Logo

Uşaqların təhsilini onlara etibar etmək olarmı?!

24.12.2020 19:05 1536 baxış
IMG

Son günlərin əsas müzakirə mövzusundan birinə çevrilən məktəb direktorunun dəbdəbəli ad günü məsələsi diqqəti yenidən təhsil sisteminə, orta məktəblərdəki vəziyyətə yönəldib. Ümumiyyətlə, zaman-zaman məktəb direktorları öz peşə fəaliyyətlərinə uyğun olmayan hərəkətləri ilə gündəmə gəlməsi cəmiyyət tərəfindən böyük narazılıqlarla qarşılanır. Çünki bu elə bir sahədir ki, bütün xalqın, əhalinin maraq dairəsindədir. Hər kəs istəyir ki, övladının təhsil aldığı müəssisəyə nümunəvi adamlar rəhbərlik etsin.

 

Cəmiyyətin bu məsələyə ciddi həssaslıqla yanaşmasına baxmayaraq, məktəb direktorları barədə vaxtaşırı bir-birindən əcaib məlumatlar yayılmaqda davam edir.

 

Diqqətli oxucunun yadındadırsa, bir neçə il əvvəl Binəqədi qəsəbəsi 179 saylı orta məktəbin direktorunun silahlı fotosu sosial şəbəkələri bəzəmişdi, saytların manşetinə çıxmışdı. Sonra məlum oldu ki, o, cəzalandırılmaq əvəzinə daha yaxşı məktəbə eyni vəzifəyə transfer olunub.

 

Bir qədər sonra başqa bir direktor gündəmə gəldi.

 

Bakıdakı 162 saylı orta məktəbdə intihar etmiş məktəbli Elina Hacıyevanın ölümü ilə bağlı həmin məktəbin keçmiş direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edildi. Məktəblinin intiharından sonra təhsil naziri Ceyhun Bayramovun əmri ilə məktəbin direktoru, müavini və psixoloq işdən çıxarıldı.

 

Abşeron rayonu, Ceyranbatan qəsəbəsindəki 1 saylı orta məktəbinin direktoru Çinarə Atayeva isə pandemiya dövrüdə ehtiyatda olan kəşfiyyatçı Zaur Şirinovu kiçik xidmətedici vəzifəsindən azad etməsi və sosial şəbəkələrdə müxtəlif fotoları, videoları ilə gündəm olub. Prezident və İqtisadiyyat Nazirliyi pandemiya dövründə heç kimin işdən çıxarılmaması ilə bağlı tapşırıq versə də, Ç.Atayeva Z.Şirinovun işdən uzaqlaşdırılması barədə əmr imzalayıb. Müxtəlif instansiyalara dəfələrlə müraciətlərin edilməsinə baxmayaraq, hələ də döyüşçünün pozulmuş hüquqları bərpa olunmur... Əksinə, direktorun bu səpkidən olan əməlləri daha da artır. O, hətta bu məsələləri işıqlandıran media qurumlarını məhkəmə ilə hədələyir.

 

Sadaladığımız şəxslər bu qəbildən olan direktorların çox az qismidir. Bəs bu direktorlar haradan tapılır? Necə olur ki, onlar çox vaxt layiqli cəza almaqdan xilas olurlar? Bu sahəni nizama salmaq üçün niyə ciddi addımlar atılmır?

 

 

Tehsil.biz xəbər verir ki, mövzu ilə bağlı “BakuPost”a danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirdi ki, hazırda məktəb direktorlarının seçimi, təyinatı və hazırlığı haqqında bir çox problemlər göz qabağındadır:

 

 

“Mövcud direktorlar arasında sadəcə 3 aylıq hazırlığa, 6 aylıq təlimə və imtahanlara tabe tutularaq vəzifəyə gətirilənlər var. İmtahan əsasında təyin olunan direktorlar yaxşı və ədalətlə seçilmiş direktorlar siyahısında yer alır. Yəni onlar öz bilik və bacarıqları əsasında imtahana girmiş, Təhsil Nazirliyinə müraciət edərək təyin olunmuş direktorlardır. Həmin direktorların fəaliyyətinin daha müasir, qabaqcıl və normal olduğunu deyə bilərik. Təhsil Nazirliyi tərəfindən də müxtəlif tədbirlərdə bildirilib ki, ölkədə direktor ehtiyacı var, lakin tələb olunan keyfiyyətlərə cavab verən namizəd yoxdur. Bu o deməkdir ki, ya namizədlər müraciət etmir, ya müraciət sayı azdır, ya da müraciət edənlər nazirliyin tələblərinə cavab vermir. Bunun da nəticəsində bu gün bu problemlər yaşanır. Direktorlar var ki, 15-20 ildir bu vəzifədədirlər. Həmin direktorlar üçün əsaslı bir səbəb lazımdır ki, hər hansı bir formada onların yerini başqa bir yeni namizəd əvəz edə. Amma onlar məktəbdə elə bir hegemoniya, sistem qurublar ki, orada nələrisə dəyişmək müəyyən qədər zaman alır və çətin olur”.

 

Ekspert əlavə etdi ki, uzun müddətli fəaliyyət göstərən direktorların təyinatı da sual altındadır:

 

“Bu gün bu qəbildən olan direktorların yoxlanılmasına, müəllimlərdən anonim şəkildə anket alınmasına ehtiyac var. Əlbəttə hamısını deyil, bir qismini yaxından nəzarətə götürdükdə, monitorinq apardıqda müəyyən problemlərlə qarşılaşacaqlarının şahidi ola bilərik. Bu problemlərlə ciddi şəkildə məşğul olunsa, onların bəzilərinin işlərini itirmələri üçün ciddi səbəblər tapılacaq və nəticədə fəaliyyətlərinə xitam veriləcək. Bir məsələ də ondan ibarətdir ki, nazirliyin tələbləri müqabilində məktəb direktoruna verilən maaşla qane olanların sayı azdır. Yaxşı direktorların yerdəyişməsi də gözəl təşəbbüs olardı ki, digər məktəbləri də abadlaşdırardılar. Həmçinin, yeni direktorların təyinatı necə həssaslıqla seçilirsə, eynilə mövcud direktorlar da məlum təlimlərə tabe tutulmalıdır. Monitorinqlə bağlı müəyyən islahatlar aparılmalıdı. Əks halda onların indiki vəzifələrini daşımağa davam etməkləri qaçılmaz olacaq. Təhsil sistemində kifayət qədər problemli direktorlar var. Bu tip direktorların davranışları yalnız Təhsil Nazirliyi tərəfindən deyil, ümumiyyətlə, hüquqi normalar çərçivəsində diqqətə alınmalı və tədbirlər görülməlidir. Son qalmaqallı direktor ətrafına öz iş yoldaşlarını topladığı üçün nazirlik gərəkli tənbehi, xəbərdarlığı verdi. Amma bu işin həlli ciddi monitorinqdir. Direktor barəsində müəllimlərin gizli şəkildə fikirləri alınmalı, anonim sorğular aparılmalıdır. Problemdən çıxış yolu yalnız bundadır. Həm də yeni təyin olunan direktorların əməkhaqqları da artırılmalıdır. Köhnə direktorlar isə vəzifələrini icra edə bilmirsə, o zaman ən azından onları bu sahədən ayırıb fəaliyyəti müəllim kimi tənzimlənməlidir”.

Xəbər lenti