leytenant” mahnısına bütün tədbir iştirakçıları qoşulub.

Qeyd edək ki, Aprel döyüşlərinə həsr olunan bu görüş Mirzə Ələkbər Sabir Fondunun Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Müharibə veteranlarına və onların ailə üzvlərinə psixoloji yardımların təşkili” layihəsi çərçivəsində baş tutub. Layihənin məqsədi müharibənin doğurduğu psixoloji problemlərin nəticələrini aradan qaldırmaqla müharibə iştirakçılarının və onların ailə üzvlərinin sosial adaptasiyasına yardım etməkdir.

Xəbər lenti