Xəbər verdiyimiz ki, 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova evində təşkil etdiyi doğum günü məclisi ilə karantin qaydalarını kobud şəkildə pozub.
Nailə Məmmədova fərdi yaşayış evində təşkil etdiyi məclisə onlarla şəxsi dəvət edib. Direktor həmçinin məclisə müğənni də çağırıb. Nailə Məmmədovanın evində baş tutan məclisdən çəkilən videogörüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bu barədə təhsil eksperti Elçin Əfəndi Tehsil.biz-ə açıqlamasında direktora haqq qazandırmadığını bildirib:
"Baş vermiş situasiya ilə bağlı onu deyə bilərəm ki, hər bir rəhbər işçi istər onun kollektivi üçün, istər həmin müəssisədə çalışan digər əməkdaşlar üçün örnək olmalıdır. Əgər bir şəxs bu barədə hər hansısa səhvə yol verirsə, müəyyən qurumlar tərəfindən layiqincə cəzalandırılmalıdır".
Elçin Əfəndi direktorun yol vermiş olduğu xətaya görə ona haqq qazandırmadığını, xüsusilə də şəhid və şəhid ailələrinə qarşı edilmiş sayqısızlığa görə sözügedən direktoru şiddətlə qınadığını vurğulayıb:
"Qarşıda 2802 ailəni "qara bayram" gözləyir. Bu dönəmdə bayram qeyd etmək, sevinmək, hər hansısa bir məclis təşkil etmək qətiyyən olmaz. Xüsusilə təhsil sahəsində buna daha diqqətlə yanaşmalı, həm şəhidlərimizi unutmamalı, həm də dövlət qanunlarını pozmamalıdırlar. Əsasən, cəmiyyətin bu həssas dönəmdə olmasını düşünərək atılan addımlara diqqətlə yanaşmalıyıq".
Qeyd edək ki, 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova bilərək etdiyi məsuliyyətsizliyə görə, 3000 manat cərimə edilməsi ilə yanaşı, Təhsil Nazirliyi tərəfindən də şiddətli töhmətlə cəzalandırılmışdır.