Jurnalistika fakültəsinin dekanı “Müasir dövrdə informasiya müharibəsi problemləri və onun təsiri” adlı vebinarda çıxış edib.
Ölkəmiz haqqında informasiyanı dünyaya çatdırmaq, gənc nəslin düşmənə qarşı məlum informasiya müharibəsindəki aktivliyini düzgün istiqamətləndirmək məqsədilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri üçün “Müasir dövrdə informasiya müharibəsi problemləri və onun təsiri” adlı vebinar keçirilib.
Vebinarda Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev "Müasir dövrdə media manipulyasiya və informasiya müharibəsi" və "Media məkanımıza müdaxilədə başlıca hədəflər" mövzularında məruzə ilə çıxış edərək informasiya müharibəsində gənclərin sosial şəbəkələrdə aktiv fəaliyyəti ilə bağlı tövsiyələrini verib. V.Əliyev 44 günlük Vətən müharibəsi zamanı KİV-in fəaliyyətindən, beynəlxalq mediadan, Ali Baş Komandan İlham Əliyevin beynəlxalq media nümayəndələrinə verdiyi uğurlu müsahibələri və xalqa müraciətləri zamanı qətiyyətli, əhəmiyyətli çıxışlarından nümunələr gətirərək informasiya müharibəsinin önəminə diqqət çəkib.
Vebinarda həmçinin Azərbaycan Respublikasının Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, İctimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova, BMA-nın elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Leyla Həmzəyeva Azərbaycan Respublikasının Xarici işlər Nazirliyi nəzdində fəaliyyət göstərən "Diplomatiya könüllüləri" qrupunun rəhbəri Nigar Eyvazzadə və Akademiyanın professor-müəllim heyətinin çıxışları dinlənilib.
Tədbir tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb.